24.09.2026

AVMVİB-in Yardımlı rayon şöbəsinin xeyriyyə aksiyası davam edir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayon şöbəsi aztəminatlı və sosial dəstəyə ehtiyacı olan ailələrin, eləcə də müharibə veteranlarının övladlarına yardım göstərilməsi istiqamətində xeyriyyə fəaliyyətini davam etdirir.

AVMVİB sədri Füzuli Rzaquliyevin və sədr müavini Hacı Vahidin tövsiyələri əsasında həyata keçirilən yardım aksiyası çərçivəsində indiyədək ehtiyacı olan ailələrin və veteranların övladlarına ümumilikdə 181 dəst məktəbli forması təqdim edilib. Bundan əlavə, aztəminatlı ailələrə 28 adda müxtəlif geyim verilib.

Xeyriyyə aksiyasının növbəti mərhələsində əvvəlcə iki uşağa məktəbli forması təqdim olunub. Daha sonra Yardımlı rayonunun Şəfəqli kənd məktəbində 30 uşaq məktəbli forması ilə təmin edilib. Günün sonunda daha iki uşağa forma təqdim olunmaqla yardım alan məktəblilərin ümumi sayı 181-ə çatıb.

AVMVİB-in Yardımlı rayon şöbəsinin sədri aksiyaya dəstək göstərən Türbətə, Şəmiyyəyə, “065” qrupuna, Rasim Şərifova, Aböysətə, Telavardan Ağayevə, Fikrətə, Elşənə, Elşada, Aqid bəyə, xüsusilə Hacı Azada və Faiq Əliyevə, eləcə də xeyriyyə təşəbbüsünə töhfə verən bütün şəxslərə təşəkkürünü bildirib. Qeyd olunub ki, yardımların maliyyələşdirilməsində şöbə sədrinin şəxsi ailə büdcəsindən ayrılan vəsait də mühüm yer tutur.

Bildirilib ki, başladılan xeyriyyə marafonu davam etdiriləcək. Məqsəd imkan daxilində daha çox ehtiyacı olan ailəyə və məktəbliyə dəstək göstərməkdir. Bu nəcib təşəbbüsə qoşulmaq istəyən hər kəsin dəstəyi məmnuniyyətlə qarşılanır.

“El gücü, sel gücü. Birlikdə daha çox ailənin sevincinə səbəb ola bilərik.”

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: