Mübariz Eldar oğlu yazır…
Rusiyanın keçmiş prezidenti Qorbaçov böyük SSSR-i kimi hegemon bir dövləti tarix səhnəsində bataqlığa sürüklədi; imperiyanın daşı öz ağırlığından çatladı, ideologiyanın sarayı öz içindən uçdu. Bu gün isə sual yaranır: görəsən ABŞ-ın indiki prezidenti Tramp da dünyaya hegemonluq edən bir gücü eyni aqibətə aparırmı? Tarix təkcə hadisələrin deyil, ibrətlərin də müəllimidir; güc ədalətdən ayrıldıqda, qüdrət hikmətdən uzaqlaşdıqda öz kölgəsində boğular. Trampın son çıxışında “Hürmüz boğazı açılsın” çağırışı səsləndi. Sual olunur: məgər 33 gün əvvəl Hürmüz boğazı açıq deyildimi? Eyni tələbi Fransa prezidenti Makron da irəli sürdü. Sual yenə eynidir, amma bir əlavə ilə: nə baş verdi ki, Hürmüz boğazı bağlandı? Niyə bu bağlanmaya səbəb olan ABŞ və İsrail haqqında bir söz deyilmir? Əgər dünya ticarətinin nəfəs yolu daralırsa, o nəfəsi kəsən əllərin adı niyə çəkilmir? Ədalət tərəzi istəyir; tərəzi isə yalnız həqiqətlə düz dayanır. Zahirdəki böhran batindəki niyyətlərin aynasıdır.
Qurani-Kərimdə buyurulur: “Zülm edənlər necə bir dönüşlə dönəcəklərini biləcəklər” (Şuəra, 227). Güc sahibləri müharibə odunu yandırıb sonra “sülh” deyə çağırdıqda, sözün ruhu yanır. Dünyanı qarşıdurmaya sürükləyən siyasətlər, xalqları sınağa çəkən qərarlar – bunlar yalnız coğrafiyanı deyil, vicdanları da yaralayır. Müharibənin fitilini alovlandıran ABŞ və İsrail siyasətlərinə qarşı susmaq, həqiqətin haqqını verməməkdir. Tarix şahiddir: hegemonluq əbədi deyil, ədalət isə geciksə də zühur edər. İmperiyalar silahla ucalır, amma ədalətsizliklə çökür. Dünya böyük bir imtahandır; kim od saçırsa, bir gün o odun istisində qalacaq. Allah dünyamızı qorusun, zülmü zillətə çevirsin, haqqı isə qalib etsin.
Mübariz Eldar oğlu AVMVİB-nin Neftçala rayon şöbə sədri