23.10.2025

Dövlətə sədaqət — Vətənə borcumuzdur!

Dövlətçiliyimizə, xalqımıza və müstəqilliyimizə qarşı yönələn hər bir cəhd — Vətənə xəyanətdir. Son dövrlərdə xaricdən və ölkə daxilindən dövlətimizin maraqlarına zərbə vurmağa çalışan, cəmiyyəti sarsıtmağa yönəlik fəaliyyətləri həyata keçirmək istəyənlər — Azərbaycanın müstəqilliyini və güclü dövlət quruculuğunu qəbul etməyən qüvvələr hələ də mövcuddur. Dövlətə və dövlətçiliyə xəyanət təkcə hüquqi məsuliyyət doğurmur — o, həm də insanlıq və vicdan qarşısında hesab verilməli olan ağır ittihamdır. Biz isə — şəhidlərin və qazilərin nümayəndələri olaraq — bunun üçün heç zaman göz yummayacağıq. Millətin tarixində, onun şərəfli səhifələrində əksini tapmış uğurların ardınca dayanan hər bir vətəndaş bu gün də milli maraqlara sadiq qalmağa borcludur.

Hər bir vətəndaşın və ictimai təşkilatın məsuliyyəti həm də ondadır ki, dövlətin maraqlarını qorumaq üçün ayıq-sayıq olsun. Biz 44 günlük Vətən müharibəsində gördük: birlik belə zamanda qüdrətə çevrilir. Bu böyük zəfər göstərdi ki, xain niyyətlərə, satqın planlara yer yoxdur.

AVMVİB olaraq bir daha bəyan edirik: bizim borcumuz — şəhidlərimizin qanı ilə əldə edilmiş nailiyyətləri qorumaq, milli həmrəyliyi möhkəmləndirmək və gələcək nəsillərə dövlətə sədaqət nümunəsini göstərməkdir. Dövlətçiliyimizə yönəlmiş destruktiv fəaliyyətlərə dözməmişik və dözməyəcəyik.

Bu gün də bizim üçün ən vacib prioritet — möhkəm milli birlikdir. Hər bir vətəndaş, təşkilat və ictimai qurum dövlətimizin yanında olmalı, düşmən təxribatlarının qarşısını almağa öz töhfəsini verməlidir.

Bizim tarixi yaddaşımızda Ulu Öndər Heydər Əliyevin adı daim uca yazılacaqdır. Onun müəyyən etdiyi dövlətçilik prinsipləri bu gün Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Bu siyasət sayəsində Azərbaycan öz suverenliyini bərpa etmiş, bölgədə yeni real reallıqlar yaratmışdır. Əldə edilən nailiyyətlər təsadüfi deyil — bu, xalqın birliyi, dövlətçilik ənənələrinə sadiqlik və qətiyyətli rəhbərlik nəticəsidir. Qoy Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasət, Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşan güclü dövlətçilik ənənələri bizi daim inkişafa, tərəqqiyə aparsın. AVMVİB-in adı həmişə xalqımızın suverenliyinin, azadlığının və bölünməzliyinin qorunmasında daim ön sırada olacaq.

Biz həmişə xalqımızın, dövlətimizin suverenliyinin keşiyində dayanan Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının sadiq əsgərləri kimi bir daha bəyan edirik ki, dövlətimizə, Prezidentimizə qarşı xəyanət və satqınlıq göstərənlər qarşılarında biz döyüşçüləri görəcəkdir.

Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: