18.06.2026

Kərbəla hadisəsinin tarixi mahiyyəti

İmam Hüseyn (ə) Əzadarlığının Mənəvi Kökü Məhərrəm ayı İslam dinində xüsusi ehtiram və müqəddəslik daşıyan dörd haram aydan biridir. Qurani-Kərim buyurur:

— «Həqiqətən, Allah yanında ayların sayı Allahın göyləri və yeri yaratdığı gündən bəri on ikidir. Bunlardan dördü haram aylardır…» (Tövbə, 36).

Bu aylarda müharibə, qan tökmək və fitnə-fəsad törətmək qadağan edilmişdir.

İslam və qədim səmavi ənənələrdə Məhərrəm ayı ilə bağlı bir çox əlamətdar hadisələr zikr edilir. Lakin bu ayın tarixə həkk olunan ən böyük hadisəsi Kərbəla faciəsi və Aşura günüdür. Hicrətin 61-ci ilində (680-ci il) İraq torpağında yerləşən Kərbəla səhrasında İslam tarixinin ən ağrılı və eyni zamanda ən şərəfli hadisələrindən biri baş verdi. Peyğəmbərimizin (s) sevimli nəvəsi, Həzrət Əlinin (ə) və Xanım Fatimənin (ə) oğlu İmam Hüseyn (ə), ailəsi və sədaqətli silahdaşları ilə birlikdə susuz halda şəhadətə qovuşdu. Kərbəla hadisəsi sadəcə bir döyüş və ya siyasi qarşıdurma deyildi.

Bu, haqq ilə batilin, ədalətlə zülmün, vicdanla hakimiyyət ehtirasının qarşılaşdığı ilahi bir imtahan idi. İmam Hüseyn (ə) Yezid ibn Müaviyənin beyət tələbini qəbul etmədi. Çünki İslamın ruhunu qorumaq, dinin hakimiyyət vasitəsinə çevrilməsinin qarşısını almaq istəyirdi. O Həzrət buyururdu: — «Mən fitnə-fəsad yaratmaq üçün deyil, ümmətimin islahı üçün qiyam etmişəm.» Bu səbəbdən Kərbəla məktəbi üsyan məktəbi deyil, islahat, vicdan, mənəviyyat və haqq uğrunda fədakarlıq məktəbidir. Aşura günü baş verən faciə bütün İslam aləmində dərin iz buraxdı. Peyğəmbər (s) nəvəsinin və onun ailəsinin qətlə yetirilməsi, qadın və uşaqların əsir alınaraq Kufə və Dəməşqə aparılması müsəlmanların qəlbində heç vaxt sağalmayan bir yara açdı. Sonralar Yezid məsuliyyəti Kufə valisinin üzərinə atmağa çalışsa da, tarix bu faciənin siyasi mahiyyətini unutmadı. Ardınca baş verən etirazlar, Mədinə hadisələri və Muxtar Səqəfinin qiyamı Kərbəla şəhidlərinin qanının yerdə qalmadığını göstərdi. İmam Hüseynə (ə) ilk əza saxlayanlardan biri böyük səhabə Cabir ibn Abdullah Ənsari olmuşdur.

O, Aşuradan qırx gün sonra – Ərbəin günü Kərbəlaya gələrək şəhidlərin məzarını ziyarət etmiş və göz yaşları ilə matəm saxlamışdır. Beləliklə, Ərbəin və Aşura mərasimlərinin əsası qoyulmuşdur. Əsrlər keçsə də, Kərbəla unudulmadı. Əməvi hökmdarlarının qadağalarına, siyasi təzyiqlərə və təhrif cəhdlərinə baxmayaraq, milyonlarla insan hər il Məhərrəm ayında İmam Hüseyni (ə) yad etdi. Növhələr, mərsiyələr, dini ədəbiyyat və şəbih tamaşaları İslam mədəniyyətinin ayrılmaz hissəsinə çevrildi. Lakin Hüseynə (ə) əza saxlamaq yalnız göz yaşı tökmək deyil. Bu, haqqın tərəfində dayanmaq, zülmə qarşı çıxmaq, Peyğəmbər (s) və Əhli-Beyt yoluna sədaqət göstərmək deməkdir.

Qurani-Kərim buyurur: — «Allahın nişanələrinə hörmət edənlər bilsinlər ki, bu, qəlblərin təqvasındandır.» (Həcc, 32).

Məhərrəm ayında müsəlman hər zamankından daha çox mənəvi saflaşmaya diqqət yetirməlidir. Dedi-qodu, böhtan, kin-küdurət, fitnə-fəsad və insanları incitmək kimi əməllərdən uzaq olmaq bu ayın mənəvi ruhuna uyğun davranışdır. Məhərrəm ayında ad günü və digər ailə tədbirləri ilə bağlı fiqhi baxımdan qeyd edilməlidir ki, şəriətə zidd olmayan məclislərin keçirilməsi haram sayılmır. Lakin bu müqəddəs günlərin hüzn və ehtiram ruhunu qorumaq tövsiyə olunur. Ən gözəl davranış isə süfrələri ehsan, dua, Quran tilavəti və ehtiyac sahiblərinə yardım vasitəsinə çevirməkdir. Aşura gününün digər mühüm xüsusiyyətlərindən biri də orucdur. Peyğəmbərimiz (s) buyurmuşdur: — «Ramazan ayından sonra ən fəzilətli oruc Allahın ayı olan Məhərrəm ayının orucudur.» (Müslim, Tirmizi, Əbu Davud). Bu səbəbdən Məhərrəm ayı həm ibadət, həm təfəkkür, həm də mənəvi yenilənmə ayı hesab edilir. Bu gün Aşura mərasimləri yalnız şiə müsəlmanlar arasında deyil, İslam dünyasının müxtəlif bölgələrində böyük ehtiramla yad edilir. Çünki İmam Hüseyn (ə) müəyyən bir məzhəbin deyil, haqqın, azadlığın, ədalətin və insan ləyaqətinin simvoludur.

Məhz buna görə Mahatma Qandi belə demişdir: — «Əgər Hindistan xalqı azad olmaq istəyirsə, Hüseynin məktəbini öyrənməlidir.» Əlbəttə, tarix boyu bəzi ifrat və yanlış ənənələr də meydana çıxmışdır. Lakin bütün bunlar Kərbəla hadisəsinin həqiqi mahiyyətini dəyişdirə bilməmişdir. Son illərdə isə Aşura mərasimləri daha çox sosial həmrəylik, qanvermə aksiyaları, ehtiyaclı ailələrə yardım və xeyriyyəçilik fəaliyyəti ilə müşayiət olunur ki, bu da Hüseyn (ə) məktəbinin əsl ruhuna daha uyğundur.

Kərbəla bizə öyrədir ki, haqq yolunda say azlığı önəmli deyil, önəmli olan iman, səbir və ədalətə bağlılıqdır. İmam Hüseyn (ə) öz qanı ilə sübut etdi ki, bəzən bir şəhid orduların edə bilmədiyini edə bilir və bir damla müqəddəs qan əsrlərlə insanlığın vicdanını oyadır. Salam olsun Kərbəla və Azərbaycan şəhidlərinə! Salam olsun haqq yolunda canından keçənlərə! Salam olsun Hüseynə (ə) və Hüseyn yolunu yaşadanlara!

Mübariz Eldar oğlu «Veteran.az» qəzetinin Şirvan–Salyan regional yazarı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: