27.07.2024

15 Sentyabr Bakının azad edilməsi günüdür!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvləri Sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin ildönümüylə bağlı Türk şəhidliyini ziyarət ediblər.


1918-ci il sentyabr ayının 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas ediblər. Azərbaycan və türk əsgərlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı ermənilərdən ibarət olan daşnak-bolşevik qüvvələrindən azad olunub. Bakını əldə saxlamaq üçün müxtəlif qüvvələrdən kömək uman daşnak və bolşeviklər buna nail ola bilməyiblər.

Qafqaz İslam Ordusunun avqustun 5-dən Bakı üzərinə intensiv hücumları qarşısında dayana bilməyən düşmənlər geri çəkilib.


Bu önəmli tarixi hadisənin 104-cü ildönümüdür.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirdi ki, 1918-ci il, sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bu tarixi bir gündür. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunsa da ölkənin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Belə şəraitdə özünün ağır durumuna baxmayaraq Türkiyə hərbi qüvvələrini Nuru Paşanın komandanlığı ilə Azərbaycana göndərdi.

Avropa ölkələri buna etiraz etsə də Türkiyə 1918-ci ilin avqust-sentyabrında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də Osmanlı və Azərbaycan türklərinin şücaəti və qanı bahasına Bakının azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini bütün ölkə boyu təmin etdi.


Nuru Paşa sentyabrın 16-da parad qəbul edərək təntənəli şəkildə şəhərə daxil oldu. Milli hökumətin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü və bu gün bu məzarlıqda adları keçən qəhrəman şəhidlərin sayəsində buradayıq. Bu Vətəni Vətən edən bütün şəhidlərimizi rəhmətlə anırıq.


Ziyarət əsnasında AVMVİB sədri Füzuli Rzaquliyev Bakı şəhər İcra Hakimiyyətinin Başçısı, daim müharibə veteranlarına diqqət və qayğısını əsirgəməyən Eldar Əzizovla da görüşüb.


Xatırladaq ki, uzun illər mübarizədən sonra, məhz Eldar Əzizov Başçı təyin olunduqdan sonra məzarsız qalan Daşaltı şəhidlərinin xatirəsini əks etdirən abidənin qoyulmasını müharibə veteranları unutmurlar.

Bu gün Vətən tarixinin şanlı günlərindən biridir. 104 il öncə doğma Bakımız öz azadlığına qovuşduğu gündür.


Fotolar Azad Musayevə məxsusdur.


Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: