26 Avqust – Laçın Şəhəri Günüdür
Bu gün Azərbaycanda Laçın Şəhəri Günü qeyd olunur. 26 avqust tarixi Laçın şəhərində Azərbaycan Ordusunun tam yerləşməsi və şəhərə nəzarətin bərpa olunması ilə tariximizin qürurlu səhifələrindən birinə çevrilib.
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbə təkcə torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnmədi, eyni zamanda illərlə doğma yurdlarından ayrı düşmüş insanların ata-baba torpaqlarına qayıdışına yol açdı. Laçın da bu gün həmin Böyük Qayıdışın ən mühüm ünvanlarından biridir.
İşğal illərində dağıntılara məruz qalan Laçın bu gün sürətlə yenidən qurulur. Şəhərdə və rayonun yaşayış məntəqələrində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, yaşayış məhəllələri salınır və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Bir vaxtlar həsrətin rəmzi olan Laçın bu gün Azərbaycanın quruculuq və dirçəliş siyasətinin simvollarından birinə çevrilib.
Laçının azadlığı uğrunda əldə edilən tarixi nəticənin təməlində Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin canı və qazilərimizin fədakarlığı dayanır. Bu əlamətdar gündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını qurban vermiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə və müharibə veteranlarımıza minnətdarlığımızı bildiririk.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev də 26 Avqust -Laçın Şəhəri Günü münasibətilə Azərbaycan xalqını, laçınlıları, şəhid ailələrini, qaziləri və müharibə veteranlarını təbrik edib. AVMVİB sədri bildirib ki, Laçında bu gün dalğalanan Azərbaycan Bayrağı şəhidlərimizin qanı, qazilərimizin və veteranlarımızın mübarizəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı hesabına qazanılmış tarixi Zəfərin rəmzidir. O, Laçının azadlığı və dirçəlişi münasibətilə xalqımızı təbrik edərək şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və veteranlarımıza möhkəm cansağlığı arzulayıb, “Laçın Şəhəri Günümüz mübarək olsun!” deyə qeyd edib.