22.11.2024

Hərbi Prokurorluğun rəhbərliyi hərbçilərlə görüşdü

Novruz bayramı ərəfəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi Aparatının və tabe hərbi prokurorluqların rəhbər vəzifəli şəxsləri Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumların yüksək rütbəli zabitləri, hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə Vətənimizin müxtəlif bölgələrində, o cümlədən 30 ilə yaxın işğal altında olmuş tarixi torpaqlarımızda yerləşən hərbi hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərin iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Həmçinin ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən bəhs olunmaqla, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.

Daha sonra şəxsi heyətlə görüşlərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin təbrik məktubu oxunub, hüquqi maarifləndirici mövzularda çıxışlar edilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb. Habelə onların qayğı və problemləri ilə maraqlanılıb, hərbi hissələrə müxtəlif məişət-elektrik avadanlığı, bayram sovqatları, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.

Sonda Novruz tonqalları alovlandırılıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: