Orduya getmək istəyənlər onlayn müraciət edə bilərlər
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 8500-ə yaxın vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına elektron qaydada, həmçinin, qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək, könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar”.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Könüllü olaraq Vətənin müdafiəsinə yollanmaq istəyən minlərlə insan, o cümlədən müharibə veteranları Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə zəng edirlər.
AVMVİB NTK sədri Niyazi Quliyev bildirdi ki, məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə yaratdım. Məlum oldu ki, çox saylı müraciətləri nəzərə alıb onlayn müraciət bölməsi yaradıblar. Belə operativlik təqdirə layiqdir. Müraciət etmək istəyənlər SHXÇDX -ə məxsus seferberlik.gov.az vasitəsiylə asanlıqla qeydiyyatdan keçə bilərlər.
Niyazi Quliyev bildirdi ki, onlayn müraciət sisteminin yaradılması pandemiya dövründə vacib idi.
Elnur Səlim