AVMVİB Binəqədi rayon şöbəsi Zəfər Günü münasibətilə keçirilən tədbirdə iştirak etdi
9 Noyabr — Zəfər Günü ilə əlaqədar Binəqədi rayon Sukanal İdarəsində silsilə tədbir təşkil olunub. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Binəqədi rayon şöbəsinin rəhbərliyi və üzvləri, həmçinin Binəqədi rayon Sukanal idarəsinin rəisi Dəyanət Ənvər oğlu Seyidəliyev, idarənin rəis müavini Tural İlyas oğlu Quliyev, müharibə veteranları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra çıxış edənlər 9 Noyabr Zəfər Gününün əhəmiyyətindən, bu tarixi qələbənin xalqımızın birliyi, ordumuzun gücü və Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti sayəsində əldə olunduğunu vurğulayıblar.
Binəqədi rayon Sukanal idarəsinin rəisi Dəyanət Seyidəliyev çıxışında qeyd edib ki, Zəfər Günü təkcə hərbi qələbənin deyil, həm də milli ruhun və dövlətə sədaqətin təntənəsidir. “Bu gün biz azad Vətənimizdə şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizin fədakarlığı ilə qürur duyuruq. Bizim birliyimiz, həmrəyliyimiz və dövlətə sədaqətimiz bu Zəfərin davamlılığının əsas təminatıdır,” — deyə o çıxışında bildirib.
İdarənin rəis müavini Tural Quliyev də öz çıxışlarında dövlətimizin qazilər və şəhid ailələrinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək, bu ənənənin xalqımızın birliyini daha da gücləndirdiyini vurğulayıblar.
AVMVİB-in Mətbuat xidməti