20.10.2025

Təbrik: İlkin Ağayev — 39

Bu gün Vətən müharibəsi iştirakçısı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yasamal rayon şöbəsinin sədr müavini Ağayev İlkin Elman oğlunun ad günüdür.

İlkin Ağayev 1986-cı ildə Göyçay rayonunun Cəyirli kəndində anadan olub. 1992-ci ildə kənd orta məktəbinə daxil olan gənc İlkin, hələ uşaq yaşlarından xalqımıza qarşı edilən haqsızlıqlardan təsirlənmiş, qəlbində vətən sevgisi və ədalət hissi formalaşmışdır. Orta təhsilini 2001-ci ildə başa vurduqdan sonra, elə həmin il Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olaraq, 2005-ci ildə “Nəqliyyat vasitələrinin texniki istismarı” ixtisası üzrə təhsilini tamamlamışdır.

2005-ci ildə Göyçay Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan İlkin Ağayev Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmətə başlamışdır. Xidmət zamanı fərqlənərək “kiçik çavuş” rütbəsi almış, bacarığı və intizamı ilə seçilmişdir. Hərbi peşəkarlığını artırmaq məqsədilə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin gizir hazırlığı kursuna qəbul olunmuş, 2006-cı ildə tağım komandiri müavini və tank komandiri ixtisası üzrə təhsilini müvəffəqiyyətlə bitirmiş və “gizir” rütbəsi ilə xidmətini davam etdirmişdir.

2013-cü ildə ordu sıralarından ehtiyata buraxılan İlkin Ağayev, vətən sevgisini hər zaman qəlbində yaşadıb. 2020-ci ilin yayında Tovuz döyüşləri zamanı baş verən hadisələr onu yenidən Vətən yoluna səslədi. O, könüllü şəkildə cəbhəyə yazıldı və 27 sentyabr 2020-ci ildə Ali Baş Komandanın əmri ilə başlanan Vətən müharibəsinə qatıldı. İlkin Ağayev Füzuli və Cəbrayıl rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə böyük fədakarlıq göstərərək, əsl qəhrəmanlıq nümunəsi sərgiləmişdir.

Hazırda ehtiyatda olan gizir İlkin Ağayev AVMVİB Yasamal rayon şöbəsinin sədr müavini kimi fəaliyyət göstərir, müharibə iştirakçıları və şəhid ailələrinin sosial rifahı, həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində fəal ictimai iş aparır.

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: