Beyləqanda şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı keçirildi

25 sentyabr 2025-ci il tarixində Beyləqan rayonunun Qəhrəman Kəbirli kəndində Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə ucaldılmış abidənin təntənəli açılış mərasimi keçirildi.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini Akif Həsənov, AVMVİB Beyləqan rayon şöbəsinin sədri Əlövsəd Məmməd, şəhid ailələri, qazilər, müharibə veteranları, müəllim və şagird kollektivi, eləcə də kənd ictimaiyyəti iştirak etdilər.
Açılış mərasimində çıxış edən AVMVİB sədr müavini Akif Həsənov şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, onların göstərdiyi qəhrəmanlıq və fədakarlıqlardan söz açdı. O, şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğuladı və belə bir müqəddəs məkanın tikilib başa çatdırılmasında əməyi olan bütün şəxslərə AVMVİB sədri Füzuli Rzaquliyev adından dərin minnətdarlığını ifadə etdi.
Çıxış edən digər natiqlər də şəhidlərin Azərbaycan dövlətçiliyinin qorunması uğrunda göstərdikləri fədakarlığı yüksək qiymətləndirərək, bu cür abidələrin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd etdilər.
Tədbir iştirakçıları sonda şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər və abidə önünə gül dəstələri düzdülər.
Elçin Qədirov






