Bir Körpənin Həyatı, Yoxsa Bir Raketin Dəyəri?
Yer üzündə insanlıq iki yol ayrıcındadır: biri mərhəmətin, digəri isə mənasız dağıntının yoludur. 2000-ci illərin əvvəllərindən etibarən BMT və beynəlxalq səhiyyə təşkilatları bildirirlər ki, 5 yaşdan aşağı milyonlarla uşağın ölümünün əsas səbəbi qidalanma çatışmazlığıdır. 2012-ci ildə Save the Children təşkilatının hesabatında təxminən 2.6 milyon uşağın ölümünün məhz aclıq və qida çatışmazlığı ilə əlaqəli olduğu göstərilmişdi. Sonrakı illərdə isə bu rəqəm bəzi qurumlar tərəfindən 3 milyon və daha çox kimi ifadə olunmuşdur. 2025 və 2026-cı illərə aid ən mötəbər beynəlxalq mənbələr də bu həqiqəti təsdiqləyir: — NICEF-in 20 noyabr 2025 tarixli “State of the World’s Children 2025” hesabatı, 28 iyul 2025 tarixində dərc edilən “The State of Food Security and Nutrition in the World 2025 (SOFI 2025)” (hazırlayan qurumlar: FAO, IFAD, World Food Programme və ÜST), eləcə də “Humanitarian Action for Children 2026” sənədi – hamısı dünyada uşaqların aclıq və qidalanma riskinin hələ də böyük miqyasda qaldığını göstərir. Digər tərəfdən, cəmi 32 gün ərzində ABŞ-ın İsrail və İran arasında baş verən hərbi əməliyyatlar nəticəsində məruz qaldığı ümumi maddi zərərin – o cümlədən silahlanma, əməliyyat xərcləri və zərər görmüş texnikanın dəyərinin – təxmini həcmi 27–33 milyard ABŞ dolları olaraq qiymətləndirilir. Bu məbləğ yalnız raket və sursat xərcləri, əməliyyat təminatı və zərər görmüş texnikanın qiymətini əhatə edir. Halbuki 33 milyard dollarla təqribən 100 milyondan artıq uşağın bir illik əsas qida təminatını qarşılamaq mümkündür.
Qurani-Kərim bizə buyurur: “Bir insanı yaşadan bütün insanlığı yaşatmış kimidir” (Maidə, 32). İrfan əhli deyər ki, mərhəmət olmayan yerdə bərəkət olmaz. Füzuli isə insanın dərdini insanla bölüşməyin ilahi bir məsuliyyət olduğunu xatırladır. Bu gün sual budur: gülləmi daha qiymətlidir, yoxsa bir uşağın həyatı? Sərvəti dağıntıya sərf edənlər, görəsən bir körpənin susuz baxışını görürlərmi? Vicdanı olan hər kəs bu müqayisənin ağırlığını dərk etməlidir. İnsanlıq mərhəmətlə ucalır, müharibə ilə deyil.
Mübariz Eldar oğlu AVMVİB-nin Neftçala rayon şöbə sədri