19.03.2024

Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? – «REGNUM»UN ARAŞDIRMASI

Bir qədər Azərbaycan tarixi haqda, yaxud “Persiyada Boris Qodunova niyə “Ağ çar” deyirdilər” və yaxud niyə Persiya? Habelə cənab Tarasovun tarixi baxışlarının müsbət transformasiyaya doğru tendensiyaları haqqında.

Avropadan Çinədək çox böyük ərazidə Əhəmənilər, Sələvilər, Parfiya, Sasanilər, Ərəb Xilafəti, Səlcuqilər, Qəznəvilər, Atabəylər, Hülakülər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu dövlətləri, Qızılbaşlar, Nadirşah Əfşarın imperiyaları, habelə Rza şahın 1934-cü il tarixli qanununa (“fərman”a) əsasən meydana çıxan İran Şahənşahlığı dövləti uzun əsrlər boyu var olub. “Persiya” adı əsas mətnin fransızca yazıldığı, Rusiya imperiyası və Qacarlar dövləti adından imzalanmış 1828-ci il tarixli Türkmənçay barış müqaviləsi bağlanan zaman politonim kimi meydana çıxıb (mötərizədə açıqlama verilir ki, “Persiya” köhnə söz əsasında XIX yüzilliyin düzəltməsidir).

Lakin sözügedən politonimlərin Qərb tarixşünaslığında Orta Şərqin siyasi xəritəsinə bütün bu yaxşı düşünülmüş və məqsədyönlü tətbiqi proqramı niyə başlanıb? Bəzi faktlara üz tutaq. 1926-cı il noyabrın 15-də Pəhləvi sülalə soyadını (Sasanilər dönəminə müraciət) qəbul edən Rza şahın tacqoyma mərasimi baş tutub – bundan sonra iranizm ideyasının tətbiqi xeyli tutum qazanıb. Bu proseslərin yayıcısı bir başqası deyil, Britaniya kəşfiyyatının agenti, 1893-cü ildə vitse-kralın təşəbbüsü ilə Britaniya Hindistanından Tehrana ezam edilən və Qacarlar dövlətində fars icmasına başçılıq edən bombeyli fars Ərdəşirci oldu. Ərdəşirci öz qeydlərində vurğulayır ki, ona xoş gələn Rza xanı gələcək diktator kimi məhz o, tövsiyə edib.

Rza Pəhləvi

Bəs Azərbaycanın bura nə dəxli? Qərb tarixşünaslığı Orta Şərqin dövlətini uzun illər “Persiya” politonimi altında təqdim edib, amma Azərbaycan türkləri çağdaş İranın hüquqi varisi olduğu Qızılbaşlar imperiyasının dövlətyaradıcı etnosu olublar. Diqqəti Rza şahın etnik mənşəyinə cəmləşdirməyi önəmli sayırıq. Onun anası Azərbaycanın Ayrumlu nəslindən – Qafqaz Azərbaycanının Göyçə (Sevan) gölü bölgəsinin mühacirlərindən, atası isə Mazandaran ostanından çıxıb. Rzanın cəmi 9 yaşı olarkən gələcək şahın atası ölüb. Atasının ölümündən sonra onu dayısı Məhəmməd Hüseyn xan Ayrum tərbiyə edib. Sonradan kazak diviziyasının baş zabiti Teymur Ayrumlunun qızı, daha sonra İranın son şahı olan Məhəmməd Rza Pəhləvinin anası Tacülmülkə evlənib.

Amma bu zaman sual yaranır: niyə Məhəmməd Rza şah atası Rza şah kimi paniranizm ideologiyasının yayıcısı idi? Cavab bayağı dərəcədə sadədir. Kazak diviziyasının zabiti Rza şahı hakimiyyətə sonradan onu taxtdan əl çəkməyə də məcbur edən ingilis kəşfiyyatı gətirmişdi. Britaniya imperiyasının siyasi və iqitsadi maraqları əsasən İranın farsdilli əhalinin üstünlükdə yaşadığı cənub və mərkəzi hissəsinə cəmləşmişdi. Əhalinin bu hissəsinə təsir onun maraqlarına cavab verirdi, halbuki əsasən Azərbaycan türklərinin məskunlaşdıqları şimal ərazilər Rusiya imperiyasının maraq dairəsindəydi. İctimai inkişaf səviyyəsi xeyli yüksək olan Qafqaz Azərbaycanının təsiri nəticəsində burada modernləşmə prosesləri daha intensiv gedirdi. Bunun sübutu İran, Əfqanıstan, Tibetdə nüfuz dairələrinin bölünməsi haqda 1907-ci il tarixli İngiltərə-Rusiya sazişidir.

1905-ci ildən Qacarlar dövlətində konstitusiya uğrunda “Məşrutə” hərəkatı çərçivəsində Azərbaycan türklərinin milli-azadlıq hərəkatı başlanır. Bu mübarizənin ilk mərhələsində Səttar xan və Bağır xanın öndərliyi altında muxtariyyət əldə etmək məsələsi qoyulmuşdu. Artıq 1920-ci ildə isə Şeyx Xiyabaninin başçılığı altında “Azadistan” (Azadlıq ölkəsi) respublikası elan edilmişdi. Britaniya imperiyasına Qacarlar dövləti xalqlarının müstəqillik uğrunda hərəkatını necəsə dayandırmaq gərək idi. İngilis kəşfiyyatı Azərbaycan türkləri Səttar xan və Bağır xanla bağlı sıradakı addımları atıb: Səttar xan və Bağır xanın keçmiş silahdaşı Yefrem Davidyantsı (ayaması “Daşnak”) ələ alıb, Tehran polisinin rəisi vəzifəsinə təyin etdi və o, sonralar Səttar xanın fədai dəstələrini aldadaraq Tehrana gətirib, parlament binasının yaxınlığında yerləşən “Topxana” meydanında ona verilmiş ingilis toplarıyla atəşə tutdu.

Səttar xan və Bağır xan

İngilis kəşfiyyatı müstəqillik uğrunda Azərbaycan hərəkatının lideri Şeyx Xiyabani ilə bağlı başqa üsul tətbiq edib: Qacarlar dövlətində Azərbaycan türklərinin milli-demokratik hərəkatını qanda boğan İsmayıl Ağa Simkonun kürd bandit birləşmələri, habelə şahsevənlər tayfasının rəhbərliyi satın alınıb. Şeyx Xiyabani 1920-ci il noyabrın 15-də öz dostunun evində İsmayıl Xan Simko tərəfindən öldürülüb. Britaniya kəşfiyyatı bu qayda ilə Azərbaycan türk xalqının siyasi oyanışını və dövlətin ərazisində yeni milli-demokratik idarəçilik sisteminin formalaşmasını dayandıra bilib. Söz düşmüşkən, qeyd etmək gərəkdir ki, paniranizm ideologiyasının atası Əhməd Kəsrəvi də (milliyyətcə Azərbaycan türkü idi – red.) Britaniya imperiyasının rəsmi təmsilçiləri ilə gizli təmaslara görə Şeyx Xiyabaninin Azərbaycan hökuməti tərəfindən Təbrizdən (Güney Azərbaycan) çıxarılıb.

İkinci məsələ fars milli özünüdərkinin formalaşmasına aiddir. Şübhəsiz, Firdovsi böyük “Şahnamə” dastanını yaradaraq, fars dilini türkləşməkdən qoruya bilib. Amma başqa bir şeyi də qeyd etmək gərəkdir: Azərbaycanın XI əsrdə türkləşdiyi haqda tezis heç bir tənqidə dözmür! Bu necə olur ki, tarixi dövrün hansısa qısa bir müddətində geniş və əhalisi sıx Azərbaycan ərazisinin türkləşməsi baş verir?

IX yüzilliyin ərəb müəllifi Əbu Məhəmməd Əbdül ibn Hişam məlumat verir ki, Azərbaycana yeni yürüş qəsdinə düşən Əməvi xəlifəsi I Müaviyə (661-680) öz müşaviri əl-Curhumidən bu ölkə haqda ətraflı məlumat əldə etmək istəyir və ibn Hişamın yazdığı kimi, əl-Curhumi xəlifənin Azərbaycanla bağlı hansı narahatlıq və xatirələri olduğu haqda sualını cavablandıraraq deyir: “Ora türklərin torpağıdır. Onlar ora yığışaraq qaynayıb qarışıb və təkmilləşiblər”.

Farslar üçün həqiqi tarix Sasanilər imperiyasından başlanır. İran xoronim, yəni coğrafi anlayış kimi var olub. “Fars xalqı”, “farsdilli ədəbiyyat” etnonimləri buradandır. İran habelə çağdaş Fars ostanı və imperiyanın adını deyil, Əhəməni imperiyasında tarixi Parsua (“diyar”, “ucqar” deməkdir) vilayətinə uyğun gələn dövlətdaxili politonimi bildirir. “Parsua”, yaxud “Parsa” vilayəti imperiyanın ucqarında yerləşirdi ki, bu da, ola bilsin, sərhədyanı sahəni bildirib. Parsa sözünün etimologiyasının başqa izahları da var. Bəzi alimlərin fikrincə, parsa sözü həmçinin şumer dilindən mənimsənilib və “döyüş baltaları xalqı” kimi tərcümə olunur.

Tarix elmində Əhəmənilər dövlətindəki dillər haqda mübahisə indiyədək səngiməyib. Bəzi araşdırıcılar iddia edirlər ki, qədim fars mixi yazısını I Dara dini ayin üçün “icad edib”. İmperiyada uzun müddət üstün dil Hind-Avropa dil ailəsinə aid olmayan (aqqlütinativ) elam dili olub. “Fars imperiyası” termini xəritələrdə, Avropa siyasətçiləri və alimlərinin əsərlərində yalnız XV-XVI yüzilliklərdə meydana çıxıb. Lakin qeyd etməyi mümkün sayırıq ki, ərəbdilli, farsdilli və türkdilli xəritələrdəki politonim, xoronim və etnonimlər yunan, latın və Avropa dillərində tərtib edilmiş xəritələrdən fərqlənir. Eyni zamanda Qədim Yunanıstanın bəzi dramaturqlarının əsərlərində farslar xalq kimi iştirak edir, amma bununla yanaşı, imperiyanın adı kimi “Persiya” yoxdur. “Persiya” dövləti adıyla çoxlu sayda xəritələr isə Avropa hökmdarları, coğrafiyaçıları və xəritəçilərinin siyasi manipulyasiyasıdır. Dövlətlər antik dönəmdə və yaxud erkən və sonrakı orta əsrlər dönəmində çağdaş dövrdəkindən fərqli ad daşıyırdı. Nə Fransa, nə İtaliya, nə Almaniya var idi – Farsistan, xüsusən də imperiyanın adı kimi Persiya yox idi.

Azərbaycanın farsdilli şairləri, alimləri haqda məsələni özəl qeyd etmək istəyərdik. Azərbaycanın böyük şairləri Xaqani Şirvani, Nizami Gəncəvi, Fələki Şirvani – adlar siyahısını davam etdirmək olar – farsca yazıblar, amma bu, hamının qəbul etdiyi ədəbi dil idi. Avropada latın dili belə bir dil idi, amma heç kim almanları, ingilisləri, polyakları, fransızları italyan adlandırmır. Məsələn, özünü türk sayan Nizami niyə fars olmalıdır? O, “Xosrov və Şirin” poemasında türk olduğundan yazır. Çox böyük sayda fars fəlsəfə, riyaziyyat, kimya, tibb üzrə ərəbcə risalələr yazıb, amma buna görə ərəb olmayıblar. Yeri gəlmişkən, qeyd edək ki, Böyük Şah Abbas özünə İran və Turanın, yəni Mərkəzi Asiyada məskunlaşmış xalqların nağıl və əfsanələrinə əsaslanmaqla “Şahnamə” dastanındakı iranlılar və türklərin Şahənşahı titulunu götürərək, sanki Sasanilər imperiyasının imperatoru və hüquqi varisi adına iddia edib. Özəl qeyd etmək istəyirik: söhbət yalnız tituldan gedir! Bu zaman qeyd etmək gərəkdir ki, “Şahnamə”də əsas hadisələr indiki Xorasan, Sistan, Kirman ostanlarının ərazisində, yəni imperiyanın şərq hissəsində baş verir.

İran bir politonim kimi yalnız XX, İran və Turanın Şahənşahı titulu kimi isə XV-XVI yüzilliklərdə meydana çıxıb. Təkcə Böyük Şah Abbas deyil, kiçik vassal dövlətlərin hökmdarları da sanki imperiya terminologiyasına üz tutaraq bu titulu işlədiblər. Bu termin ərəb qaynaqlarında XV yüzillikdə meydana çıxıb. Amma hətta Ağqoyunlu türk sülaləsindən Uzun Həsən kimi böyük hökmdar da özünə bu titulu götürüb. Vyana mühasirəyə alınandan sonra avropalılarda Osmanlı imperiyası qarşısında aydın qorxu yarandı və onlara Şərqdə Osmanlı imperiyasına qarşı duran bir dövlətlə ittifaq qurmaq gərək idi. Amma türk-sünni imperiyası deyil, başqası gərək idi! Belə bir dövlət 12 Azərbaycan türk tayfasının birləşməsinin nəticəsi kimi Qızılbaşlar imperiyası oldu. Bu tayfalar özlərinin imperiyasında üstün məzhəb kimi şiəliyin cəfərilik qolunu geniş yaymışdılar.


Qızılbaş

İranın hətta Azərbaycan türklərinə özəl rəğbətdə şübhə edilməsi çətin olan daha çağdaş araşdırıcıları türklərin Qızılbaşlar imperiyasındakı dövlətyaradıcı durumunu etiraf edirlər. Məsələn, çoxcildlik əsərin müəllifi Nəsrullah Fəlsəfi I Şah İsmayılı və qurduğu dövləti sıradakı şəkildə səciyyələndirir: “Şah İsmayıl özünü ata tərəfdən seyid, Əlinin törəməsi sayır və bu şəcərə ilə fəxr edirdi… (İsmayılın seyid, yəni ərəb mənşəyi haqda məsələ tarix elmində yetərincə yaxşı işıqlandırılıb, amma bu, sübut edilməyib – N.N.). Ana tərəfdən isə Həsən bəy Türkman Ağqoyunlunun (Uzun Həsən) nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin varisi sayırdı. Həmin dönəmin bütün hadisələrindən yaxşı məlum olduğu kimi, onun ardıcılları da əsasən türkman və tatar (müəllifin ternminologiyasına görə – N.N.) tayfalarından idilər. O, hətta taxta çıxandan sonra millətin iki əsas özülünə – İran mənşəyinə və onun dilinə nifrət edirdi. O, İranın köklü əhalisini tabe etdi və mənşəyinə görə türkman qızılbaş tayfalarından asılı etdi. O, şirin fars dilinin Osmanlı imperiyası və Hindistanda siyasət və ədəb dili olduğu bir vaxtda türk dilini İran sarayının rəsmi dili etmişdi”.

Bu fakt Avropa səyyahlarınn çoxsaylı məlumatları ilə təsdiq olunur. Özəlliklə İsfahanda olmuş İtaliya səyyahı Pyetro della Valle (1586−1652) Səfəvilər sarayında türk dilinin geniş işlədildiyinə şahid olub. O yazır: “Mən sarayda əmin oldum ki, Qızılbaşlar imperiyasında fars dilindənsə, daha çox türk dilində danışırlar. Doğrudan da türk dili saray dili, yüksəkməqamlı şəxslərin dilidir”.

Onun şəhadətinə görə, hətta başqa xalqların təmsilçilərindən yığılmış qulamlar da (qulluqçular) “öz aralarında türkcə danışırlar, çünki farscanı bilmirlər. Onlarda təlim türkcə aparılır və şah vaxtının böyük hissəsini onların arasında keçirir. Onlarla türkcə danışmaq şaha asandır. Türk dili zaman keçdikcə saray dili, dövlət başçısı və ordunun dili olub”.

1684-1685-ci illərdə Qızılbaşlar imperiyasında olmuş alman alimi Engelbert Kempfer də (1651−1716) oxşar durumla üzləşib. Kempfer yol qeydlərində qeyd edir ki, “Səfəvilər sülaləsinin doğma dili olmuş türk dili sarayda geniş yayılmış bir dildir. Türk dili saraydan yüksəkməqamlı və nəcib şəxslərin evlərinə qədər yayılıb və nəticədə belə alınıb ki, şahın sayğısını qazanmaq istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatıb ki, türk dilini bilməmək öz başının qədrini bilən hər kəs üçün günah sayılır. Türk dili Şərqin ən asan dillərindəndir”.


Şah İsmayıl

Türk dili XVI yüzillikdə Səfəvi dövlətinin xarici, o cümlədən Avropa dövlətləri ilə dövlət-diplomatik yazışmalarında da geniş işlədilməyə başlayıb. Məsələn, Qızılbaş hökmdarının Osmanlı sultanı II Səlimə, İngiltərə kraliçası I Yelizaveta Tüdora (1533 — 1603), Avstriya imperatoru II Ferdinanda (1619 — 1639), Saksoniya şahzadəsi və Polşa kralı Avqusta (1694−1733) məktubları və başqaları tarixi-ədəbi Azərbaycan türk dilində yazılmışdı. Azərbaycan türk dilinin Azərbaycan dilinə transformasiyası “bütün xalqların atası” yoldaş Stalinin qərarıyla (1939-cu il 15 noyabr tarixli fərman) həyata keçirilib. Beləliklə, bu, Azərbaycan xalqının iradəsilə deyil, ittifaq mərkəzinin siyasi iradəsilə həyata keçirilib.

Qeyd edək ki, Qızılbaş imperiyasının qurulduğu ana doğru Avrasiyanın geniş meydanlarında dövlətyaradıcı türk etnosuyla Səlcuqilər, Osmanlı, Ağqoyunlu, Qaraqoyunlu, Məmlüklər, Teymurilər, Baburlar (Böyük Monqollar), Qızıl Orda və onun hüquqi varisi Rusiya imperiyası kimi imperiyalar var idi.

“Persiyada Boris Qodunovu niyə “Ağ çar” çağırırdılar?” məqaləsində diqqət buna yönəldilir ki, fərmanlar, o cümlədən I (Böyük) Şah Abbasın sərəncamları qızılbaş dilində yazılırdı, izahat verilir ki, qızılbaş dili türk dildir. Müəllif bu zaman unudur ki, söhbət Azərbaycan türkcəsindən gedir. Bu tarixi dönəmə doğru türk dillərinin müxtəlif – Azərbaycan və Anadolu ləhcələrinin, daha dəqiq olsaq, təkcə Azərbaycandan deyil, həm də Xorasandan, Fars İraqından, Şərqi Anadoludan və hətta Suriya və Misirdən şairlərin şeir yazdıqları “tarixi Azərbaycan ədəbi dili”nin formalaşdığından inamla danışmaq olar. Bu, ilk Azərbaycan qızılbaş I Şah İsmayılın idarəçilyi dönəmində baş verir – bunun sübutu Azərbaycan türkcəsində onun əliylə yazılmış görkəmli şerlərdir. Böyük şairlər Həsənoğlu (XIII yüzillik), Nəsimi (XIV), Həbibi (XVI), Füzuli (XVI) və bir çox başqaları bu dildə yaradıblar. Bu məqalənin çərçivəsi bu mövzunu daha geniş işıqlanmdırmağa imkan vermir.


Şah İsmayılın əlyazması

Qeyd etmək istərdik ki, indi də İran İslam Respublikasında Ərdəbil (98,71%), Şərqi Azərbaycan (98,6%), Qərbi Azərbaycan (78%), Zəncan (98,2%), Qəzvin (67%), Həmədan (68%), Mərkəzi (34%), Savə (32%), Qum (31%) ostanlarında özlərinin doğma Azərbaycan türk dilində danışırlar (məlumatlar İİR-in rəsmi qaynaqlarından götürülüb). Həm də Azərbaycan türk əhalisinin sayı, haradasa 30-35 milyona çatır. Amma niyə dəqiq məlumat göstərə bilmirik? Çünki İranın milli azlıqlarından heç birinin dili dövlət səviyyəsində işlənmək hüququna malik deyil və nəticə kimi İİR konstitusiyası zəmanət versə də, milli mənsubluğu müəyyən etmək mexanizmi yoxdur. Qeyd etmək istərdim ki, İİR-də Azərbaycan türklərilə yanaşı qaşqaylar, türkmənlər, Xorasan türkləri, Kirman əfşarları kimi başqa türkdilli xalqlar da yaşayırlar. Türkmənlərdən savayı hamısı Azərbaycan dilinə yaxın dialektlərdə danışırlar (İraq və Suriya türkmanlarını da bura qatmaq olar).

Suriyanın “Karki ole Bet Selox” (V yüzillik) salnaməsinə və Roma tarixçisi Ammian Martsellinə görə, “Azərbaycan” politonimi Atarpatena/Atrapatena/Adorbayqan sözündən başlanıb. Bu politonim nə fars, nə də yunan dillərindən qaynaqlanır. V yüzillik Suriya salnaməsinə görə, sözün kökü 2700 il bundan qabaq e.ə. 612-ci ildə dövlət qurmuş hərbi başçı “Atrapat”, yaxud “Orbay” tituludur. Qafqaz Albaniyası dövləti e.ə. I yüzillikdə yaradılıb, amma Atropatenanın tərkibinə daxil idi. Azərbaycanda milli eyniyyətin formalaşmasına nisbətdə isə qeyd etmək artıq olmaz ki, Azərbaycan xalqı burada velosiped icad etməyib və bəzi qonşuların etdikləri kimi ətrafdakıları buna inandırmağa səy etməyib. Azərbaycanda millətin genezisi prosesi Avropada, Rusiyada və Şərq ölkələrində özünü göstərən ciddi, obyektiv qanunauyğunluqlar üzrə gedib. Rusiya imperiyasının tərkibində Şimali Azərbaycanın coşğun sənaye inkişafı və mədəni dəyişikliklər, milli burjuaziyanın formalaşması, milli özünü eyniləşdirmə cizgiləri qazanan ictimai şüurun büllurlaşmasıyla əlamətdar olan XIX yüzillik Azərbaycanın Yeni tarixində epoxa olub. Ölkədə başlanmaqla Mərkəzi və Şərqi Avropadakı tendensiyalara oxşar olan bu proses Azərbaycanın Şərqdə milli konsolidasiya əsasında təşkil edilən ilk cəmiyyətlərdən birinə çevrilməsini şərtləndirib. Məhz bu fakt 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının – müsəlman dünyasında respublika tipli ilk çağdaş dövlətin elan edilməsinə özül hazırlayıb.

Müəllif: Namiq NİFTULLAYEV,
regnum.ru / 09.02.2019

Qeyd. Bu məqalənin çərçivələri bu mövzunu daha geniş işıqlandırmağa imkan vermir, amma cənab Tarasovun Azərbaycanın siyasi tarixinə müraciət etdiyi faktının özü bizə son dərəcə aktual görünür.

Tərcümə: Strateq.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: