20.08.2025

Vətənə sədaqətin, şəhid ruhuna sayğının idman dili ilə ifadəsi

02 avqust 2025-ci il tarixində Neftçala rayonunun Bankə qəsəbəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Neftçala rayon şöbəsi tərəfindən təşkil edilən “Salam olsun Şəhidlərə – 2” adlı voleybol turnirinin final mərhələsi keçirildi.
Bu yarış, sadəcə bir idman tədbiri deyildi. Bu, xalqın yaddaşına həkk olunmuş şəhidlərin müqəddəs xatirəsinə göstərilən ehtiramın, millətin öz oğullarını unutmadığının canlı isbatı idi. Turnirin final oyunu Bankə qəsəbəsindəki S.Vurğun adına 2 saylı məktəbin voleybol meydançasında baş tutdu.
Tədbirin açılışı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Ardınca söz AVMVİB sədr müavini Mənəfov Rahim Məmmədəli oğluna verildi. O, tədbir iştirakçılarını salamlayaraq AVMVİB-nin yaranma məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verdi.
“Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi — dövlətçiliyimizin qorunması uğrunda vuruşmuş igidləri öz ətrafında birləşdirən mübariz təşkilatdır. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi kursuna sadiq olan bu təşkilat, şəhid ailələrinin və qazilərin yanında olmaqla yanaşı, gənc nəsildə milli ruhun formalaşmasında da önəmli rol oynayır” – deyə Rahim müəllim çıxışında vurğuladı.
AVMVİB Bankə özək sədri Abbasov Arif Mehi oğlu isə yarışın rəmzi başlama fitini səsləndirməklə final oyununu açıq elan etdi.
Final qarşılaşması Xıllı kəndinin “Şəhid Əkbər” komandası ilə Bankə qəsəbəsinin “Şəhid Rövşən” komandası arasında baş tutdu. Gərgin və eyni zamanda əzmkar mübarizə şəraitində keçən oyunun sonunda Xıllı təmsilçiləri 3:1 hesabı ilə qalib gəldi.
Turnirin fəlsəfi və mənəvi yükü, sadəcə nəticələrdə deyil, həm də qəlblərdə hiss olunurdu.
Şəhid atası Ağamalıyev Baloğlan Rəhman oğlu, mərd oğlu Rövşənin adını daşıyan komandanın oyununu böyük duyğularla izləyərək, çıxışında ürək sözlərini bu cür ifadə etdi:
“Bu cür turnirlər biz şəhid ailələri üçün yalnız bir tədbir deyil – bu, mənəvi dayaq, ruhani təsəlli və övladlarımızın xatirəsinə sadiqliyin rəmzidir. Biz bir daha anlayırıq ki, şəhidlər Quranın buyurduğu kimi ‘ölü’ deyillər. Onlar Rəbbinin dərgahında rizqlanan, əbədi dirilərdir. Bu yarışlar isə onların canlarını verdiyi torpağın üstündə davam edən həyatın, xalqın və gəncliyin onların ruhuna sədaqətini təcəssüm etdirir. Hər dəfə top havaya qalxdıqca, elə bil onların xatirəsi göylərə ucalır.”
Ağamalıyev Baloğlan sonda dərin minnətdarlıqla qeyd etdi ki, AVMVİB-nin sədri Füzuli Rzaquliyevin rəhbərliyi ilə təşkilat, xüsusilə də Neftçala rayon şöbəsi, hər il şəhərdə şəhidlərin əziz xatirəsinə həsr olunmuş voleybol və stolüstü tennis yarışları təşkil edir.
“Bu ali diqqət və vəfa nümunəsi bizim üçün çox böyük dəyərdir. Şəhid ailəsi olaraq ruhumuz təsəlli tapır, xalqımızın birliyinə və dövlətimizin bu qəhrəmanlara verdiyi dəyərə bir daha şahid oluruq. Elə buna görə də AVMVİB rəhbərliyinə və Neftçala şöbəsinə sonsuz təşəkkürümüzü bildiririk. Bu birlik, bu vəfa varsa, deməli, şəhidlərimiz həqiqətən unudulmayıb və onların yolunu davam etdirən bir nəsil yetişir.”
Tədbirin sonunda qalib komandaya kubok, bütün iştirakçılara isə diplomlar və medallar təqdim olundu. Kuboku şəhid atası Ağamalıyev Baloğlan şəxsən Xıllı “Şəhid Əkbər” komandasına təqdim etdi.
Nəticə və İrfani Dəyərləndirmə — Bu yarış bir daha sübut etdi ki, şəhidlik zirvəsi yalnız keçmişin yaddaşı deyil — bu, bu günün və gələcəyin də yol göstəricisidir. İdmanla təbliğ edilən vətənpərvərlik ruhu, fiziki çevikliklə bərabər, mənəvi yüksəlişin də vasitəsinə çevrilir.
Bu tədbir göstərdi ki, bir millətin gücü yalnız silahda deyil, onun xatirəyə sədaqətində, əxlaqi dəyərlərinə bağlılığında və gəncliyə doğru örnəklərlə yol göstərməsindədir.
“Şəhidlər ölməz, Vətən bölünməz” — bu sözlər meydanda səslənməsə də, hər zərbədə, hər alqışda, hər təbəssümdə öz əksini tapdı.


Mübariz Eldar oğlu
AVMVİB Neftçala rayon şöbəsinin sədri, «Veteran.az» qəzetinin Şirvan-Salyan regional müxbiri

Whats-App-Image-2025-08-03-at-10-49-28

Whats-App-Image-2025-08-03-at-10-49-29

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: