AVMVİB sədri Füzuli Rzaquliyev: «Döyüşçülərin statusu təcili müəyyənləşdirilməlidir»

Sosial şəbəkələrdə son vaxtlar qazilərin, şəhid ailələrinin və müharibə veteranlarının şikayətləri, müraciətləri günbəgün artmaqdadır. Öncə bildiririk ki, nə yaxşı, bu sosial şəbəkələr var. Çünki öncə o yaşlılar heç olmasa edilən müraciətlərə standart cavabar yazırdılarsa, indiki gənc məmurlar heç müraciətləri oxumurlar.
Bütün bu problemlərlə bağlı yaranmış suallarla Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevə müraciət etdik.
— Qarşıdan Zəfər Günü gəlir. Xalqımızın 30 illik arzusunun çin olduğu bu günü necə qarşılayacaqsınız?
— Bu gün sadəcə bir gün deyil. Bu Vətən Tarixinin şanlı səhifələrindən biridir. Başda Ali Baş Komandanımız cənab İlham Əliyevin uzaqgörən və düzgün siyasəti sayəsində, onun hərbi strateqliyi sayəsində qəhrəman Azərbaycan Ordusu Tarix yazdı. İlham Əliyev milli məsələlərdə güzəştə getməyən liderdir. O, hakimiyyətə gələndən böyük zəfər gününə kimi, 17 il ərzində usanmadan, heç bir güzəştə getmədən Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı.
Azərbaycan prezidenti müharibəyə kimi ən geniş beynəlxalq arenalarda, ən yüksək kürsülərdə dəfələrlə bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Azərbaycan bu məsələdə heç bir güzəştə getməyəcək. Biz daim Komandanımızın yanında olduq. Daim onun əmrinə hazır olduğumuzu bəyan etmişik. Deyərdim ki, bu günü daha çox həsrətlə gözləyən sosial təbəqə bəlkə də elə müharibə veteranları olub. Çünki AVMVİB ölkənin ən iri ictimai birliyi olaraq 27 ildir ki, şəhidlərimizin və Qarabağın unudulmamasına həsr olunmuş minlərlə tədbirə imza atmışdıq. Vətən torpaqlarının azad edilməsini görmədən sıralarımızdan ayrılan müharibə veteranlarımızı rəhmətlə anırıq.
Bildirim ki, illərcə bölgə-bölgə işğal günlərini xəcalətlə və günahkar kimi qarşılamaqdaydıq. İnanın ki, şəhid döyüş yoldaşlarımızın məzarları qarşısında dayanıb onların qisasını almadığımızın ağrısı qəlbimizə dolurdu. Əlbəttə bu bizim qalib olaraq qarşıladığımız ilk Zəfər günüdür. Onu layiqincə qarşılamalıyıq. AVMVİB rayon şöbələri daxil silsilə tədbirlərimiz var və artıq demək olar ki, bu tədbirlərə artıq start verilib.
— Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Teyyub Ərdoğanın Qarabağa səfəri gözlənilir. Bu səfərə veteranların münasibətini bilmək maraqlı olardı?
— Xoş gəlib. Bildirim ki, Türkiyə Prezidenti Azərbaycan dövlət başçısı ilə birlikdə Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Füzulidə Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək, bölgədə çəkilən avtomobil yolunun və Zəngilanda Türkiyənin də dəstəyi ilə inşa ediləcək “Ağıllı aqropark” layihəsinin təməlqoyma mərasimlərinə qatılacaq. Ərdoğanın hər gəlişini alqışlayırıq. İlham Əliyevin Qarabağı bərpasında da Türkiyə ilə birgə fəaliyyəti xalqımız tərəfindən təqdir edilir və alqışlanır.
— Ali Baş Komandan İlham Əliyev: «Düşməni torpaqlarımızdan qısa müddət ərzində qovduğumuz kimi Qarabağı da qısa müddətdə bərpa edəcəyik» deyib. Qarabağa səfər etmiş şəxs kimi fikirləriniz maraqlı olardı. Tezliklə bərpa edilmiş Qarabağ reallığa çevriləcəkmi?
— Müharibədən cəmi 1 il vaxt keçsə də, Azərbaycan dövləti böyük quruculuq işlərinə start verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu tamamlanır, həmçinin Füzuli rayonunda hava limanının açılışı olacaq. Uçuş-enmə zolağının uzunluğu 2800 metr olan hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla malikdir. Strateji əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanı azad edilmiş bölgələrimizin inkişafı, ərazilərin bərpası, yüklərin daşınması, turizmin inkişafı üçün çox mühüm bir layihədir. Mən bir döyüşçü kimi Şuşada, Ağdamda, Kəlbəcərdə olmuşam. Müharibədən çıxmış bir ölkə kimi Azərbaycan bütün imkanlarını bərpa işlərinə yönəldib. Yollar çəkilir, minalar təmizlənir, elektrik təhcizatı, digər kommunikasiya xətləri yenidən qurulur və artıq ilk ağıllı kəndin tamamlanması istiqamətində işlər görülür. Məkrli düşmənin və onun havadarlarının birgə səyiylə torpaqlarımızın minalanması bu işlərin ləngiməsinin başlıca səbəbidir. Görülən işlərlə bağlı, hətta düşmənlər də öz həsədlərini gizlətmirlər.
Şuşaya ilk gedişim bir zamanlar döyüşdüyüm Daşaltı kəndində olduq. Yaranmaqda olan ordumuza qarşı «Qordi düyünü» kimi yaradılmış Daşaltı əməliyyatının, İkinci Qarabağ müharibəsində düyünün kəsildiyini görüb iftixar etdik. Bu müharibənin davamçılarımız tərəfindən necə məharətlə qisasımızın alınması artıq bəşəri bir fakta çevrilib. Öz oğlum İlkin Rzaquliyevin də bir zabit kimi bu qəhrəmanların sırasında olması və özümü də bu döyüşçülərlə son günədək çiyin-çiyinə olmaq şansını bizə verən Ali Baş Komandanımıza bir daha öz minnətdarlığımı bildirirəm. Prezident İlham Əliyevin məşhur bir fikri bütün istiqamətlərdə öz təsdiqini tapmaqdadır: «Ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. Azərbaycan onlara elə toy tutdu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar». Biz indi də elə Qarabağın bərpasıyla düşməni sarsıdan addımlar atmaqdayıq.
— Öncə bildirək ki, müharibədən dönmüş döyüşçülərin sosial şəbəkədə şikayətləri, müraciətləri günbəgün artmaqdadır. İstər əlillik dərəcələrinin verilməsi, onların cəmiyyətə adaptasiya olunması, təltiflərdə yol verilən yanlışlıqlar və s. sosial narazılığı günbəgün artırmaqdadır. Bunu kimlər edir və məqsəd nədir?
— Çox yerində verilmiş sualdır. Bəli, ordudan tərxis olunmuş gənc döyüşçülər Allah ümidinə buraxılıb. Şikayətlər anbaan artır. Hətta bu şikayətlərin çoxu yalnız sosial şəbəkələrin sayəsində ictimailəşdirildikdən sonra öz həllini tapır. Öncə sosial şəbəkədə bu işə yardımçı olan hər bir Azərbaycan vətənpərvərinə veteranlar adından öz minnətdarlığımı bildirirəm. Gənclərin kütləvi tərxisindən sonra bu problemin həllinə deyil, onu kəskinləşdirməyə çalışan əməllərlə rastlaşdıq. Müdafiə Nazirliyi bu insanlarla işləmək əvəzinə mövcud komissiyanın da qapılarını bağladı. Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi COVİD-19 pasportunu bəhanə edib özünü təcrid edir, Nazirlər Kabineti tam məqsədli bir şəkildə «Əlillik meyarlarının müəyyən edilməsi haqqında yeni qaydalar» yazaraq orada müharibə adını çıxdaş edir və SPİD-i xəstəlik sayan bu adamlar təxribatçı bir qanunu reallaşdıra bilirlər.

Ölkə prezidenti veteranlarla bağlı komissiya yaradır və Yaqub Eyyubovu sədr qoyan kimi ilk etiraz bildirən biz olduq. Çünki bu şəxsin bu sosial təbəqəyə aid qanunlara məqsədli şəkildə müdaxilələr etməsiylə tanıyırdıq və bu gün etdiyimiz müraciətlərə belə cavab vermir.
Onu bu məsələ ilə bağlı görən olmayıb. Həkim Tibbi Ekspert Komissiyasının kontuziya ilə bağlı olan əlillik dərəcələrini kütləvi surətdə ləğv etməsi sosial narazılığın artmasına yönələn addım kimi qiymətləndirilməkdədir. Çünki 27 ildir bu sindromu müalicə edə bilən bircə nəfər həkimin olmamasıyla bağlı illərdir ki, müraciətlər edirik. Sən demə bu cavanlar kontuziyanı da gözəyarı «müalicə edə bilirmişlər».
Bircə fakt deyə bilərəm ki, Əfqanıstanda Hollandiyadan olan sülhməramlı əsgərlər ölkələrinə döndükdən bir ay sonra hər birinə müharibə əlili statusu verilib. Amma biz aktiv döyüş əməliyyatlarında iştirak edən insanların əlilliyini aşağı salır və qəbul edilmiş qanunda müharibə adını məqsədyönlü şəkildə çıxarıblar.
Artıq 1 ildi ki, gənclərimiz ortada qalıb. Heç bir komissiya fəaliyyət göstərmir. Onların şikayətlərinə yalnış ictimailəşdirildikdən sonra reaksiyalar verilib. Hələ bəzi vətənşüvən internet resursları qondarma və 5-3 nəfərdən ibarət ictimai birliklərin naqis əməllərini antireklama çevirərək çaş-başlıq yaratmağa çalışırlar. Ölkənin ən çoxsaylı-83 minlik üzvü olan İctimai Birliyi kimi biz bu problemin bilicisi kimi biganə qala bilməzdik. Elə ona görə də öz Nizamnaməmizin müddəalarına uyğun bir şəkildə aktiv döyüş əməliyyatlarında iştirakı təsdiqlənən hər bir döyüşçünü heç bir vəsait ödənmədən və əlavə sənəd tələb edilmədən onları üzvlüyə biz qəbul etmişik. Özü də onların vəsiqəyə görə ödənəcək hər bir vəsaitdən azad edən də bizim Birlik olub. Bəziləri bu addımı öz adına çıxanda bilməlidir ki, bu tərxis olunan döyüşçülərin 20 min nəfəri bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvləridir. Biz dəfələrlə demişik və bir daha bildiririk ki, bu müharibədə minlərlə veteranımızın övladları döyüşüb. Onlar bizim övladlarımızdır. Biz onların yanındayıq və onların hüquqlarını sonadək müdafiə edəcəyik. Biz öz Ali Baş Komandanımıza inanırıq. Anında bu məsələlərə özü müdaxilə edərək, öz qalib əsgərinin hüquqlarını bərpa edəcək.

— Problemin həllini nədə görürsünüz?
— Bu problemə kompleks yanaşma olmalıdır. Müharibə əlilləri və müharibə veteranları haqqında qanunlar qəbul edilməlidir. Biz Qanun layihəsi hazırlayıb aidiyyatlı qurumlara göndərmişik. Bu problemə yanaşma tərzi dəyişməlidir. Mövcud Qanunlara riayət olunmur. Ona görə də Qanunların icrasına nəzarət mexanizmi olmalıdır. Özü də bu qurum bir başa Ali Baş Komandana tabe olmalıdır. Müharibə veteranlarına verilən 80 manat çox azdı. Yeni gəlmiş veteranların statusunun 1 il boyunca müəyyən olunmaması, təltif olunanlara medalların çatdırılmaması və s. kimi problemləri vaxtında həll etmək olar. Lakin elə bir irəliləyiş hiss olunmur. Biz gənclərə statusla bağlı bəzi döyüşçülərin 27 ildir status ala bilməməsini deməkdən artıq yorulmuşuq. Bu komissiya nə ilə məşğul olur, niyə çıxıb bircə açıqlama vermir? Döyüşçülərin statusu təcili müəyyənləşdirilməlidir. 1 il ərzində bircə söz deyə bilməyən bir komissiya nə iş görəcəyi bəlli deyil. Savaş bitməmiş biri hərbçilərin maaşını, biri müharibə əlillərinin əlilliyini, biri geri dönmüş döyüşçülərin statusunu, biri döyüşçünün təltifini kəsməklə kimə xidmət etdiklərinin fərqindədirlərmi? Bu faktlar və bu cür işlərə qol qoyanlar ciddi surətdə nəzarətə götürülməli və araşdırılmalıdır.
Yəni bu sahəyə diqqət artırılmalıdır. Bu şəxslərlə bağlı problem yaradanlar Ordumuzun Zəfərini həzm edə bilməyən daxili düşmənlərimizdir. Onlar öncə Ali Baş Komandanın uğurlu siyasətini və ordumuzun əsgərlərini hədəfə alaraq bu möhtəşəm Zəfərə kölgə salmağa çalışırlar.
Söhbətləşdi: Elnur Səlim