Müdafiə Nazirliyi hərbi geyimlə bağlı HƏRƏKƏTƏ KEÇDİ
Vətən müharibəsi dövründə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və səfərbərlikdən tərxis edilmiş şəxslər, eləcə də bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə etməsi hallarının qarşısını almaq məqsədilə Müdafiə Nazirliyinin Hərbi polis bölmələri Bakı Qarnizonu və digər qarnizonlarda reydlər keçirir.
Bu barədə nazirlikdən məlumat verilib.
«Bildiririk ki, bəzi vətəndaşlar tərəfindən hərbi geyim formasını daşıma hüququnun pozulması müvafiq qanunvericiliyə ziddir.
Qeyd edək ki, hərbi geyim formasının daşınması “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamə və “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli Fərmanı ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim formasını qanunsuz daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə edilir.
Hərbi geyim formasını daşımaq hüququ olmayan şəxsləri hərbi geyim formasından istifadə etməməyə çağırırıq», — nazirlikdən bildirilib.