AVMVİB kollektivindən Zəfər Gününə həsr olunan Anım ziyarəti
9 Noyabr — Zəfər Günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, eləcə də Bakı və Bakıətrafı rayon şöbələrinin sədrləri və üzvləri Hərbi Memorial Məzarlığını ziyarət ediblər. Mərasim zamanı şəhidlərimizin məzarları önünə gül-çiçək dəstələri düzülüb, Vətən uğrunda canından keçən igid övladlarımızın ruhuna dualar oxunub.
Tədbirdə çıxış edən AVMVİB sədri Füzuli Rzaquliyev qeyd edib ki, Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsidir:
“Bu zəfər xalqımızın birlik və həmrəyliyinin, ordumuzun peşəkarlığının və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli liderliyinin təntənəsidir. Ulu Öndər Heydər Əliyevin möhkəm dövlətçilik xətti, onun qurduğu ordu və idarəetmə məktəbi bu qələbənin ideoloji və təşkilati bünövrəsini formalaşdırdı; bu gün həmin xətt Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar sahədə, şəhid ailələri və qazilərə sosial dəstək layihələrinin genişləndirilməsində, mədəni irsimizin bərpasında göstərdiyi ardıcıl fəaliyyət milli həmrəyliyin daha da güclənməsinə xidmət edir. Zəfərin ardınca həyata keçirilən Böyük Qayıdış, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, azad edilmiş şəhər və kəndlərimizdə həyatın bərpası bu dövlət siyasətinin real nəticələridir. Şəhidlərimizin əmanətini qorumaq, qazilərimizin yanında olmaq, bu qələbənin mənəvi yükünü və məsuliyyətini gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur. AVMVİB olaraq biz dövlətimizin, Prezidentimizin və ordumuzun yanında olmağa, Zəfərin ideya-siyasi xəttini cəmiyyətdə daha da möhkəmləndirməyə davam edəcəyik.”
AVMVİB sədrinin birinci müavini Vahid Abdurəhmanov çıxışında bildirib ki, Birlik Vətən müharibəsinin ilk günlərindən xalq və ordu ilə çiyin-çiyinə olub. Təşkilat daxilində yaradılan “Orduya Dəstək Qərargahı” vasitəsilə cəbhə bölgələrinə isti geyim, ərzaq, tibbi ləvazimat və zəruri vasitələr çatdırılıb, veteranlar ön xətdə əsgər və zabitlərimizin yanında dayanaraq onların döyüş ruhunu yüksəldiblər.
Vahid Abdurəhmanov onu vurğulayıb ki, Zəfər Günü yalnız keçmişə ehtiram deyil, həm də gələcəyə inamın, milli həmrəyliyin və dövlətə sədaqətin rəmzidir. O, şəhidlərimizin müqəddəs xatirəsinin daim uca tutulacağını, qazilərimizin fədakarlığının isə cəmiyyət üçün örnək olduğunu qeyd edərək, AVMVİB-in bundan sonra da dövlətin və ordunun yanında ardıcıl fəaliyyət göstərəcəyini bəyan edib.
Ziyarət iştirakçıları bildiriblər ki, AVMVİB bundan sonra da dövlətin və ordunun yanında olmaqda, şəhid ailələri və qazilərin hüquq və mənafelərinin müdafiəsində ardıcıl fəaliyyət göstərəcək.
Sonda şəhidlərimizin xatirəsi bir daha ehtiramla yad edilib, xatirə fotoları çəkdirilib.
AVMVİB-in Mətbuat xidməti











