SAVAŞ HEKAYƏTLƏRİ — 2: BUNLAR XƏYAL DEYİL, OLMUŞ HADİSƏLƏRDİR…
Xaqani Ədəboğlu
DÜŞMƏNİN QORXULU RÖYASINA ÇEVRİLƏN — MEŞƏBƏYİ İSACAN ASLANOV
Xankənddə 12 fevral 1988-ci ildə çaqqal sürüsünün «miatsum» ulaşdığı gündən 31 il keçdi…
Ağdərə rayonunun azərbaycanlılar yaşayan kəndləri münaqişənin ilk günündən hadisələrin epsentrində yer tutdu. Çünki Dağlıq Qarabağın əhali və ərazicə üçdən birinə sahib olan Ağdərə (Mardakert) rayonunu daxildə Xankəndi ilə birləşdirən Xankənd-Ağdərə hərbi yolu üzərində yerləşən kiçik Xatınbəyli və Ortapəyə kəndləri, ilk daşlaşma dövründən etibarən sovet ordusu komendantlığının hər kənddə mövcudluğuna baxmayaraq yola nəzarəti müxtəlif üsullarla həyata keçirməyə nail oldular.
Bu nəzarətin ələ keçirilməsi İsacan Aslanovun adıyla bağlı idi. Hadisələrin ilk günündən düşmən İsacan Aslanov haqqında cinayət işi qaldırararaq onun yaşadığı evi nəzarətdə saxlamaq məqsədiylə bir BTR ekpajını SSRİ dağılanadək evin arxasında post kimi saxlamağa məcbur oldular. 1989-1991-ci illərdə qaçaq kimi yaşayan İ. Aslanov, düşmənə qarşı onlarla reydin və əməliyyatın müəllifi, həmdə iştirakçısı olsa da rus hərbçiləri onu ələ keçirə bilmədilər.
Ermənilərin qorxulu röyasına çevrilən, «Meşəbəyi» dedikləri adamın adı gələn ərazidən uzaqlaşmağı qənimət bilən düşmən onun barəsində, həm Azərbaycan SSR, həm DQMV, həm də SSRİ DIN rəhbərliyinə saysız şikayət məktubları ünvanlamışdılar. Xatırladım ki, SSRİ DİN Operativ-İstintaq idarəsinin DQ üzrə qrupunun öncə üzvü, sonra qərargah rəisi olan məşhur ermənipərəst, «Мятежный Карабах» anti Azərbaycan mövqeli kitabın müəllifi Viktor Krivopuskov (1990-1991) hər bir azərbaycanlı fəalın məhv edilməsi üçün planlar hazırlayıb həyata keçirirdi. Polyaniçko dəfələrlə bu ermənipərəst V. Krivopuskova xəbərdarlıq etmişdi. İ. Aslanovun da adının bu erməni əlaltısının siyahısında olduğunu bilirdik.
Bu bir erməni istəyi idi. Düşmən onu Vəng meşələrində meşəbəyi işləyəndən yaxşı tanıyırdı. Tarixən isə əsrin əvvəllərində rus-erməni daşnak-bolşeviklərinə qarşı 1932-ci ilədək mübarizədə ad çıxarmış Qaçaq Alyar bəyin (Zallar Alyar, Kolanı Alyar) bacısı oğlu kimi də yaxşı tanıyırdılar. Unutmamışdılar, Alyar bəyin azərbaycanlılara qarşı qəddarlıqları ilə seçilən erməni komisarları güllələdiyini və onlara Ağdərədə momerial kompleks ucaltmağı da unutmamışdılar. Çünki hər il bu bolşevik-daşnakların qəbirləri kommunist adıyla yad edilirdi. Ona görə də düşmən, Kolanı Alyar bəyin bacısı oğlunu və Zallar Araz bəyin nəslindən olan İsacan Aslanovu diqqətdən kənarda buraxmaq niyyətində deyildi və heç İ. Aslanovun özünün də bu qovğadan kənarda qalmaq niyyəti yoxdu. Kəndlərdən nümayişkaranə keçməyə cəhd edən ermənilərin maşın karvanını 1989-cu ilin aprelində ətrafına yığdığı gənclərlə darmadağın edərək ermənilərə ciddi bir dərs verə bildi. Ermənilər bu yola azərbaycanlılara öz güclərini nümayiş etdirərək əhalinin gözünü qorxutmaq istəyirdilər. Onlarla erməniyə xəsarət yetirildi. Buradan canını qurtaran hər bir erməni özünə gələr-gəlməz «Meşəbəyi» — deyə qışqırırmışlar. Bunu sonralar təmasda olduğumuz ermənilər özləri danışırdılar. Şəxsən yoldan keçib getmək istəyən sürücülər bizdən dəfələrlə «Meşəbəyinin» kəndini soruşub geri qaçdıqlarına özüm şahid olmuşam…
İ. Aslanov deyirdi ki, erməninin qabağından bu millət qaçsa erməninin qabağını almaq mümkün olmayacaq. Ona görə də hər ölümə ölümlə, hər maşın karvanına hücuma eyni hücumla, girova girovla cavab verməliyik. 1989-cu ilin iyun ayında ermənilər Kərkicahanda Miryusif adlı (adda səhv edə bilərəm, amma təxminən belə idi) bir azərbaycanlı gənci öldürərək cəsədə qarşı təhqiramiz hərəkətlər etmişdilər. Bu, erməni iyrəncliyinin və qaniçənlıiyinin ilkin faktı idi. İ. Aslanov öz dostu və igidliyi ilə düşmənin hədəfi omuş, hələ 1986-cı ildə erməni böhtanıyla həbsə atılmış Kamal Şərifovla bu erməni vəhşiliyinə cavab verməyi planlaşdırırlar. Hazırda müharibə veteranı olan, o vaxtlar Bakıdakı işini atıb bu qaynar nöqtədə sahə müvəkkilliyi etmiş Abbas Hüseynli işlədiyi Ağdərə (Mardakert) RDİŞ-dən dəfələrlə Kamal Şərifovun və qeyri şəxslərin məcburi gətirilməsi haqqında qərarları icra etmədiyini təsdiqlədi. Çünki yerli əhali bir yumruq kimi birləşmişdi və kiminsə buradan aparılması mümkün görünmürdü.
İsacan Aslanovun oğlu Təbriz Aslanov hadisəylə bağlı soruşduqda dedi ki, orada Əhliqar Ocaqov, Şükür Talıbov, Vəli Həsənov, Umudvar Aslanov, Qənimət İbrahimov, Nurəddin Qəribov və başqaları iştirak etmişdilər. Ortapəyə və Baş Güneypəyənin say-seçmə oğuları Dağlıq Qarabağda öldürülən şəhidimizin qanını bir gün sonra ala bilmişdilər. Bu addımdan sonra ermənilər mülkü əhaliyə toxunmayaraq xeyli müddət dinc yaşadılar. İndi bu adamların böyük əksəriyyəti dünyalarını dəyişiblər. Ölənlərə rəhmət qalanlara isə can sağlığı arzulayıram.
Hadisə zamanı atəşə tutulan Niva maşınında bir nəfər öldürülsə də digəri maşını sürüb aradan çıxmağı bacarmışdı. Digər Jiquli maşınının sürücüsü qışqırıb ki, «mən Mirbəşir (Tərtər) rayonundan bazarlıqdan gəlirəm. Onlar bizə dəymirlər, amma siz bizim içimizdə yaşaya-yaşaya bizə hücum edirsiniz?»
Bunları mənə indi haqq dünyada olan dayım İsacan Aslanov özü danışmışdı və demişdi ki, belə biqeyrətliklə bu ermənilərlə bacarmayacağıq. Bizimkilər barıt gəzdiyimizi görüb qiyməti qaldırırlar. Ermənilər isə günbəgün silahlanırlar. Özü də pulsuz…
Həqiqətən də Dağlıq Qarabağın azərbaycanlı əhalisi, həm erməni, həm rus, həm Bakı, həm də ətraf rayonların tam basqısı altında yaşayırdılar. Hökumət ermənilər qarşısında yaltaq və qorxaqlığını nümayiş etdirir, rus komendantlıqları ardıcıl surətdə evlərdə axtarışlar keçirib silahları yığır, qonşu rayonlarda yaşayan soydaşlarımız isə bizə qarşı əsil möhtəkirliyə yol verirdilər. Faktiki olaraq bizlərə satılan, xüsusən də barıt və partlayıcı maddələrə əməlli-başlı qiymət artımı edilmişdi. Taksilər 10 manatlıq yolu 25 manata qaldırmışdılar. Buraxılmış bu səhvləri unutmamalıyıq. Nəfsimizin və tamahımızın nəticəsi olaraq min illiklər boyu əldə etdiklərimiz düşmən talanına verildi. Soyu-sopu bilinməyən adamların önə çıxması ilə düşmənin mənfur planı saat kimi işləməkdəydi…
Bakıdan istintaqa gələn müstəntiqlərdən meyiddə çox saylı güllə yarası aşkar etdiklərini yazırdılar. Hadisə ilə bağlı İsacan Aslanova bircə sual vermişdim ki, «dayı, bir erməniyə bunca güllə vurmusunuz. Heç gülləyə heyfiniz gəlmədimi?» Dedi ki, «bacıoğlu, məsələ erməniyə nifrət məsələsi deyildi. Sadəcə qərar verdim ki, bizimlə birgə olan hər kəs meyidə bir güllə vursun. İnsan çiy süd əmib. Sonra kimsə kimsəni satmasın». Xatırladım ki, cinayətlə bağlı iş, SSRİ DİN İstintaq qrupu və bizim ermənipərəst müstəntiqlər tərəfindən aparılırdı, amma sonadək heç bir ipucu əldə edə bilmədilər. Nəticə də erməniyə çatdırılmışdı ki: «HƏR ÖLDÜRÜLƏN TÜRK ÜÇÜN, 2 ERMƏNİ LEŞİ!» Həmçinin bu hadisə zamanı öldürülənlər erməni tərəfinin ilk itkiləriydi.
Hadisədən dərhal sonra sovet ordusu komendatlığının İ. Aslanovun evinin arxasında qoyduğu BTR ekipajından əlavə «Don-100» adlı daxili qoşunların daha bir postu quruldu və PAZ avtobusu da əlavə edildi. Meşəbəyini hər yerdə axtarırdılar. Girov götürülmüş şəxslərdən də ilk sorğu onun barəsində olurdu. Qanuni və qeyri-qanuni yollarla ələ keçirə bilmədikləri İsacan Aslanov, bu illər ərzində gizli yolla hərəkət etsə də heç bir işdən geridə qalmadı. Bu da düşməni cinləndirirdi.
… Qarabağ separatizminin liderlərindən olan, «Krunq» təşkilatının sədr müavini Vaqif Qalstyanın həbs edilməsi əməliyyyatı da İsacan Aslanovun iştirakı və rəhbərliyi ilə həyata keçirildi (25 avqust 1989-cu il). Bu barədə növbəti bir hekayətdə geniş yazacağıma görə, bircə onu deyim ki, bu iki nəfər erməninin azərbaycanlılar tərəfindən girov götürülməsi ilkin hadisəydi. Bizimkiləri girov götürüb incidirdilər, bizimkilər isə hələ də kərəmətsiz Bağırovun, sonra da Vəzirovun ermənipərəst hökumətindən imdad gözləməkdəydilər. Bu addıma cavab olaraq ruslar Şuşadakı sanatoriyadan bir bakılı müstəntiqi oğurlamışdılar. Yəni bu kiçik kəndə girməyə risk etmədikləri üçün bu addımı atmışdılar. Amma bircə faktı deyim ki, bu əməliyyatı kənd sakinləri ilə birgə (Məhərrəm Qurbanov, Güloğlan Meydanov, Ortapəyə sakinləri və s.) rus komendaturasının İ. Aslanovu nəzarətdə saxlamaq istəyiylə qurduqları postdan 150 metrlik məsafədə gerçəkləşdirmişdik…
…Bir dəfə Xatınbəyli kəndində Malyatışan yal dediyimiz yerdə kənddən bir neçə nəfərlə dayanmışdıq və dayım da bizim yanımıza gəlib çıxdı. Daxili Qoşunlara məxsus UAZ markalı maşın sürətlə yanımızdan ötüb keçdi. Amma 200 metr getdikdən sonra hərləyib geri qayıtdı. İ. Aslanov əl atıb papağını Mürşüd Mikayılovun başına qoydu və onun papağını alıb bizim kəndə doğru cəld hərəkət etməyə başladı və yarğanın dibində görünməz oldu. Olay o qədər sürətli baş verdi ki, rusların bunu sezməsi mümkün deyildi. Onlar yanımızda saxlayan kimi feldşer-həkim Mürşüdün başındakı papağa zillənərək: «Qde lesnik?»-deyə soruşdular. 5-6 nəfər olduğumuza görə saymadıqları bəlli oldu. Həkimin kimliyi və sənəti ilə maraqlandılar. Anlatdıq ki, «Lesnik» (Meşəbəyi) burda yox, qonşu kənddə yaşayır. Podpolkovnik rütbəli zabit başını bulaya-bulaya maşına oturub getdi. Amma zəndlə Mürşüd kişinin başındakı papağa baxa-baxa qalmışdı. Dayım belə etmişdi ki, onun buralarda olmasından ruslar şübhələnməsinlər…
Azadlıq meydanında mitinqdə çıxışında: «Azərbaycanın taleyi bu asfaltın üzərində deyil, Qarabağın dağlarında həll ediləcək»-deyərək buraya yığışan məqsədli insanları ittiham etmişdi. Çoxları incimişdi. Müharibə veteranı, o hadisələrin qəhrəmanlarından olan Abbas Hüseynov bir xatirə danışdı: «İsacan kişi sursat və texnikanı vurmaq üçün silah istəmək üçün yeni yaranmaqda olan Müdafiə Nazirliyinə müraciət edir. Əli boş çıxınca deyir ki, ə bu Qazıyev yox Qozuyev imiş»…
Ağdam, Ağdərə rayonlarındakı hərbi əməliyyatlarda iştirak edən Meşəbəyini düşmən nə vura, nə də ələ keçirə bilmədi. Düşmən son anadək buna çalışdığını hər kəs bilir. Amma bu yenilməz insanı köçkünlük girov götürdü, sındırdı. Gözüylə gördüyü xəyanətlər əfsanəvi Meşəbəyinin savaş ruhunu zədələdi. Öncə infakt, sonra da Vətən dərdi, yurd nisgili və gözləri yollarda Qarabağsız bir köç…
…Əfsanəvi Meşəbəyi, savaş qəhrəmanı İsacan Aslanov, yurd həsrətini burada qoyub bizlərə vida etdi. Hər məni görəndə soruşurdu ki, deyəsən bu namərdlər bizi Vətənsiz öldürəcəklər…
O, bir zamanlar, həm meşəbəyi, həm də savaşçı kimi qoruduğu Yurduna qayıda bilmədi. Amma bəlkə də özünün qarış-qarış tanıdığı cığırlarla, ağac-ağac tanıdığı meşələrlə, qaya-qaya tanıdığı dağları aşaraq gələn duman kimi və əbədiyyət yolçusu kimi, Vətən savaşçısı kimi və məmləkətin mühafizi sayılan babaların ruhu kimi o Yurda-Kolanı ellərinə mütləq qayıdıb…
İsacan Aslanovun nigaran ruhu artıq öz yurduna qovuşub. Qəhrəman savaşçını Tanrının rəhmətiylə anır və məkanı cənnət olsun deyirik! Ağdərənin şair oğlu Əlövsət Saldaş gözəl demiş:
Dərmanım tapılmır, ağır xəstəyəm,
Köhnə yaralarım hələ qan verir.
Mən diri şəhidəm, ayaq üstəyəm,
Vətənsiz ölənlər, necə can verir?
(Ə. Saldaş)
Mən heç zaman Meşəbəyinin yurda dönmədən can verəcəyinə inanmazdım. Sən demə Fələk də namərdmiş…