Erməni deputat: «200-ə yaxın hərbçimiz əsirlikdədir»
Ermənistan parlamentariləri AŞPA-da keçirilən iclasda hərbi əsirlər probleminin tezliklə həll edilməsinin vacibliyini bildiriblər.
Qalanews bu barədə Ria Novosti-ə istinadən xəbər verir.
Məlumatda bildirilir: «Azərbaycanda saxlanılan erməni hərbi əsirlərinin məsələsi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında müzakirə olunub. Bu barədə AŞPA-dakı erməni nümayəndə heyətinin üzvü Mikael Melkumyan Facebook-da məlumat verib.»
İclasda Azərbaycan nümayəndə heyətinin üzvləri də iştirak edib.
Melkumyanın sözlərinə görə, erməni parlamentarilər yaranmış vəziyyəti təqdim edərək, 200-ə yaxın erməni hərbçisinin əsir düşdüyünü, Azərbaycan hakimiyyətinin onları girov kimi saxladığını və məsələnin qısa müddətdə həll olunacağına ümid bəslədiklərini bildiriblər. Həmçinin deyilir ki, Avropa İnsan Hüquqları Məhkəməsi əvvəllər bu problemlə yaxından maraqlanırdı, lakin məsələ hələ də həllini tapmayıb.
«Azərbaycan nümayəndə heyəti cavabında bəyan edib ki, bu şəxslər əsir deyil, «terrorçular»dır. Səməd Seyidov bildirib ki, biz AŞPA səviyyəsində ölkələrlə dialoq qurmalıyıq. Yəni ölkələrdən yox, ölkələrlə danışmalıyıq. AŞPA-da bəzi mövzuları müzakirə etməklə səhv yola istiqamət vermək cəhdləri var. Erməni «hərbi əsirlər»lə bağlı məsələni, bu mövzunun detallarını bilmədən AŞPA-da müzakirəyə çıxarmaq cəhdi yalnız iki ölkə arasındakı sülh prosesinə zərər gətirə bilər».