26.08.2026

32 ilin hikmət və mərdlik yolu

Zaman təqvimlərin saralmış yarpaqlarında deyil, haqla batilin qarşılaşdığı şərəfli ömürlərdə və Vətən sevgisi ilə döyünən qəlblərdə ölçülür. Müqəddəs Kitabımızın «Allah yolunda öldürülənlərə ‘ölülər’ deməyin, onlar diridirlər» ilahi kəlamının nuru ilə, 26 avqust 2026-cı ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) dövlət qeydiyyatına alınmasının 32-ci ildönümünü mənəvi bir qürur və irfani dərinliklə qarşılayırıq.

Bu 32 illik şərəfli cığır — təkcə keçilmiş tarix deyil, «Qızıl Alma»ya, yəni Türk dünyasının mənəvi ucalığına və vahid ruhuna yönələn əhdə sədaqət yoludur. Silahdaşlıq — təkcə eyni səngərdə çiyin-çiyinə durmaq deyil, ruhların əbədiyyət aləmində bağladığı mənəvi peymandır. Biz AVMVİB Neftçala rayon şöbəsi olaraq, bu əlamətdar və müqəddəs gün münasibətilə təşkilatımızın hər bir fərdini, bütün silahdaşlarımızı səmimi qəlbdən təbrik edirik. Qardaş Türkiyə torpağından ruhumun bütün səmimiyyəti və dərin ehtiramı ilə başda təşkilatımızın ağsaqqalı, döyünən ürəyi Füzuli müəllim (Rzaquliyev) olmaqla, Vahid müəllimi, Niyazi müəllimi və adlarını qəlbimizə həkk etdiyimiz bütün silahdaşlarımı salamlayıram. Fani dünyadan əbədiyyət aləminə qovuşan ustad Xəqani Ədəboğlu, Kamil Şirinov və bütün şəhid qardaşlarımızın ruhi-müqəddəsi bizim üçün sönməyən mənəvi məşəldir. AVMVİB yarandığı ilk gündən etibarən şəhid ailələrimizin göz yaşlarına mənəvi məlhəm olmuş, qazilərimizin ağrısını və qürurunu öz qəlbində daşımışdır. Şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğı təşkilatımız üçün sadəcə ictimai bir vəzifə deyil, ilahi bir əmanətə sədaqət, vətəndaşlıq və insanlıq borcudur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi və ordumuzun qəhrəmanlığı ilə taclanan Qarabağ Zəfəri veteranlığın mahiyyətini daha da ucaltdı.

Daşkənddə imzalanan «TURAN» veteranlar birliyi memorandumu və Azərbaycan-Özbəkistan «Əbədi Dostluq» müqaviləsi göstərdi ki, bizim mübarizəmiz coğrafi sərhədləri aşan milli və irfani Birlikdir. Laçınla Buxaranın, Xankəndi ilə Ürgəncin qardaşlaşması ruhlarımızın eyni hikmət çeşməsindən su içdiyinin təzahürüdür. İlahi! Bu müqəddəs yolda çəkilən hər bir zəhməti Öz dərgahında ali məqama ucalt! Əllərimizi dərgahına qaldırıb dua edirik: AVMVİB-in binasını daha da möhkəm, nüfuzunu və birliyini daim uca eylə! Birliyimizin gələcək fəaliyyətində daha böyük zəfərlər, Uca Yaradandan yeni-yeni uğurlar və müvəffəqiyyətlər diləyirik. Sədrimiz Füzuli müəllim başda olmaqla bütün veteranlarımıza uzun, bərəkətli ömür və möhkəm cansağlığı bəxş elə. Birliyimizin bayrağı Türkün şərəf və hikmət göylərində daim dalğalansın, şəhidlərimizin məkanı cənnət, qazilərimizin ömrü izzətli olsun. Vəssəlam.

Hörmətlə və dərin ehtiramla Mübariz Eldar oğlu
AVMVİB-nin Neftçala rayon şöbəsinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: