Bir insan həyatını xilas edən bəşəriyyəti xilas etmiş kimidir

“İnsan həyatını xilas edən bütün dünyanı xilas etmiş kimidir” – Talmuddan olan bu hikmətli sözlər, Oskar Şindlerin həyat fəlsəfəsini və insanlıq tarixindəki yerini ən yaxşı şəkildə əks etdirir. II Dünya müharibəsinin amansızlığı fonunda 1200 yəhudini Holokost caynağından xilas edən bu şəxsiyyətin adı qəhrəmanlıq və insanlıq nümunəsi kimi tarixin səhifəsinə əbədi həkk olmuşdur.
1908-ci ildə Çexiyanın Svitavy şəhərində alman əsilli katolik ailəsində dünyaya göz açan Şindler karyerasına əvvəlcə adi ticarətçi kimi başlamışdı. Lakin müharibə illərində Polşanın Krakov şəhərində qurduğu “Deutsche Emailwarenfabrik” adlı sənaye mərkəzi (bu zavod alman hərbi sənayesinə gərəksiz məhsullardan ibarət xırda və köməkçi ləvazimatlar istehsal edirdi) insanlıq tarixinə qızıl hərflərlə yazılacaq bir missiyanın mərkəzinə çevrildi. Belə ki, Şindler, zavodunda çalışan yəhudi işçiləri “müharibə sənayesinin istehsalı üçün mühüm və peşəkar personal” kimi qeydiyyata alaraq, onları ölüm düşərgələrinə göndərilməkdən qoruyurdu. Bunun üçün şəxsi sərvətinin böyük hissəsini rüşvət olaraq istifadə etməkdən belə çəkinməmişdir. Bəzən SS zabitlərinə məxsus formada həbs düşərgələrini ziyarəti, həmçinin alman zabitləri ilə yaxın münasibət qurmaq üçün ziyafətlərdə iştirakı daha çox əlaqələr qurmasına və xeyirxah planlarınının reallaşdırmasına geniş imkanlar yaradırdı. Onun həyat yoldaşı Emilie Şindler də ərinin bu missiyasına dəstək olmuş, xəstə və yaşlı yəhudi işçiləri evində müalicə edərək onların ehtiyaclarını qarşılamışdır.
Müharibə bitdikdən sonra tamamilə müflis olan Şindler, həyatı boyu xilas etdiyi insanların maddi dəstəyi ilə yaşadı. O, Argentinada yeni bir həyat qurmağa çalışsa da, biznesdə uğursuz oldu. Həyatının son illərini Almaniya və İsrail arasında keçirən Şindler, əvvəlki sərvətini bərpa etnək barədə düşünmədi və 1974-cü ildə sadə həyat tərzində vəfat etdi.
Oskar Şindler Yerusəlimdə, müqəddəs Sion dağında dəfn edildi və «Millətlər arasında saleh insan» adına layiq görüldü. O, bu şərəfə layiq görülən nadir qeyri-yəhudilərdən biridir. Bu gün onun məzarı, hər il yüzlərlə insan tərəfindən ziyarət edilir və üzərinə kiçik daşlar qoyulur. 1967-ci ildə, Şindler İsraildə Yəhudi Soyqırımı qurbanlarına həsr olunmuş Yad Vashem abidəsində, Yəhudi Soyqırımı sırasında yəhudilərə kömək edən və Yəhudi olmayanları göstərən «Dünya xalqları ədalətliləri digər xalqlardan ədalətli insanlar» adlı abidədə adı qeyd olunmuşdur. Bu abidədə adı yer alanlar, çox böyük şəxsi risk alaraq yəhudiləri qurtaran yəhudi olmayan insanlardan ibarətdir.
Steven Spielbergin 1993-cü ildə çəkdiyi «Şindlerin siyahısı» filmi onun həyatını dünya ictimaiyyətinə tanıtdı. Bu film, insanlığın ən qaranlıq dövrlərindən birində vicdan və mərhəmətin necə qalib gələ biləcəyini göstərir.
Oskar Şindlerin ömür yolu bir insanın cəsarəti və qətiyyətinin minlərlə həyatı necə xilas edə biləcəyini sübut edən qəhrəmanlıq nümunəsidir. Şahidlərin dediyinə görə, Şindler, həmişə, “kaş daha çox insanı xilas edə biləydim” deyə təəssüflənərdi – bu sözlər onun ali insani keyfiyyətlərinin ən bariz təzahürüdür. Bu gün dünyada «Şindler yəhudiləri»nin nəsillərinin sayı 7000-dən çoxdur və onlar hər il bir araya gələrək xilaskarlarının xatirəsini yad edirlər.
Şindlerin hekayəsi, müasir dövrdə də insanlıq dərsi olaraq qalır. Müharibə və münaqişələrin davam etdiyi bir dünyada, onun həyatı bizə onu xatırladır ki, vicdan və mərhəmət insanlıq dəyərlərinin ən yüksək zirvəsidir.
Nurlan Məmmədli