Natiq Həsənov — Yaşasa idi 60 yaşı tamam olacaqdı

Bu gün silahdaşlarımızdan, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini və Mingəçevir şəhər şöbəsinin mərhum sədri Natiq Həsənovun doğum günüdür. Təəssüf ki, Natiq Həsənov artıq aramızda deyil, amma əgər sağ olsaydı, bu gün onun 60 illik yubileyini qeyd edirdik. İndi o, cənnətin sərin və dinc guşələrindədir, ruhu isə daima bizimlədir.
1965-ci ilin avqust ayının 27-də Göygöl rayonunun Toğanlı kəndində dünyaya gələn Natiq Həsənov həm vətənpərvər, həm də ailəsinə bağlı bir insan kimi yaddaşlarda qalmışdır. Ömrünü Vətənə, xalqına və azadlığa həsr etmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaətlə iştirak etmişdir. Onun cəsarəti və fədakarlığı yalnız sözlərlə deyil, döyüş meydanlarında da təsdiqlənmişdir.
Onun ruhu daim bizimlədir – hər bir addımımızda, hər bir uğurumuzda, hər bir Vətən uğrunda göstərilən şücaətdə onun xatirəsi yaşayır. Natiq Həsənovun həyatı və fəaliyyəti göstərir ki, əsl qəhrəmanlıq həm döyüş meydanında, həm də cəmiyyətin inkişafı üçün göstərilən əməyin hər bir anında ölçülür.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi olaraq bugün biz onun 60 illiyini böyük hörmət və ehtiramla xatırlayırıq. O, artıq cənnətdədir, amma xatirəsi, döyüşdə göstərdiyi şücaət və vətənpərvərliyi hər zaman qəlbimizdə yaşayacaq.
AVMVİB-in Mətbuat xidməti


