17.06.2026

Helenotürkizm və ya Şərq ideyası

Bu ideya eramızın XI əsrindən bəri yunan və türk xalqlarının və onların mədəniyyətlərinin sıx qarşılıqlı əlaqəsinə və yaxınlığına əsaslanan vahid yunan-türk siyasi təşkilatı yaratmaq siyasi konsepsiyasıdır. İdeyanın tərəfdarları xalqların oxşar mədəni və ənənəvi təməllərə, ortaq tarixə malik olduqlarına və genetik cəhətdən qohum olduqlarına inanır.

İdeologiyanın digər əsası belə birləşmənin Avropa İttifaqı və NATO daxilində yeni qlobal və regional, hərbi və iqtisadi güc yaradacağına və bu da Kipr, Yunan və Türk dövlətləri və icmaları arasında davam edən mübahisələrin sülh yolu ilə həllinə imkan verəcəyinə inamdır. Buraya, xüsusən də Kipr adasındakı münaqişə , Egey məsələsi və Türkiyə, Yunanıstan, Kipr Respublikası və Şimali Kipr Türk Respublikası arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı digər münaqişələr daxildir.

İdeologiyanın əsası XX əsrin əvvəlində qoyulsada, kökü daha dərin tarixə gedir. XV əsrdə İslamı Ələvilik, Xristianlığı isə Yunan Pravoslavlığı şəklində sintez etməyə çalışan yunan filosofu Trabzonlu Georgi, bəzi ellinist türkçülüyün tərəfdarları tərəfindən onların ideologiyasının əsas mütəfəkkirlərindən və qurucularından hesab olunur. 1466-cı ildə Osmanlı İmperiyasının sultanı II Mehmedə yazdığı məktubda o, «Heç kim sizin haqlı olaraq Romalıların hökmdarı olduğunuza şübhə etmir» deyərək, hökmdarı həm Romalıların, həm də Türklərin ortaq imperatoru adlandırmışdı. Həmçinin Georgi, Pravoslavlıq və İslamı bir-birinə yaxınlaşdırmaq üçün keçmişdə etdiyi çoxsaylı səyləri təkrarlayaraq, 1453-cü ilin iyul ayında «Xristian inancının həqiqəti haqqında» adlı bir traktat yazdı və onu iki dinin eyniliyinə inandırmaq üçün II Mehmedə göndərdi.

Bu ideologiyanın tərəfdarlarına görə, Yunanıstan , Türkiyə və Kipr arasında ikidilli «Yunan-Türk Konfederasiyası» (Şərqi Aralıq dənizi Konfederasiyası) (milli paytaxtlar Afina, Ankara və Nikosiyada, Konfederasiya parlamenti isə İstanbulda yerləşir) müəyyən dərəcədə Bizans və Osmanlı imperiyalarının reinkarnasiyası olacaq və bununla da, Şərqi Aralıq dənizi bölgəsində bu iki tarixi dövlətin yoxa çıxmasından yaranan siyasi, mədəni və iqtisadi boşluğu dolduracaq. Tərəfdarlarının fikirinə görə belə bir konfederasiya Balkanlar, Yaxın Şərq, Şərqi Aralıq dənizi, Qafqaz və Orta Asiyanı əhatə edən ərazidə ən böyük iqtisadiyyata və hərbi qüvvələrə malik olacaq və coğrafi mövqeyinə görə əsas qlobal gücə çevrilə bilər.

2010-2015-ci illərdəki Yunanıstan maliyyə böhranı zamanı bu fikir həm Türkiyədə, həm də Yunanıstanda yenidən ortaya çıxdı. Lakin Helenotürkizm, bu gün həm Türkiyədə, həm də Yunanıstanda az dəstək alır və əsasən rəqəmsal mediada, onlayn platformalarda və forumlarda müzakirə mövzusu olaraq qalır.

XIX əsrin 30-cu illərində Yunanıstan Osmanlı imperiyasıdan ayrılaraq müstəqil dövlət olsa da, yunan əhalinin çox hissəsi şərqdə, Türkiyə torpaqlarında qalmışdı. Ortaq Pravoslav–Müsəlman ittifaqına söykənən, Yunanlar və Türklərin idarə edəcəyi dualist (ikitərəfli) bir Şərq imperiyası qurmaq xəyalı bu dövrdən etibarən populyar olmağa başladı. Elə o vaxtdan tarixdə bu cərəyana «Şərq İdeası» (The Eastern Idea / Anatolianism) deyilir və bu ideyanın ən pik dövrü XX əsrin əvvəli oldu. Bu qeyri-adi ideyanın arxasında duran şəxslərin planları da fərqli idi.

Əsrin əvvəlində bu layihənin memarları yunan diplomat və mütəfəkkir İon Draqumis ilə hərbi kəşfiyyatçı Atanasios Suliotis-Nikolaidis idilər. Onların ideologiyası klassik, işğalçı yunan millətçiliyindən (Meqali İdea) tamamilə fərqlənirdi: Qərbə qarşı Şərq cəbhəsi. Onlar hesab edirdilər ki, Avropa dövlətləri kapitalizm və imperializmlə Şərqi (Balkanları və Anadolunu) məhv etmək istəyir. Onlara görə, Qərbə müqavimət göstərmək üçün regionun iki əsas ünsürü — müsəlman türklər (hərbi və siyasi güc) ilə pravoslav yunanlar (iqtisadi, intellektual və dəniz gücü) birləşməli idi. Yeni Şərqi Roma imperiyası onlara görə, Avstriya-Macarıstan imperiyası modelində dualist bir struktur olmalı, lakin mahiyyətcə qədim Bizansın (Şərqi Romanın) pravoslav-müsəlman sintezi kimi yenidən doğulmasını təmin etməli idi.

Onlar hər ikisi həmçinin antislavyan baxışlara sahib idilər. Bolqarıstanın güclənməsini, serblərlə yaranan ittifaq və bolqar inqilabi cəmiyyətlərinin Makedoniyadakı fəaliyyətlərinə tam qarşı idilər. Bu minvalla Balkan yarımadasında get gedə güclənən slavyan koalisiyasına qarşı yunan–türk nüvəsinə malik «Şərq konfederasiyası» tezisini müdafiə edirdilər.

Suliotis və Draqumis bu ideyanı reallaşdırmaq üçün 1908-ci ildə İkinci Məşrutiyyətin elanından dərhal sonra İstanbulda gizli «Konstantinopol Təşkilatı» (Organosis Konstantinoupoleos) adlı şəbəkə qurdular. Təşkilatın əsas və ilk fəaliyyəti parlamentdə lobbiçilik oldu. 1908-ci ildə seçilən Osmanlı parlamentindəki yunan deputatları bir araya gətirərək, onları «Osmanlı vətəndaşlığı» çərçivəsində türklərlə bərabərhüquqlu ittifaqa hazırlayırdılar. Daha sonra isə müsəlman müxalifətlə əməkdaşlıq qurmağı hədəflədirlər. Onlar mərkəziyyətçi və radikal türk millətçiliyinə doğru gedən İttihad və Tərəqqi cəmiyyətinə qarşı, Osmanlı daxilində desentralizasiyanı (yerli idarəetməni) müdafiə edən Şahzadə Səbahəddinin «Əhrar Firqəsi» (Liberallar) ilə yaxından əməkdaşlıq edirdilər.

Bu unikal geopolitik layihənin qarşısını alan əsas qüvvə digər bir yunan siyasətçisi, Elefterios Venizelos oldu. O, 1910-cu ildə Yunanıstanda hakimiyyətə gəldikdən sonra, «ortaq imperiya» (Helenotürkizm) ideyasını tamamilə rədd etdi. O inglislər və fransızların dəstəyi ilə Osmanlı imperiyasını tamamilə parçalamaq və şərqə doğru genişləməklə xalis yunan dövləti inşa etmək tərəfdarı olan «Meqali ideya» (Böyük ideya) xəttini seçdi. Türkiyədə də İttihadçılar millətçi siyasətə keçincə bu möhtəşəm geopolitik layihə tarixin tozlu səhifələrinə qarşıdı.

İdeya necə iflas etdi?

Bu maraqlı «Müsəlman–Pravoslav İmperiyası» layihəsi 1912-ci ildə iki böyük zərbə ilə tarixə basdırıldı — Balkan Müharibələri (1912–1913).

Balkan dövlətləri və Yunanıstan krallığı Osmanlıya müharibə elan edib torpaqları bölüşdükdən sonra xalqlararası nifrət pik həddə çatdı, ortaq dövlət ideyası reallığını itirdi.

Və İttihadçıların diktaturası — 1913-cü ildə İttihad və Tərəqqi təkpartiyalı diktatura quraraq imperiyanı sırf türk millətçiliyi xəttinə saldı və multietnik layihələrin hamısına son qoydu. Layihənin atalarından İon Draqumis isə sonradan rəsmi Yunanıstanın ekspansiya siyasətinə qarşı çıxdığı üçün 1920-ci ildə Afinada siyasi rəqibləri tərəfindən sui-qəsdlə öldürüldü.

Əgər onların planları uğurlu olsaydı və Türk-Yunan Konfederasiyası yaradılsaydı, və bugünə gəlib çıxsaydı onun ərazisi 924.564 kvadrat kilometr, əhalisi təxminən 100.000.000 nəfər, ümumi daxili məhsulu 1.741.000.000 dollar olardı ki , bu da onu dünyanın 12-ci ən böyük iqtisadiyyatına çevirər və adambaşına düşən milli gəlir 18.143 dollar olardı.

Rafael Dağlı

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: