Qarabağ döyüşçüsü qazi Zahid Hüseynovla görüş

Bu gün, Azərbaycan xalqının qəhrəman oğullarından biri, Birinci Qarabağ müharibəsinin igidlərindən, qazi qardaşımız Zahid Hüseynovu ziyarət etdik. Allah ona can sağlığı versin! Leytenant Zahid Hüseynov, İsmayıl oğlu, 1956-cı ildə Kəlbəcər şəhərində dünyaya gəlib.
Ali təhsilini başa vurduqdan sonra, 2 saylı Kəlbəcər şəhər məktəbində idman müəllimi kimi fəaliyyət göstərib. Ancaq 1992-ci ilin fevralında, ölkəmizin torpaqlarının azadlığı uğrunda mübarizəyə qoşulub. O, Kəlbəcər batalyonunda tağım komandiri olaraq xidmətə başlayıb və bu yolda Laçın, Ağdərə, Kəlbəcər, Murovdağ, Tərtər və Ağdam uğrunda gedən döyüşlərdə fədakarlıqla iştirak edib.
Vətənə və xalqımıza olan sevgisi və borcu, onu cəbhəyə aparmış, oradakı döyüşlərdə öz igidliyini və şücaətini nümayiş etdirmişdir. 1998-ci ildə ordu sıralarından tərxis olunub, amma o, Vətəninə olan bağlılığını heç vaxt itirməyib. Bugün o, müharibənin xatirələrini daşıyan və vətənpərvərliyi ilə hər zaman gənclərə örnək olan bir şəxsiyyət olaraq yanımızdadır.

