Əbədiyyətə qovuşan eşq və zəfər işığı
Neftçalada Anım Günü
Eşqin və Vətənin fəlsəfəsi: Şəhidlik məqamı
Klassik Şərq ədəbiyyatında və təsəvvüf fəlsəfəsində «eşq» anlayışı sadəcə dünyəvi duyğu deyil, həm də insanı əqlin və nəfsin hüdudlarından qaldırıb Mütləq Varlığa – Haqqın özünə qovuşduran ən uca körpüdür. Sufi təfəkküründə canını və varlığını Vətənə, haqq yoluna fəda etmək – fani dünyadan əbədi aləmə açılan ən şərəfli qapıdır.
27 Sentyabr Anım Günü də məhz bu fəlsəfi həqiqətin – canın fəda, ruhun isə əbədi yaşar olduğu uca bir məqamın təntənəsidir. Azərbaycanın hər yerində olduğu kimi, Neftçala rayonunda da bu müqəddəs gün dərin ehtiram və ruhani bir hüzurla yad edildi.
Şəhidlər məzarlığında ziyarət və vəfa ənənəsi
Bu əlamətdar gündə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Neftçala rayon şöbəsinin sədr müavini, psixoloq Manafov Rahim Məmmədəli oğlu təşkilatın üzvləri ilə birlikdə Neftçala Şəhidlər məzarlığını ziyarət etdi.
Səfər zamanı şəhidlərimizin əziz ruhuna Quran ayələri və dualar oxundu. Rahim Manafov AVMVİB-nin sədri Füzuli müəllimin və bütün təşkilat kollektivinin salamlarını şəhid ailələrinə çatdıraraq bildirdi ki, Vətən uğrunda canından keçən igidlərimizin xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır. Birliyin hər zaman şəhid ailələrinin və qazilərin yanında olduğu, onların problemlərinə həssaslıqla yanaşdığı bir daha bəyan edildi.
Ziyarətin sonunda şəhid ailələri ilə səmimi söhbətlər aparıldı, xatirə şəkilləri çəkildi. Bu görüş həm də nəsillər arasındakı mənəvi bağın, sədaqətin və vətənpərvərlik ruhunun unudulmaz təzahürünə çevrildi.
«Ölən tanrı aşiqi deyil, eşq yolunda can verən əbədiyyət qazanandır.»
Bizlər də AVMVİB-nin Neftçala rayon şöbəsi olaraq, Vətənin bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizin müqəddəs qarşısında dərin ehtiramla baş əyirik.
Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə möhkəm cansağlığı diləyirik. Onların qanı ilə yazılan bu Zəfər tarixi hər zaman bizim mənəvi Mayakımız olacaqdır!
Seyyid Mübariz Eldar oğlu
AVMVİB-nin Neftçala rayon şöbəsinin sədri