Qotur eşşəklərə yaylaq olan məmləkətim!
Neftimiz var, qazımız var, qızılımız var, kürümüz var, dənizimiz, meşələrimiz, dağlarımız…var, həm də bizim erməni adlı düşmənimizdən başqa heç nəyimiz yoxdur. Oda kasıb-kusubun düşmənidi, varlı ermənini öpüb gözünün üstdə saxlayır. Erməni «haxçığı» vəzifə kimliyi kimi bir şeydir. Sovet dövrü bir aforizm vardı: «Azərbaycanda vəzifə tutmaq üçün, ya gərək erməni olasan, ya da gərək erməni alasan». Düzü yazıq Sovet hökuməti yıxıldı, yıxılmağına, amma Haykanuş yıxılmadı ki, yıxılmadı…
Düzü hərdən təmiz ermənilərin bu şurduvazlardan qorxunc olmadığını düşünəndə pəksinirəm. Dövlətin strateji qollarına sızmış bu adamlar var olduqca biz məğlub olmağa məhkumuq. Qarabağın açarı, nə Moskvada, nə də İrəvandadır. Qarabağın açarının saxlanc yeri bu adamcıqlardır, Qarabağın azad edilməsi məmləkətin bu cür xəyanətkarlardan təmizlənməsindən keçir. Bu iş kiminsə vecinə də deyil. Ver Allahım, ver!
Sayımız artdıqca sambalımızın zayı çıxdı. Bu gün sambalsız sayımızın bircə strateji nəfi var ki, adambaşına düşən borcun az da olsa miqdarını azaldır. Qeyrəti kasad olan dədəciklərimizin dediyi o- «işləri aşanadək erməniyə dayı deyənlər» gözümüzə girirlər. Can qorxusuna və muzd hesabına satdığımız məmləkətin gələcəyini balamızın qarnını doyurmaq adıyla bazara çıxarmışıq. Bazar olsun və o qanmaz canınıza da azar olsun!
Deputat Rüfət Quliyev deyib ki, “Tixacla fəxr etmək lazımdır. Çünki bu o deməkdir ki, Azərbaycan xalqının maşın almağa imkanı var”. Bərəkallah!
Bizim çox möhtərəm deputatın deməyindən belə çıxır ki, şəhərin kanalizasiyaları ona görə tutulur ki, xalqımız çox yemək yeyir?
Belə məntiqli deputatı olan xalq basılmaz! Mən bizim məmurların analoqsuz deyimlərini toplayıram ki, 100 il bizdən sonra gələcək (əgər bu soxhasoxdan sonra, gələ bilsələr !!!) nəsillərimizə, lap elə gələcək «yetimçələrimizə» ərməğan edəm. Çünki 100 il öncəki biqeyrətlərimizin dediklərini də toplamışdım. Baxdım ki, biz qabağa deyil, xeyli geri getmişik. Biz dəyişib eləyən deyilik, deyirəm bəlkə, heç olmasa paltarlarımızı dal-qabaq geyinək?
İşimiz «Allaha qalıb»- deyənlərin çoxu ac qonşusundan oğurladığı 4-5 min dollarla gedib şeytanına daş atıb gələnlərdir. Amma Allahın işi-gücü qurtarıb ki, yerlə — göylə əlləşən millətləri qoyub, qarnı uğrunda çarpışan bir millətlə uğraşsın?
Biz heç dəyişmədik. Öz dədələrimizə oxşadıq. Dədəmiz sağ ikən cibindən pul oğurlayırdıq, öləndə də gorunu qazıb məzarında qızıl axtarırıq. Tarixin istehzasına bax. Dədəmizi gorbagor edə-edə məmləkətin sərhədlərini satdıq. Doymadıq. Özü də deputat Elman Nəsirov demişkən, «günəş üzünə həsrət qalan ermənilərin» qabağından günəşə baxa-baxa qaçmaqdayıq. Hərçənd ki, Şuşada Mkrtç kirvə bizim Gövhərağa məscidində inək saxlayır, amma deyəsən o inəklərə nəzarət bizim Bayram Səfərovdadır. Hələ qocalmış erməni inəkləri növcavan nazirimiz Sahil Babayevin ermənilərə xüsusi diqqəti, qayğısı, mərhəməti və s. sayəsində Bərdə bazarlarından baha qiymətə alınıb sosial proqram kimi bizlərə sırındığını demirəm. Bildirim ki, bu kadr gəncləşməsi nəticəsində inəklərin qocalması boş bir şeydir. İnəklərin erməni inəyi olması da bir üstünlükdür, avantajdır. Çünki «30 minlik Haykanuş-gəlin eskodreliyası» millətin inanc-iman yerinə çevrilib. Kimi qurdalayırsan ondandı. Varlı deyilsiniz ki, erməni məşuqəniz olsun, qoy barı siz kasıbların da inəyi erməni olsun. Bircə nüansı deyim ki, bu nazirin «istedadı» sayəsində Sosial dövlətin sosial proqramı, belə getsə tezliklə «SOSİ—AL» proqramına çevriləcək. Çünki verilən qoca inəklər yalnız sosiskaya yarayır. Yəni, malınız batınca «SOSİ (Sosiska) — AL». Qoy bu deviz də məndən olsun!
Hələ mən himnimizə dözməyib «zəlzələ ilinin biçin ayında dünyaya gəlmiş» və Seçim ayında deputat seçilmiş Tahir Kərimli müəllimin və qeyri ağası gülüm olanların şedevrlərini yazmaqdan yoruldum. Gerilərini siz yazın…
Bu ara milyonları oğurlayanlar elə bilirdilər ki, özlərinə «qala» qurublar. İndi onlar da Londonda qarın ağrısı çəkirlər. Bilirsinizmi Ayı niyə əzgilə yaxın durmur? Çaqqal isə tamahını basa bilmədiyinə görə «vay qarnım»-deyə vaqqıldayar. Nə isə…
Belə boş-boş fikirlər başımızı qatdıqca ömür əldən gedir. Zaliminsə tətili yox, «şənbəsi, bazarı» yox. Gecəli-gündüzlü düşünürlər ki, daha bu xalqa nə pislik etmək olar? Qiyməti qaldırdılar, siqareti atdıq, arağı buraxdıq, amma yeməyi buraxmağı heç istəmirik, neyləyək ki, başımıza məmur etdiklərimiz deyəsən kimlərəsə söz veriblər. Onu da buraxmaq zorundayıq. Axı ölkədə müharibə gedir. Düzü bilmirik ki, kim kimlə döyüşür, amma hərdən eşidirik ki, bəzi məmurlarımız bir-birinə: «bizim ermənini sizin erməni incidib». Yəni Yeni ildə uşaqların diliylə desək «zırpaketlərin səsindən qorxanların» düşmənlə raket savaşı edəcəyinə nəsə inamım azalıb…
Dərdli deyingən olar. Amma mən lap qeybət elədim. Çünki mənim dövrüm adladı. Amma bircə şeyi dərk etdim ki, bu məmləkət qotur eşşəklər üçün bir yaylaq yeri imiş…
Müəllif: Xaqani ƏDƏBOĞLU