Layiqli namizəd Hikmət Ağayevə səs verin!
Ağayev Hikmət Səttar oğlu 1966-cı il yanvarın 6-da Lerik rayonunun indiki Günəşli kəndində anadan olub.
Valideynləri işlə əlaqədar Bakı şəhərinə köçdüyündən Hikmət də ilk ibtidai təhsilini Nizami rayonunun 70 saylı məktəbində, daha sonra isə Binəqədi rayonunun 246 saylı orta məktəbində alır. Orta təhsilini başa vurduqdan sonra hərbi üzrə ali təhsil almaq üçün Şimali Osetiyanın Orcenikidze şəhərinə gedir, lakin orada sınaq imtahanlarından keçmədiyi üçün elə oradan da könüllü olaraq həqiqi hərbi xidmətə yola düşür. Silahlı qüvvələrin təlim alayında xidmət etdiyi vaxtlarda əldə etdiyi yüksək nailiyyətlərə görə valideynlərinə hərbi komandanlıq tərəfindən təşəkkür məktubları göndərilir. Daha sonra serjantlıq məktəbini bitirdikdən sonra 350 kursantın içindən cəmi 5 nəfər serjant rütbəsini alır və onlardan biri də Hikmət olur.
Hərbi xidmətini başa vurmağa az qalmış Hikmət hərbiçi olmaq arzusunu öz komandirlərinə bildirir. Komandirləri ona bu sahədə köməklik göstərir və o, yenidən lazım olan sənədləri yığaraq bir daha Şimali Osetiyada yerləşən Ümumqoşunlar Ali Hərbi Məktəbinə imtahanları uğurla verərək qəbul olur. Hərbi təhsilini başa vurduqdan sonra 1989-cu ildə SSRİ Silahlı Qüvvələrinin Sempolotski nüvə poliqonu deyilən məxfi hərbi hissədə zabit kimi bölük komandiri vəzifəsində hərbi xidmətə başlayır. 1992-ci ildə Xocalı hadisəsi ilə bağlı millətlərarası münaqişələr mövzusunda Xocalı soyqırımı haqda əsgərləri çəkinmədən məlumatlandırır. Bu hərəkətinə görə oranın xüsusi xidmət orqanlarının qara siyahısına düşür və buna görə onu çox incidirlər.
1992-ci ilin 28 aprel tarixində 2 körpə övladı və ailəsi ilə birlikdə Azərbaycana məzuniyyətə gəlir. Burada Dağlıq Qarabağda uğrunda gedən döyüşlərdə erməni qəsbkarlarına qarşı peşəkar zabit kimi Azərbaycan ordusunda nəyəsə yarıyaram deyə düşünür. Və bu niyyətlə də mayın 6-ı tarixində Müdafiə Nazirliyinə gedərək öz zabit vəsiqəsini orada təqdim edir. O vaxtı orada mayor rütbəsində olan Elman Orucov (hazırda Naxçıvan Hərbi Diviziyasında general-polkovnik rütbəsində xidmət edir) onun vəsiqəsinə baxandan sonra təklif edir ki, 704 saylı hərbi hissədə xidmət etmək üçün səhəri gün Biləcəri qəsəbəsinə gəlsin. Mayın 7-də Hikmət Ağayev Biləcəri qəsəbəsinə gələrək Elman Orucovla görüşür. Elman Orucov bir vərəqə onun tərcümeyi-halını yazandan sonra bildirir ki, sən burada 1-2 saat gözlə, mən nazirliyə gedib gəlirəm. Elə də olur, Elman Orucov nazirlikdən gələndən sonra ona hərbi geyim verilir və onun tabeliyində olan əsgərləri toplayırlar. Kalonun yola düşməyinə cəmi 2 saat vaxt qaldığından Hikmət tez evə gəlib ailəsi və uşaqları ilə görüşür və sanki sonuncu dəfə görüşürmüş kimi xatirə şəkli çəkdirib yenidən Biləcəri qəsəbəsinə qayıdır. Onu Dağlıq Qarabağda gedən döyüşlərə göndərərək bildirilir ki, kalon tərpənir, sən də kalona rəhbər gedirsən. Həmin axşamı Laçın rayonu istiqamətinə yola düşürlər. Laçın rayonuna çatırlar və orada döyüşlərdə briqada komandiri olan Elbrus Orucovun sərəncamına gəlirlər. Həmin ərəfədə Laçınla Şuşa arasında Turşsu adlı kənddə yerləşirlər və oradaca onları postlara bölürlər. Hikməti Zarıslı və Teleqüllə deyilən 2 post xidmətinə təyin edirlər. Daha sonra ona Kəlbəcər istiqamətində Laçının çıxacağında bir mövqe verirlər. Orada döyüş aparmaq üçün post qururlar və ermənilərə qarşı amansız mübarizə aparırlar. Hikmətin 50 günlük məzuniyyəti başa çatdığından o, könüllü olsa da yenə də briqada komandiri Elbrus Orucova bildirir ki, Rusiyadakı öz işlədiyi hərbi hissəyə qayıtmasa onu hərbi prokurorluğa verə bilərlər. Elbrus Orucov ona döyüşlərdə göstərdiyi şücaətinə görə öz təşəkkürünü bildirir və yenidən vətənə qayıdıb-qayıtmamağı barədə soruşur. Hikmət Ağayev bildirir ki, gedib qanuni formada oradakı hərbi hissədə işdən çıxıb mütləq qayıdacaq. Elə də olur. Ailəsi Bakıda qalır, özü yenidən Rusiyaya, hərbi hissəyə qayıdır. 1 həftə ərzində qanuni formada sənədlərini toplayaraq öz xahişi ilə oradakı hərbi xidmətindən azad olunur. Bakıya qayıdaraq öz hərbiçi sənədləri ilə yenidən Müdafiə nazirliyinə gedir, orada kadrlar şöbəsində polkovnik Qurban Əliyevlə görüşür və bildirir ki, 704 saylı hərbi hissədə zabit kimi könüllü olaraq döyüşüb.
Ona bildirirlər ki, 704 saylı hərbi hissə çax ağır döyüş mövqeyindədir. Hikmət bildirir ki, mən də elə məhz ona görə yenidən ora qayıtmaq istəyirəm. Ona göndəriş vərəqəsi verirlər. Səhəri gün Ağdama gedən kalonla yola düşür və 704 saylı hərbi hissənin Ağdamın Çəmənli kəndində yerləşən qərargahına gedir. Baş leytenant kimi ən ağır döyüşlərdə döyüşür və ona tapşırılan mövqeləri mərdcəsinə qoruyur. Abdal Gülablı istiqamətində döyüş əməliyyatı zamanı Hikmət rəhbərlik etdiyi 54 nəfərlik hərbi döyüşçüləri ilə mühasirəyə düşür. Ermənilər 8 saat döyüş aparsalar da onların müqavimətini qıra bilmirlər. Ermənilər onların ratsiya danışıqlarını eşitməsinlər deyə Hikmət qərargahla olan əlaqəni kəsir. Bütün məsuliyyəti öz üzərinə götürən Hikmət peşəkar hərbiçiliyi sayəsində güclü taktiki gediş edərək 54 nəfərin hamısını mühasirədən çıxardır. Uzaq məsafə qət etdiklərinə görə cəmi 1 nəfər yaralı olduğu üçün qanaxma nəticəsində şəhid olur. Ermənilərin onları əsir götürmək cəhdləri boşa çıxır. Bu əməliyyatda göstərdiyi şücaətinə görə Hikmət Ağayevə kapitan hərbi rütbəsi verilir. Döyüşlərdən sonra Hikmət Ağayev Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasını bitirir və daha sonra isə hüquq üzrə ali təhsil alır. Artıq 1993-cü ilin mart ayında onu yüksək peşəkar hərbiçi kimi Azərbaycan Respublikasının Ali Hakimiyyət İdarəetmə Orqanlarının Mühafizə İdarəsi kimi bir qurumun yaradılmasına kömək etmək üçün dəvət edirlər. Bu, həmin ərəfə idi ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəlmişdir. Həmin vaxtdan başlayaraq Hikmət Ağayev N saylı hərbi hissənin nəzdində xüsusi təyinatlarda döyüş görmüş və digər tanıdığı mərd oğullar arasında seçim edir.
Dövlət və dövlətçiliyimizi qorumaq üçün sədaqət prinsipləri üzərində xüsusi bir qurum yaradırlar. Bu illər ərzində Hikmət Ağayev 2 dəfə Heydər Əliyevlə şəxsi görüşdə olub və Ulu Öndər ona döyüşlərdə göstərdiyi şücaətlərinə və sədaqətli xidmətinə görə öz təşəkkürünü bildirərək hərbiçilər üçün Milli Qəhrəman statusuna bərabər olan ən yüksək ordenlə — «Azərbaycan Bayrağı” ordeni ilə təltif edib. Nəhayət, 1993-cü ilin iyun ayından başlayaraq 2016-cı ilə kimi düz 25 ilə yaxın Hikmət Ağayev dövlətin mühafizə xidmətində polkovnik rütbəsində zabit kimi xidmət edərək təqaüdə çıxır. Hikmət Ağayev təhlükəsizlik xidmətində işlədiyi dövrlərdə «Vətən uğrunda” medalı, «İgidliyə görə” medalı, hərbi xidmətdə fərqlənməyə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallar, xüsusi xidmətlərə görə 3 kateqoriyada olan medalların hamısı, Xüsusi Dövlət Mühafizə Xidmətinin «Fəxri əməkdaşı” medalı və bunlardan əlavə saysız-hesabsız yubiley medalları ilə təltif olunub.
Səhhəti ilə bağlı təqaüdə çıxandan sonra da daim vətənpərvər ruhda olan Hikmət Ağayev ictimai işlərdə öz fəaliyyətini davam etdirir. Belə ki, QHT-nin üzvü olaraq keçmiş döyüşçü yoldaşları ilə birlikdə orta məktəblərdə, tədris idarələrində, bütün hərbi hissələrdə görüşlər keçirir, tədbirlər təşkil edərək dövlət və dövlətçilik, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi yolunda və amalı mövzusunda çıxışlar edirlər. 2018-ci ildə Türkiyə Afrin savaşına başlayanda onlar burada «Azərbaycan əsgərindən Türk əsgərinə salam olsun” devizi altında şüar səsləndirirlər. Türkiyə dövləti də bu şüarı dəstəkləyir və onları rəsmi olaraq Türkiyəyə dəvət edirlər. Onlar Azərbaycan Qaziləri cəmiyyəti adından 10 gün Ankarada və 10 gün də İstanbulda Türk Qazilər dərnəyi ilə birlikdə dövlət səviyyəsində bir çox dövlət rəsmiləri və şəhid ailələri ilə görüşürlər. 2019-cu ilin oktyabr ayında Türkdilli dövlətlərin sammiti Bakıda keçirilən ərəfədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan protokoldan kənar özü onlarla görüş keçirərək xatirə şəkilləri çəkdirirlər.
Hikmət Ağayevin dedikləri:
«Biz vətənpərvərlik ruhunda Azərbaycanımızın sabahlarına elə bir miras qoymalıyıq ki, vətənimiz daim yaşasın. Bizim bir amalımız var, Azərbaycanın hər bir qarış torpağı bizim üçün əziz olmalıdır. Bu gün işğal olunmuş torpaqlarımız bizə olduqca əzizdir və əziz torpaq üçün biz candan da keçməyə hazır olmalıyıq. Biz öz aramızda həmrəyliyi itirməməliyik. Nə qədər ki, Azərbaycan var, Azərbaycan dövləti var, ali rəhbərimiz və müstəqilliyimiz var, bir Azərbaycan vətəndaşı olaraq hər birimiz üçrəngli bayrağımızın altında Ali Baş Komandanın ətrafında sıx birləşməliyik ki, düşmən də nəyə qadir olduğumuzu görsün. Bu gün Azərbaycan xalqı müharibədən qorxmur, biz sadəcə olaraq qan tökülmədən Azərbaycanın işğal olunmuş torpaqlarının hüquqi müstəvidə öz həllini tapmasını istəyirik. Mən bu gün də Ali Baş Komandanın müzəffər əsgəriyəm. Ali Baş Komandanın əmrindən sonra biz öz sözümüzü deməyə hazırıq. Mən əsgərlərlə səngərlərdə görüşəndə deyirəm ki, uşaqlar, siz indi birinci eşalondasınız, amma sabah müharibə başlasa siz 2-ci eşalon olaraq arxa cəbhədə olacaqsınız. Çünki ön cəbhə bizlikdir, öndə biz olacağıq.
Azərbaycan xalqı öz zəngin keçmişi ilə gələcəyə doğru yaşamağa layiq olan xalqdır. Onun üçün də deyirəm — Vətən sağ olsun! Yaşasın Azərbaycanımız! Mənim bir şüarım var: Qələbə Allahın, uğur Azərbaycanın olsun!»
Biz — ən iri müharibə veteranı təşkilatı AVMVİB olaraq deyirik: «Vətənin dar günündə öndə olanlar, vətəndaşın dar günündə də onun yanında olar. Bu bizim tövsiyəmiz. Layiqli el oğlumuz — Hikmət Ağayevə səs verin!»