«Qızıl Yun» əməliyyatı
1993-cü ilin 15-18 avqust tarixlərində Yunanıstan hərbi dəniz qüvvələri və Silahlı qüvvələrin baş qərargahının ikinci şöbəsinin (ordu kəşfiyyatı) bir qrup zabitləri ilə birgə, Qara dənizin sahillərində yerləşən Abxaziyada keçirdikləri əməliyyat məhz belə adlanırdı.
Əməliyyat nəticəsində blokadada olan Suxum şəhərinin limanından, Abxaziyada yaşayan 1013 nəfər etnik yunan (əsasən Pont yunanları) təxliyyə edilərək Yunanıstanın Aleksandrupolis limanına çatdırıldı.
O zaman Abxaziyada məlum olduğu üzrə ağır müharibə gedirdi. Və belə bir zamanda Yunanıstan hökuməti, gürcü-abxaz toqquşması arasında qalan etnik yunanları tarixi vətənlərinə gətirmək üçün əməliyyat planı hazırladı. Əməliyyat nəticəsində Abxaziyanın yunan əhalisini əhəmiyyətli bir hissəsi bölgəni tərk etdi lakin, mövzumuz bu əməliyyatın taktiki gedişatı yox, adının arxasında qalan tarixi və mifoloji hadisədir.
Əməliyyatın adının «Qızıl Yun» qoyulması birbaşa qədim yunan mifologiyasına və Suxumun yerləşdiyi coğrafiyanın antik tarixinə əsaslanır.
Yunanıstan hökumətinin bu adı seçməsinin bir neçə dərin simvolik səbəbi var idi.
Mifologiyaya görə, yunan qəhrəmanı Yason və onun komandası–Arqonavtlar, «Arqo» gəmisi ilə uzaq və zəngin Kolxida diyarına (indiki Qərbi Gürcüstan və Abxaziya sahilləri) gəlmişdilər. Onların məqsədi kral Ayetdən hakimiyyət və güc rəmzi olan «Qızıl yunu» (qızıl qoç dərisi) alıb Yunanıstana geri aparmaq idi.
1993-cü ildəki əməliyyatda da yunan gəmiləri eyni marşrutla, min illər əvvəl əcdadlarının gəldiyi sahillərə — Suxuma (antik Dioskuria) gəldilər.
Əfsanədə Yason qızıl dərini xilas edib vətəninə aparırdısa, 1993-cü il əməliyyatında bu «dəyərli yük» həmin bölgədə yaşayan etnik yunanlar idi. Yunanıstan hökuməti bu adla mesaj verirdi ki, biz öz «dəyərimizi» müharibə alovları içində olan bu torpaqlardan xilas edib tarixi vətəninə geri aparırıq.
«Qızıl Yun» adı həm də tarixi bir dövrənin bağlanmasını simvolizə edirdi. Yunanlar bu sahillərə antik dövrdən bəri gəlib məskunlaşmışdılar. Əməliyyatın bu cür adlandırılması min illər əvvəl başlayan Arqonavtların gəlişi hekayəsinin kədərli bir gediş ilə bitməsini vurğulayırdı. Belə ki, bugün Abxaziyada cəmi 1000 nəfərə yaxın etnik yunan qalıb.
Rafael Dağlı