22.11.2024

(Hər ağrı və acını yaşayan döyüşçü yoldaşlara həsr olunur)


Hər tərəf istidən yanırdı. Saralan otlarda başını torpağa təfəf əydiyindən taqətdən düşmüş kimi görünürdü. Günəşin istisindən gizlənərək axşamın sərinliyini gözləyən canlılardan fərqli olaraq o, çox narahat idi. Ayağından aldığı yaranın dözülməz ağrısı, onun hərəkət etməsini çətinləşdirirdi.
Bura təsədüfən gəlmişdi. Aldığı zədədən huşunu itirərək, bir müddət daşların arasında qaldıqdan sonra, sağ qalmaq istəyi ağrisına güc gəlib onu oradan uzaqlaşdıraraq buraya gətirmişdi. Gündüz vaxtı bu vəziyyətdə diqqəti cəlb etmədən, sahəni keçmək isə mümkün deyildi.


Ətrafda irili xırdalı çuxurlar çox idi. Kol- kosla örtülmüş bu çuxurların ətrafında həyatına son qoya biləcək tələlər də ola bilərdi. Digər tərəfdən də sağ qalmaq üçün yeganə çıxış yolu, çüxurların birində gizlənərək, havanın qaralmasını gözləmək idi.


Ömrün gənclik çağları çox qəribə olur. Ağrısız-acısız, qayğısız, həm də kədərsiz…

Bəzən olub keçənlərin fərqinə belə varmadan günlərin necə keçdiyinə diqqət etmirsən. Tükənməz hesab etdiyin gücünü müqəddəs bir işə sərf edərək fərqlənmək istəyin də tükənməz olur. Sonunu düşünəndən qəhrəman olmaz deyiblər. Gözəl deyimdir.


Sonunu düşünməyənin də sonu bəlli olmaz. Bu da bir həqiqi həyat dərsidir. Hansı tərəfdən yanaşmağından asılı olmayaraq, həm həyat, həm də həyat haqqında olan deyimlər çox qəribə olur…


… Günəş ilk şəfəqlərini saçırdı. Təqib olduğunu bildiyi üçün tələsməli idi. Sahənin içərisinə doğru hərəkət edərək, hər tərəfi qanqalla örtülmüş bir yerdə gizlənmək çətin olsa da, ağriya dözərək susuzluqdan qurumuş dodaqlarını belə tərpətməyərək gözləməli idi. Yaralandığı üçün, parçaladığı ovuna sahib çıxa bilməyən bir yalquzağı xatırladırdı…


Yaman isti idi. Havadan asılı qalan leydə onun təqib olduğunu anlamış kimi, başının üstündə asılı qalaraq sanki burada heç kəsin olmadığını nümaiş etdirmək istəyirdi.


Bir neçə gün düşmən arxasında qalaraq topladığı məlumatlarla sağ salamat geri qayıtmalı idi. İşlər də pis getmirdi. Arxada onu gözləyənlərdən fərqli olaraq o, tək idi. Neyçün, tək gəlməyə razılıq verdiyini də anlamırdı. Bəlkə gəlmək istəyən yox idi…


Sadəcə o bunu araşdırmaq fikrində olmadığı üçün heyfslənmirdi. Belə lazım idi. Ona, keşiyində dayandığı vətəninə, minlərlə evsiz- eşiksiz və başsız qalmış nsanlara belə lazım idi. Həmişə etdiyi seçimlə fəxr edirdi. İnsan Vətəni ilə taninar. İnsan vətənini tanıtmaqla fəxr edər. Əks halda mövqeyindən asılı olmayaraq, başqalarının gözündə istənilən vaxt olduğun yerdən qovulan sərsəriyə çevrilə bilərsən…


Bəzən onu təqib edərək axrxasınca gələnlərin səsləri duyulurdu. Sahəyə girməyərək ətrafı diqqətlə arayanlar, onu görmürdülər…


Həqiqətəndə həyat qəribədir. Bəzən bu dəfə anlamadıqlarını, sonradan anlamağa məcbur olursan. Keçilən ömrün əbəs olmadığını həm anlamaq , həm də anlatmaq gözəl bir hisdir.


Hər kəsin çəkdiyi zəhmət, toplamda ümümi məqsədin həyata keçirilməsinə xidmət etməlidir. Məsələyə başqa cür yanaşma, birliyin dağılmasına səbəb olaraq, hər kəsin öz xeyri üçün çalışmasına şərait yaradır…


Onu sıxışdıraraq gizlənməyə vadar edən düşmənlər, gizləndiyi əraziyə qədər qan izini təqib edərək gələ bilsələr də, sahəyə girməyə cürət etmirdilər. Kənardan baxaraq məqamlarını güdürdülər.


Fürsətin onların üzlərinə güləcəyini gözləyərək, özgə zəhmətinə sahib çıxmaq istəyənlər kimi davranırdılar. Çoxları belə davranır. Tək düşmənlər yox…


Özgə zəhmətini mənimsəyərək, insan taleləri ilə oynayanlar, düşməndən də betərdirlər. Onların sevgisi ancaq dillərində olar. Qəlbən isə möhtac olduqlarına bağlı olarlar. Sahibindən alaçağı yağlı tikə naminə sürdükləri həyatın nəticəsində, qazannaraq topladıqlarını hər kəsdən gizlətmək üçün yaşayırlar. Qəribə həyatdır. Həm qulsan, həm də qazandığını gizlətmək üçün çalışırsan. Görünür onların sahiblərinə var- dövlətlərinin deyil, qullarının azalmaması daha önəmlidir…


Nə yazıq ki, o yaralı idi. İsti onu lap zara gətirmişdi. Bəzən həyatının ən maraqlı anlarını yada salaraq təsəlli tapırdı. Dostları, yoldaşları onu gözləyirdilər. O, döyüş tapşırığını yerinə yetirəndə, yaralandığı üçün gizlənmyə məcbur idi. Geri qayıdanda, düşməni səngərində necə parçaladığını hamıya danışmaq istəyirdi. Buna görə qayıtmağa dəyərdi…


Hərəkətsiz halda uzanaraq ağrıya qatlanıb susurdu. Gizlincə başının üzərində asılı qalmış kiçik, lakin azad yırtıcı quşa baxaraq gülümsəyirdi…

Şamil Novruzov

Müharibə veteranı

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: