20.08.2025

Romanovlar süsləsinin sonunu gətirən gözlənilməz təsadüf

Xalqları əsarət altına almış və I Dünya Müharibəsinə daxil olmuş Rusiya imperiyasını idarə edən Romanovlar ailəsində baş vermiş üzücü hadisə bütün ölkəyə yayılır: hemofiliyadan əziyyət çəkən varis – balaca Alekseyin xəstəliyinə heç bir həkim əlac tapa bilmir. Çar ailəsi ümidini itirdikdə, naəlac qalıb bir xəbərin səsadı ardınca getməli olur: Sibirin dərinliklərində, Tanrıya yaxın bir kənddən gələn, möcüzəvi qüvvələrə malik bir kəndli varmış – adı da Qrigoriy Rasputin.

Əvvəlcə bu xəbərə inanmırlar. Çariça Aleksandra saray həkimlərinin və Avropadan gətirilmiş professorların sözlərinə inanmaq istəyir. Amma oğlunun əzabları, qanı dayanmayan yaraları və hər an ölüm qorxusu onun bütün dirəncini qırır. Və nəhayət ümidini itirmiş çar ailəsi Rasputini saraya dəvət edilir.

Qapılardan içəri girən bu adam nə zadəgan idi, nə alim, nə də ruhanilərin gözündə müqəddəs. Sadə bir kəndli idi – uzun saçları, dırnaqalrının arasına torpaq dolan kobud əlləri, baxışlarında isə qəribə bir cazibəsi vardı. O, nə dərman yazır, nə də mürəkkəb tibbi əməliyyatlardan danışırdı. Sadəcə dua edir, pıçıldayır, əllərini göyə qaldırır, bəzən də uşağın yanında saatlarla sakitcə otururdu. Digər onun bu davranışı möcüzə ilə bitirdi: Alekseyin qanı dayanır, ağrıları azalır, gecələr daha rahat yatırdı. Elm adamları bunu izah etməkdə çətinlik çəkirdilər və təsadüf adlandırırdılar. Lakin Alekseyin anası, çariça Aleksandra Feodorovna Rasputinə bütün varlığı ilə inanmağa başaldı və ona ilahi vergi malik şəfaçı kimi itaət göstərdi.

Beləcə, Rasputin tədricən ailənin xilaskarı, çariçanın isə ən etibarlı dayağına çevrilir. Onun sözü həkimlərin hökmündən güclü olur. Bir müddətdən sonra o, yalnız körpənin deyil, bütün Romanov sarayının taleyinə qarışmağa başlayır. Saray dəhlizlərində onun addım səsləri eşidildikcə zadəganların ürəyinə qorxu düşməyə başlayır. Çünki onlar hesab edirdi ki, taxtı silkələyən təhlükə nə I dünya müharibəsi, bə siyasətçilər, nə də xalq üsyanı deyil, məhz bu qəribə kəndlidir.

Sanki Rusiyanın min illik tarixi bir anda kəndli paltarında içəri daxil olmuş və Romanovların evini içəridən çökdürməyə başlamışdı. Çar ailəsi getdikcə Rasputinin sehrli nəfəsinə daha da bağlanır, saray əyanları isə nifrət və qorxu ilə gözləyirdi: bu adamın ayaq izləri imperiyanın sonuna aparırdı. Hətta iş o yerə gəlib çatdı ki, bəzi nazirlərin təyinatı məhz Rasputinin tövsiyəsi əsasında baş tutdu. Bu artıq həyəcan siqanlı idi. Rasputinin təsiri nəticəsində dövlət işlərində onun və yaxınlarının müdaxiləsi çox böyük narazılığa səbəb olmuşdu və bu da Romanovların nüfuzunun zədələnməsinə yol açdı. Sadə xalq kütləsi dövlət işlərini adi bir kəndlinin idarəsinə keçməsini qəbul edə bilmirdilər. Bu isə xalq arasında çarın nüfuzunu heçə endiridi. Romanovlar nə qədər ona sığınırdılarsa, xalqla aralarındakı uçurum bir o qədər dərinləşirdi. Vaxt keçdikcə xalq çara, onun ailəsinə və Rasputinə nifrət etməyə başladı. Bu nifrət isə inqilabın ilk qığılcımlarından partlamağa hazırlaşan böyük bir barıt çəlləyini doldururdu.

Bu prosesi izləyən saray əyanları və zadəgan silki Rasputinə qarşı sui-qəsd hazırlamağı planlaşdırır. Onlar düşünürdülər ki, əgər Rasputin sağ qaldıqca xalqın nifrəti kükrəyəcək və sonda çar devriləcək, o zaman isə zadəganların da varlığına son qoyulacaq.

Bəli, Romanovların süqutunun min səbəbi vardı: kasıb kəndlilərin üsyanı, şəhərlərdə çörək növbələri, səngərlərdə qırılan milyonlar. Amma bu süqutun üzərinə Rasputinin kölgəsi düşdü. Tarix, çox vaxt, böyük imperiyaların məğlubiyyətini gülməli və banal bir səbəblə yadda saxlayır. Rasputin isə bu banallığın simvolu oldu – bir kəndli bütün bir sülalənin taleyini dəyişdi. Nəhayət, 1916-cı ilin qaranlıq bir dekabr gecəsində zadəganlar ona sui-qəsd təşkil etdilər. Əvvəlcə onu zəhərlədilər – ölmədi. Güllələdilər – yenə ayağa qalxdı. Axırda buz kimi Neva çayına atdılar. Əfsanəyə görə, səhəri gün onun cəsədi çayda tapılanda hələ də nəfəs almağa çalışırmış.

Lakin Rasputinə qarşı sui-qəsddən sonra vəziyyət düzəlmək əvəzinə daha da pisləşdi. Əvvəlcə I Dünya Müharibəsində məğlubiyyət və bu məğlubiyyətin gətirdiyi iqtisadi böhran, çörək qıtlığı və ərzaq üçün uzun növbələr, xalqın aclıq və narazılığı Fevral inqilabına (1917) gətirdi. Nəticədə II Nikolay taxtdan əl çəkdi, Romanov sülaləsi devrildi.

arix göstərir ki, böyük imperiyalar yalnız güc, silah və siyasət vasitəsilə yox, bəzən ən gözlənilməz və adi hadisələrin təsiri ilə də sarsılır. Rasputin isə qorxu və sirrin qarışığı kimi, bir əfsanəyə çevrilərək nəsillərin yaddaşında yaşayır. Onun həyatı və ölümü, imperiyanın çöküşünün ön sözüdür – sanki tarix öz gizli dərslərini pıçıldayır: bəzən böyük imperiyaların taleyini dəyişdirən səbəbin arxasında sadə bir insan taleyi dayanır.

Nurlan Məmmədli

Veteran.az saytının redaktoru

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: