“Salam olsun şəhidlərə” idman turnirlərinin keçirilməsi artıq gözəl bir ənənəyə çevrilib
Neftçala, 11 avqust 2026-cı il. – Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Neftçala rayon şöbəsi tərəfindən şəhidlərimizin əziz və unudulmaz xatirəsinə həsr olunmuş ənənəvi “Salam olsun şəhidlərə” idman turnirlərinin keçirilməsi artıq gözəl bir ənənəyə çevrilib. Artıq üç ildir ki, AVMVİB Neftçala rayon şöbəsinin təşkilatçılığı ilə şəhidlərimizin xatirəsinə həsr olunmuş müxtəlif idman yarışları – voleybol, stolüstü tennis və digər idman növləri üzrə turnirlər keçirilir. Bu yarışların əsas məqsədi gənclərin idmana marağını artırmaqla yanaşı, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq, onların qəhrəmanlıq yolunu gələcək nəsillərə çatdırmaqdır. 12 avqust 2026-cı il tarixində Neftçala rayonunun Bankə qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbin voleybol meydançasında “Salam Olsun Şəhidlərə – 3” adlı növbəti voleybol turnirinə start veriləcək. Turnirdə rayonun müxtəlif qəsəbə və kəndlərini təmsil edən komandalar iştirak edəcək və idmançılar öz bacarıqlarını nümayiş etdirəcəklər.
Hazırda turnirin təşkilati işlərinə AVMVİB Neftçala rayon şöbə sədrinin müavini, psixoloq Rahim müəllim rəhbərlik edir. Yarışların yüksək səviyyədə təşkili və keçirilməsi üçün göstərdikləri dəstəyə görə Bankə qəsəbə üzrə Arif qardaşa və hər zaman AVMVİB Neftçala rayon şöbəsinin keçirdiyi idman tədbirlərinə dəstək göstərən baş məşqçi Murad qardaşa xüsusi təşəkkürümüzü bildiririk. Bu turnirin ən böyük qalibi isə, şübhəsiz ki, şəhidlərimizin əziz xatirəsidir. Çünki burada mübarizə yalnız meydanda qalib gəlmək üçün deyil, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adını, əziz xatirəsini və müqəddəs amalını yaşatmaq naminə aparılır. Bu baxımdan yarışda iştirak edən bütün komandalar qalibdir.
AVMVİB Neftçala rayon şöbəsi və AVMVİB sədri Füzuli Rzaquliyev, turnirin təşkilində və keçirilməsində əməyi olan hər kəsə təşəkkür edir, bütün komandalara uğurlar, əzmkarlıq, sağlam rəqabət və layiqli nəticələr arzulayırıq. Qoy hər bir yarış şəhidlərimizin ruhuna ehtiram, hər bir qələbə onların müqəddəs xatirəsinə ehtiram olsun!