ABŞ desantçılarının işlətdiyi «Geronimo!» nidasının maraqlı tarixçəsi
ABŞ desantçılarının paraşütlə təyyarədən atılarkən «Geronimo!» deyə qışqırmaq ənənəsi var. Bu şüar qorxusuzluğun, cəsarətin və hündürlükdən edilən cəsur sıçrayışın simvoludur. Bu məşhur hərbi ənənənin yaranma tarixi bilavasitə məşhur Apaçi lideri Geronimonun dözümlülüyünə və Hollivud mədəniyyətinə söykənir.
Ənənənin yaranmasının çox dəqiq bir tarixi hekayəsi var. 1940-cı ilin avqustu, Fort Benninq hərbi şəhərciyi (Corciya ştatı). ABŞ ordusu ilk dəfə olaraq eksperimental paraşütçü taboru formalaşdırırdı. Əsgərlər təyyarədən kütləvi şəkildə atılma təlimindən əvvəl olduqca gərgin və narahat idilər.
İlk qrup tullanışından bir gecə əvvəl əsgərlər yerli kinoteatra gedərək tarixi Apaçi liderinin həyatından bəhs edən «Geronimo» (1939) filmini izləyirlər. Filmdə Geronimonun ABŞ əsgərlərindən qaçmaq üçün at belində sıldırım qayadan çaya atıldığı səhnələr var idi.
Filmdən sonra klubda əsgərlər bir az pivə içib zarafatlaşarkən, taborun ən uca boylu əsgərlərindən biri olan sıravi Aubrey Eberhardt qorxmadığını iddia edir. Yoldaşları ona sataşaraq: «Təyyarənin qapısına gələndə qorxudan öz adını belə unudacaqsan!» deyirlər. Eberhardt cavabında deyir: «Yaxşı, sizə qorxmadığımı sübut edəcəm! Sabah o qapıdan çıxanda var gücümlə ‘Geronimo!’ deyə qışqıracam!».
Ertəsi gün, 29 avqust 1940-cı ildə Eberhardt təyyarədən atılarkən həqiqətən də qorxusuzca və uca səslə «Geronimo!» deyə hayqırır. Bu nida digər əsgərlərin də çox xoşuna gəlir və qısa müddətdə bütün ABŞ Hava-Desant Qüvvələrinin rəsmi döyüş şüarına çevrilir.
Niyə məhz Geronimonun adı? Çünki o dövrün Amerika populyar mədəniyyətində Geronimo adı artıq «heç bir təhlükədən qorxmayan, amansız şərtlərə meydan oxuyan və ələkeçməz» bir simvola çevrilmişdi. Desantçılar boşluğa atılarkən bu adı qışqırmaqla daxillərindəki qorxunu boğur, özlərini həmin əfsanəvi Apaçi döyüşçüsü kimi güclü və cəsur hiss edirdilər. Bu gün bu söz təkcə hərbçilər deyil, həm də paraşütlə tullanan mülki şəxslər, yüksəklikdən suya atılanlar və ya sadəcə riskli bir addım atan bir çox kəs tərəfindən bir həyəcan və cəsarət nidası kimi istifadə olunur.
Çox da uzaq olmayan tarixə baxsaq, kolonist Amerikalıların Geronimodan qorxmaq üçün haqlı səbəbləri var idi. Bu sadə bir Apaçi şamanı illərlə Amerika ordusunun generallarına köks ötdürüb, ağdərili köçkünlərin və ordunun qorxulu yuxusuna çevirilib. Zaman olub ki, ABŞ-ın cənub sərhədlərini müdafiə edən 5000 nəfərlik süvari qarnizonu onun 20-30 nəfərlik partizan qrupunu ələ keçirmək üçün səfərbər olub və nəticədə məğlub olub.
Ağdərililərin həqiqi mənada qənimi olub. 1886-cı ildə tayfasının ərzaqsız qalması səbəbilə orduya təslim olub və tayfası ilə birgə uzaq Florida ştanına sürgünə göndərilib. Qocalanda belə hökumət ondan ehtiyat edərək, vətəninə qayıtmaq istəyini geri çevirib. 1909-cu ildə hərbi əsir kimi vəfat edib.
Bugün adı Apaçilərin və bütün yerli Amerikalıların müqavimət hərəkatında əfsanəvi bir şəkildə xatırlanır…
Rafael Dağlı