03.04.2026

Dünya sənin nəyinə inanım?!

Mənim balam, bu dünyayla oynama,
Sən cavansan, dünya qoca dünyadı.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir dünya necə dünyadı…

— Ramiz Rövşən

Bu dünya – fanilik səhrasında qurulmuş kölgə saraydır. Qurani-Kərim buyurur: “Bilin ki, dünya həyatı ancaq oyun-oyuncaq, bər-bəzək və bir-birinizlə öyünməkdir…” (“Hədid” 20). Haqsız olan dünyadan, müvəqqəti olan dünyadan, nə Süleyman peyğəmbərə qalan, nə də səltənət sahiblərinə vəfa göstərən bu aləmdən nə gözləyirik? Dünya aldadar, amma axirət aldanmaz; dünya kölgədir, həqiqət isə nurdur. Hz Əli ibn Əbu Talib (ə) buyururdu: “Bu dünya mənim üçün çəyirtkənin ağzında çeynənmiş otdan da dəyərsizdir.” Bu söz zahidin deyil, qəhrəmanın sözüdür; Xeybərin qapısını qaldıran qolun, ədalətin qılıncı olan Zülfiqarın sahibinin sözüdür. O, dünyanı kiçiltməklə insanı ucaldırdı.

Çünki insan iki aləmin varlığıdır: bir tərəfi torpaqdan yoğrulmuş cisim, digər tərəfi ilahi nəfəsdən üfürülmüş ruhdur. Cisim torpağa dönər, ruh isə əbədiyyətə qanad açar. Ey insan! Cisminə çörək verdiyin kimi ruhuna da həqiqət ver. Cismin susuzluğunu su ilə yatırtdığın kimi ruhunun susuzluğunu iman, ədalət və mərhəmətlə yatır. Vətən uğrunda canını sipər edən şəhid cismini torpağa tapşırar, amma ruhu əbədiyyət səmasında ucalır. Qəhrəmanlıq da buradadır: fanini əbədiyə dəyişməkdə, torpaq üçün deyil, haqq üçün yaşamaqda. Dünya gəldi-gedərdir; dünən Seyyid vardı, bu gün yox; dünən sultanlar vardı, bu gün torpaq altındadır. Qalan yalnız haqq yolunda atılan addım, tökülən halal tər, vətən üçün döyünən ürəkdir. Ruhunu doyurmayan insan, cismini doyursa da ac qalacaq; çünki insanın əsl vətəni torpaq deyil, mənadır. Odur ki, ey insanlar! Faninin dalınca qaçıb əbədini unutmayın. Ruhunuzu elm, iman və vətən sevgisi ilə bəsləyin. Dünya qoca dünyadır – onu dəyişmək çətindir, amma öz ruhunu ucaldan insan dünyaya məna verər.

Mübariz Eldar oğlu AVMVİB-nin Neftçala rayon şöbə sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: