Nüvə silahları bəşəriyyətə təhlükədir

Nüvə silahları XX əsrin ortalarında yaradıldıqdan sonra insanlıq üçün ən böyük təhlükələrdən birinə çevrilib. Bu silahlar həm partlayış zamanı yaratdığı fiziki dağıntı, həm də uzunmüddətli radiasiya təsirləri ilə geniş əraziləri və böyük insan kütlələrini təsir altına alır. Nüvə silahlarının tarixi 1939-cu ildə Albert Eynşteyn tərəfindən ABŞ prezidenti Franklin Ruzveltə yazılan məktubla başlayır. Eynşteyn bu məktubda Almanların nüvə silahı yaratma potensialından xəbərdarlıq etmiş və Amerika Birləşmiş Ştatlarının da bu istiqamətdə araşdırmalara başlamasını tövsiyə etmişdir. Bu məktub nəticəsində ABŞ-də «Manhetten layihəsi» adlanan gizli nüvə proqramı başladılmışdır.
Manhetten layihəsi 1942-ci ildə rəsmi olaraq başladılaraq 130.000-dən çox insan bu layihədə iştirak etmişdir. Layihəni idarə edən general Leslie Qroves və elm rəhbəri Robert Oppenheimer-in rəhbərliyi altında Los Alamos, Oak Ridge və Hanford kimi gizli şəhərlər yaradılmışdır. 16 iyul 1945-ci ildə New Meksiko ştatındaki Alamoqordo səhrasında «Trinity» adlı ilk nüvə sınağı həyata keçirilmişdir. Bu sınaq zamanı partlayışı görən Oppenheimer Hindu ədəbiyyatından sitat gətirərək demiş: «İndi mən ölümə, dünyaların məhvedicisi oldum».
İlk nüvə silahı 1945-ci ilin avqust ayında ABŞ tərəfindən istifadə olunub. İkinci Dünya Müharibəsinin son mərhələsində Yaponiyanın Hirosima şəhərinə 6 avqustda «Little Boy» adlı uran bombası, Naqasaki şəhərinə isə 9 avqustda «Fat Man» adlı plutonium bombası atılaraq bu silahın tarixdə ilk və yeganə real müharibə istifadəsini həyata keçirib. Hirosima bombasının gücü 15 kiloton, Naqasaki bombasının gücü isə 21 kiloton idi.
Hirosima və Naqasaki bombardmanları nəticəsində ilk günlərdə təxminən 200.000 insan həlak olmuş, sonrakı illərdə isə radiasiya xəstəliklərindən daha minlərlə insan vəfat etmişdir. Hibakusha (bomba qurbanları) adlanan sağ qalanlar uzun illər radiasiya xəstəliklərindən əziyyət çəkmişlər.
Soyuq müharibə dövründə nüvə yarışı
İkinci Dünya Müharibəsindən sonra SSRİ tez bir zamanda nüvə silahı yaratmaq üçün intensiv proqram həyata keçridir. İqor Kurçatovun rəhbərliyi altında sovet alimləri 29 avqust 1949-cu ildə Semipalatinsk sınaq poliqonunda ilk nüvə sınaqlarını həyata keçirmişdir. Bu tədbir ABŞ-nin nüvə inhisarına son qoymuş və «Soyuq müharibə» dövrünü başlatmışdır.
1952-ci ildə ABŞ ilk hidrogen bombası sınağını («Ivy Mike») həyata keçirmiş və bunun ardından SSRİ də 1953-cü ildə özünün hidrogen bombasını sınamışdır. 1961-ci ildə SSRİ tərəfindən partladılmış «Çar bombası» («AN602» və ya «İvan Qroznı» da adlanır) tarixdəki ən güclü nüvə bombası hesab olunur. Bu bombanın gücü 50 meqaton (orijinal layihədə 100 meqaton nəzərdə tutulmuşdu, lakin radioaktiv çirklənmənin həddindən artıq olması səbəbindən azaldılmışdır) idi və Naqasaki bombasından təxminən 2400 dəfə güclü idi. Novaya Zemlya arxipelaqında həyata keçirilən partlayış nəticəsində yaranan nüvə göbələyi 64 kilometr hündürlüyə qalxmış və partlayış Finlandiya, Norveç və Alaska-da belə hiss olunmuşdur.
Soyuq Müharibə dövründə həm SSRİ, həm də ABŞ atmosfer, sualtı və kosmosda minlərlə nüvə sınağı keçirmişdir. 1961-1962-ci illərdə Kuba Raket Böhranı zamanı dünya nüvə müharibəsinə ən yaxın an yaşamışdır.
Nüvə silahına sahib olan ölkələr
Hazırda dünyada doqquz ölkə nüvə silahına sahibdir:
ABŞ (1945) — İlk nüvə silahını yaradan ölkə, hazırda təxminən 5550 nüvə başlığına sahibdir.
Rusiya (1949) — Ən böyük nüvə arsenalına sahib ölkə, təxminən 6000 nüvə başlığı.
Böyük Britaniya (1952) — 3 oktyabr 1952-ci ildə Avstraliyada ilk nüvə sınağını keçirmiş, hazırda 225 nüvə başlığına sahibdir.
Fransa (1960) — 13 fevral 1960-cı ildə Sahara səhrasında ilk nüvə sınağını həyata keçirmiş, hazırda 290 nüvə başlığına sahibdir.
Çin (1964) — 16 oktyabr 1964-cü ildə Lop Nor sınaq sahəsində ilk nüvə sınağını keçirmiş, hazırda 350 nüvə başlığına sahibdir.
Hindistan (1974) — «Gülən Budda» adı ilə tanınan ilk nüvə sınağını 18 may 1974-cü ildə həyata keçirmiş, hazırda 160 nüvə başlığına sahibdir.
Pakistan (1998) — Hindustanın nüvə sınaqlarına cavab olaraq 28 may 1998-ci ildə nüvə sınaqları keçirmiş, hazırda 165 nüvə başlığına sahibdir.
Şimali Koreya (2006) — 9 oktyabr 2006-cı ildə ilk nüvə sınağını keçirərək NPT müqaviləsini pozmuş, hazırda 20-30 nüvə başlığına sahib olduğu düşünülür.
İsrail — Rəsmi olaraq nüvə silahına sahib olduğunu nə təsdiqləyir, nə də inkar edir (buna «strategic ambiguity» siyasəti deyilir), lakin beynəlxalq ekspertlər onun 80-400 arası nüvə başlığına malik olduğunu düşünürlər. İsrailin nüvə proqramı 1950-ci illərdə fransızların yardımı ilə başlamışdır.
Nüvə silahlarından imtina edən ölkələr
Bəzi ölkələr nüvə silahından könüllü şəkildə imtina edib:
Cənubi Afrika Respublikası (CAR) — 1979-1989-cu illər arasında altı nüvə cihazı yaratmış, lakin apartheid rejiminin sonunda 1989-cu ildə bütün nüvə silahlarını məhv etmiş və 1991-ci ildə NPT müqaviləsinə qoşulmuşdur.
SSRİ-dən müstəqillik qazanan ölkələr — Ukrayna (3000), Belarus (1000) və Qazaxıstan (1400) SSRİ dağıldıqdan sonra ərazilərində qalan nüvə silahlarını 1990-cı illərdə Rusiyaya təhvil verib.
Digər ölkələr — İsveç, İsveçrə, Braziliya, Argentina, Liviya və İran müxtəlif dövrlərdə nüvə silahı proqramlarından imtina etmişlər.
Tarixi nüvə qəzaları
Tarixdə bir neçə dəfə texniki nasazlıqlar və səhv siqnallar səbəbilə nüvə hücumu başlayacaqdı:
1983-cü ildə Stanislav Petrov hadisəsi — 26 sentyabr 1983-cü ildə sovet rədd-izləmə sistemində səhv siqnal ABŞ-dən beş raket hücumu göstərdi. Stanislav Petrov bu siqnalın texniki səhv olduğuna inanaraq qarşılıq vermədi və dünya nüvə müharibəsindən xilas oldu.
1995-ci ildə Norveç raket hadisəsi — Norveç və ABŞ tərəfindən atılan elmi raket Rusiya radiolokatorları tərəfindən ABŞ sualtı qayığından atılan raket kimi səhv şərh edildi. Rus prezidenti Boris Yeltsin hətta nüvə çantasını açıb qarşı-hücum hazırladı.
1999-cu ildə Y2K problemi — Rusiyada kompüter sistemlərinin 2000-ci il keçidində nasaz olması ehtimalı nüvə silah sistemlərində de ciddi narahatlıq yaratdı.
Ayda nüvə sınaqları planları
Həm SSRİ, həm də ABŞ bir zamanlar Ayda nüvə bombalarını partlatmağı planlaşdırıblar:
ABŞ-nin «Proyekt A119» planı — 1958-ci ildə ABŞ Air Force Ayın qaranlıq tərəfində nüvə partlayışı həyata keçirmək üçün gizli layihə hazırlamışdır. Bu plan həm Sovet Birliyi qarşısında güc nümayişi, həm də havasız mühitdə nüvə partlayışının təsirini öyrənmək məqsədi daşıyırdı.
SSRİ-nin «Proyekt E-4» planı — Sovetlər də oxşar planlar hazırlayaraq Ayda nüvə partlayışı ilə güclərini nümayiş etdirmək istəyirdilər.
Hər iki layihə çox bahalı və riskli olması, həmçinin beynəlxalq hüququn pozulması ehtimalı səbəbindən ləğv edilmişdir. Nüvə partlayışının radiasiya təsiri uzunmüddətli və irsi dəyişikliklərə səbəb ola bilər:
Çernobıl (1986) — Nüvə elektrik stansiyasındaki qəza 30 kilometrlik «ayrılma zonası» yaratmış və radiasiya Avropa qitəsinin böyük hissəsinə yayılmışdır.
Fukuşima (2011) — Yapon tsunami nəticəsində baş verən nüvə qəzası geniş ərazilərin təxliyəsinə səbəb olmuşdur.
Radiasiyaya məruz qalan ərazilərdə xərçəng xəstəlikləri artır, genetik mutasiyalar baş verir, torpaqlar uzun illər istifadəyə yararsız hala düşür və bioloji müxtəliflik azalır.
Amerikalı аstronоm, astrofizik və görkəmli elm təbliğatçısı Karl Saqan və digər alimlərin 1980-ci illərdə irəli sürdükləri nəzəriyyəyə görə, çoxsaylı nüvə partlayışları qlobal iqlim dəyişikliklərinə səbəb ola bilər. «Nüvə qışı» adlanan nəzəriyyəyə əsasən, atmosferə qalxan tüstü və toz buludları günəş şüalarını tutması nəticəsində yer üzündə istiliyin azalması baş verər. Bu da kənd təsərrüfatına zərbə vurur və qlobal aclıq yaradır.
Müasir vəziyyət və statistika
Hazırda Yer kürəsində təxminən 13.080 nüvə başlığı mövcuddur (2023-cü il məlumatlarına əsasən):
- Rusiya: 5977 başlıq
- ABŞ: 5428 başlıq
- Çin: 410 başlıq
- Fransa: 290 başlıq
- Böyük Britaniya: 225 başlıq
- Pakistan: 170 başlıq
- Hindistan: 164 başlıq
- İsrail: Məlumat yoxdur
- Şimali Koreya: 30 başlıq (təxmini)
Bu silahların bir hissəsi aktiv döyüş vəziyyətində saxlanılır, digərləri isə ehtiyat arsenal kimi qorunur. Nüvə silahlarının istifadəsi etik cəhətdən ciddi suallar doğurur. 2017-ci ildə Nobel Sülh Mükafatı nüvə silahlarının ləğvi üçün mübarizə aparan ICAN (International Campaign to Abolish Nuclear Weapons) təşkilatına verilmişdir.
2021-ci ildə «Nüvə Silahlarının Qadağan Edilməsi haqqında» beynəlxalq müqavilə qüvvəyə minmiş, lakin nüvə dövlətləri hələlik bu müqaviləni imzalamamışlar.
Nurlan Məmmədli
Veteran.az saytının redaktoru