21 Sentyabr: Suverenliyin, iradənin və ilahi ədalətin təcəllası
Hər səmtə nur saçıldı, bu gün bir ziya gəldi,
Vətən mülkünə səfa ilə feyzi-həq gəldi.
******
Torpağın qüdrəti yox mədən ilə ölçülə,
Şəhidlərin qanıyla şanı-ula gəldi.
**
O qan içən quldurlar söküldü kökündən,
Vətənin səmtinə nuri-hüda gəldi.
*****
Seyyida, bu eşqin səcdəgahıdır torpaq,
Canan yolunda can verənə fəthəba gəldi
21 sentyabr — bu, sadəcə təqvim yarpağındakı rəqəm, təsadüfi bir tarix deyil. Bu gün bir xalqın əzəli torpağına, müqəddəs vətəninə və bütöv sərhədlərinə qovuşmaq üçün can atdığı, tarixin yaddaşına qızıl hərflərlə yazılan əbədi qələmli səhifələrdən biridir.
Suverenlik yalnız xəritədəki sərhədlərlə, biçilmiş xətlərlə ölçülmür. Əsl suverenlik milli iradənin, dövlətçilik ruhunun paklığı, haqqın və ədalətin təcəllasıdır. O, millətin sarsılmaz birliyi, müqəddəs Şəhidlərin axıdılan pak qanı, Qazilərin canı və fədakarlığı ilə ölçülən uca bir məfhumdur. Dövlətin gerçək qüdrəti təkcə torpağın bərəkəti, yeraltı və yerüstü sərvətləri ilə deyil, həm də onun mərd, igid oğullarının sinəsini sipər etməsi, Vətən eşqi ilə döyünən ürəkləri ilə ucalır.
Bu mübarək gün, 2023-cü il sentyabrın 20-də başlanan ədalətli antiterror əməliyyatının məntiqi davamı, haqqın nahaq üzərində zəfər çaldığı an kimi yaddaşlara həkk olundu. Həmin gün saat 23:45-dəqiqəyə başa çatan qəhrəmanlıq dastanı doğma yurdumuzun hər qarışının yağı tapdağından təmizlənməsi, torpağın öz sahibinə əbədi qovuşması ilə nəticələndi.
Necə ki klassik şərq fəlsəfəsində və təsəvvüfdə aşiq öz cananına qovuşmaq üçün hər cür fədakarlıqdan keçir, Azərbaycan xalqı da illərlə həsrətini çəkdiyi Vətən torpağına məhz belə ilahi bir eşq və sadiqliklə bağlandı. Bu zəfər torpağın səcdəgahına çevrildiyi, qanla sulanan daşların uca tutulduğu əbədi bir qələbədir.
İlahi, eşq və həqiqət yolunda canını fəda edən şəhidlərimizin ruhunu dərgahında nurlara qərq, məqamlarını Ali-İlliyin eylə; bu müqəddəs torpağın səbatını qoruyan qazilərimizə isə lütfündən səhhət, afiyət və mənəvi qüvvət bəxş et. Amin, ya Rəbbəlaləmin!
Seyyid Mübariz Eldar oğlu
AVMVİB-nin Neftçala rayon şöbəsinin sədri