40 əsgəri xilas edən komandirin Vətən müharibəsi xatirələri — Gözlərimiz dolmuşdu ki…
Ətrafımdakı insanların müharibə haqqında məndən belə bir statusu gözlədiklərini nəzərə alaraq bacardıqca qısa şəkildə yazmağa çalışacam. Heç unutmaram, bir jurnalist oğlana yaxınlaşıb soruşur ki, özünüzlə fəxr edirsiniz? Cavabında oğlan “Bəli” deyir. Jurnalist qız yenidən sual verir ki, nəyə görə özünüzlə fəxr edirsiniz? “Aprel döyüşçüsüyəm, ayağımda qəlpə yarası var” oğlan cavab verir. Süjet qızın əsgərə “Mən də sizinlə fəxr edirəm” deməsi ilə yekunlaşır.
Nə yalan deyim, içimdə o oğlanı həmişə qısqanırdım ki, bu adamın etdiyinin 10 faizini nə etmişəm, nə də görmüşəm. Taleh, qismət belə gətirdi ki, sizə bu statusu 4 qəlpə yarası almış, Horadizdə başladığı döyüşü Şuşada bitirmiş bir əsgər kimi yazıram. Xoşbəxtlikdən 3-ü sıyırdı, birindən yan keçə bilmədim. Tam əminliklə deyə bilərəm ki, bu gün özümlə fəxr edirəm!
Müharibə boyunca piyada qoşun növündə pulemyot manqa komandiri kimi fəaliyyət göstərmişəm və bütün həyatım boyunca özümlə qürur duyacağım bir iş görmüşəm. İnsan həyatını qurtarmağa vəsilə olmaq! Necə gözəl səslənir… Düşünəndə ki, hansısa ananın oğlunu evdə sevinclə qarşılamasında sənin də payın var, sözlə ifadə edə bilmədiyim bir hiss yaşayırsan. Çox detallara girmədən izah edim. Füzulidə gedən şiddətli döyüşlərdə təkbaşıma döyüş yoldaşlarımı 2-2.5 metrlik balota səngərdən çıxarmışam. Hansı ki, atəş altında idik və 15-20 metrliyimə mərmilər atırdılar, bu an necə oldusa, belə bir kəskin qərar verdim, bu əsgərləri buradan çıxaracam! Hiss etdim ki, sanki Tanrı məni əsgərləri oradan çıxarmaq üçün təyin etmişdi. Könüllü şəkildə digər döyüş yoldaşlarımın köməyilə səngərin üstünə çıxdım, həmin anlarda öz ruhumu bölüyə halal etmişdim. Artıq açıq hədəfəm, amma bu mənim vecimə də deyil. Əlavə yüklərimi kənara tullayıb döyüş yoldaşlarıma əl uzatdım, bir-bir səngərdən çıxarıb sağdakı mövqeyə doğru qaçmağı tapşırırdım. Hər əsgəri aşağıdan yuxarı dartıb çıxaranda daha da yorulmalı idim, amma mənim ürəyim rahatlanırdı ki, elə indicə burada məni vursalar da bilirdim ki, vurulduğum ana qədər məsələn, 10 əsgərə kömək etməyi bacarmışam. Bu qayda ilə 40-45 nəfərə kömək etdim, sonuncuya çatanda artıq sağ qolumu çiynimdən hiss eləmirdim, nəfəsim demək olar ki, kəsilmişdi, amma özümlə həyatımda heç olmadığı qədər qürur duyurdum.
Əlavə olaraq hücuma gedən zaman təxminən 3 metrliyimə düşən minaatan mərmisinin qəlpəsindən yaralanmağıma baxmayaraq, özümlə birgə yaralanıb şok vəziyyətinə düşən əsgərimizi atəş altından çıxarmışam. Hadisənin üstündən təxminən 1 ay sonra həmin oğlan hospitaldan salamat qayıtdı. Kamazdan düşən kimi qaçaraq məni qucaqladı və “Baxın, bu oğlan mənim xilaskarımdır” dedi… O an bütün döyüş yorğunluğum keçdi.
Ümumiyyətlə, şəhərdə orduya bir şüarla belə dəstək olan hər kəs bilməlidir ki, biz orada sizdən güc alıb vuruşurduq! Sağ olun ki, varsınız.
Döyüş hesabatını məruzə etdi: köhnə reaktiv artilleriya döyüş maşını komandiri (TKM), yeni piyada qoşunu pulemyot manqa komandiri və ya sadəcə sizin əsgəriniz Nurlan Məmmədov.
Hörmətlə!(Publika.az)