27.09.2026

27 Sentyabr və 20 YanvarZəncirlərdən zəfərə ucalan tarix

Bu gün 27 Sentyabr – Anım Günüdür. Biz AVMVİB-nin Neftçala rayon şöbəsi olaraq öncəliklə bütün şəhid ailələri qarşısında baş əyir, şəhidlərimizin məkanının cənnət olmasını diləyir, onlardan bizə əmanət qalan qazilərimizə isə möhkəm cansağlığı arzu edirik.
Bəlkə də bir çoxumuza «27 Sentyabr və 20 Yanvar» başlığı ilk baxışdan qəribə gələcək. Lakin mənim üçün bu iki gün eyni tarixi və mənəvi yükü daşıyan, bir-birini tamamlayan müqəddəs günlərdir.
20 Yanvar – illərlə millətimizin rus şovinizminin əlində zəncirlənmiş buxovları qırdığı azadlıq başlanğıcının günüdür.
27 Sentyabr isə – illərlə haqsızlıqlara məruz qalan torpaqlarımızın azad olunmasına başlanan, ədalətin bərqərar olduğu qeyrət günüdür. Hər iki gündə Vətənimizin qeyrətli oğulları bu torpaq, bu millət üçün qan tökdü, can verdi.
Yaxşı deyiblər: “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz.” Həqiqətən də, bu iki gün bizlər üçün nə qədər kədərli və qəmli olsa da, bir o qədər qürurverici, mərdlik və qəhrəmanlıq dastanı kimi xatirəmizdə əbədi qalacaqdır.
Allah şəhidlərimizin ruhunu şad eləsin! Qazilərimizə cansağlığı diləyi ilə, «Başın sağ olsun, Vətən!» deyib millətimizin bu hüzünlü və qürurlu günündə başsağlığı diləyirəm.


Qəzəl
Ey Vətən, hər qətrə qanım, laləzar eylər səni,
Tökdü qanlar şövq ilə, Şəhidim var eylər səni!


Qırdı zəncir-buxovları parə-parə millətim,
İstəkli aşıqlərim dildər-dixar eylər səni.


İki tarixi gün vardır, hər gələndə ağlarıq
Amma biri də azad olub, bəxtiyar eylər səni


Biri hürriyyət bəqası, biri zəfər, nur saçar.
Mərd oğullar səf çəkib, tar-mar, nizar eylər səni!


«Şəhid qanı axmayan torpaqdan olmaz Vətən»,
Bu müqəddəs qan ey vətən, bəxtiyar eylər səni.


Hər kədər bir qürur verdi bu qəmli günlərdə,
Göz yaşın mərdlik ilə ləl-ü-gülnar eylər səni.


Seyyidin, bu qəmli yolda ruhu şad etmək üçün,
Hər nəfəs eşq ilə canı, yadigar verəm səni!

Seyyid Mübariz Eldar oğlu
AVMVİB-nin Neftçala rayon şöbəsinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: