05.09.2026

Ədalətin mizanı və cəmiyyətin sınağı: Müəllim məqamı harada dayanır?

Xalqın gələcəyi və mənəvi sütunları onun elmə, mərifətə və ustadına verdiyi dəyərlə ölçülür. Bəşəriyyəti cəhalətin zülmətindən elmin nuruna çıxaran ilk qədəm müəllim nəfəsi ilə başlayır. Müqəddəs Quranın bəşəriyyətə nazil olan ilk nidası «Oxu!» (İqrə) əmri olmuşdur. Qələmlə öyrədən Xaliq insana bilmədiklərini bəyan etmiş, bu ilahi əmanəti yer üzündə daşımaq missiyasını isə müəllimlərə tapşırmışdır.
Cəmiyyətdə tutduğu mövqeyindən, hansı sahədə çalışmasından asılı olmayaraq, hər bir fərd — istər sıravi vətəndaş, istər alim, istərsə də ölkənin qanunlarını qəbul edən deputat — ilk dəfə «Ana» kəlməsini qələmlə yazmağı da, bu gün sahib olduğu peşənin sirrini də məhz müəllimindən öyrənib. Müəllim yalnız fənn tədris edən fərd deyil, o, bütöv bir millətin şüurunu və gələcəyini yoğuran mənəvi memardır.


Rəqəmlərin Acı Həqiqəti və Ədalətin Tərəzisi
Klassik fəlsəfə və kəlam elmində ədalətin ən kəsərli tərifi budur: «Ədalət — hər şeyi öz haqq etdiyi layiq yerə qoymaqdır.» Əgər cəmiyyətdə tərəzi pozularsa, mənəvi dəyərlər də aşınmağa, çökməyə məhkumdur.
Gəlin bu gün gözümüzü həqiqətə yumamadan müasir tərəzimizə nəzər salaq:
• Deputat təminatı: Bu gün Azərbaycanda sıravi bir Milli Məclis deputatının aylıq vəzifə maaşı 2 485 manat təşkil edir. Əgər o, bir komissiyanın üzvüdürsə, buna əlavə olaraq 621,25 manat artım olunur. Müxtəlif komissiyalar, əlavələr və təminatlarla bir deputatın aylıq məvacibi təqribən 4 500 – 5 000 manata çatır.
• Müəllim təminatı: Cəmiyyətin bütün təbəqələrini yetirən müəllimin aylıq məvacibi isə dərs yükündən asılı olaraq ortalama 600 – 850 manat (orta hesabla 725 manat) təşkil edir.
Bizim heç kimin varında-dövlətində, qazancında gözümüz yoxdur. Ruzi verən Uca Yaradandır vər biz başqasının malına paxıllıq etməkdən uzaq olan bir irfan əxlaqına sığınırıq. Lakin mizan ortadadır: Müəllimin aldığı məvacib, onun yetişdirdiyi deputatın aldığı məvacibdən tam 6.8 dəfə azdır!
Fəlsəfi dərinliklə düşünsək, hansı mənəviyyat tərəzisi bu fərqi ədalət kimi qəbul edə bilər?


Cəhalətə Sükut Edənlər!
Ən acınacaqlısı isə bu mənzərə qarşısında susan, «mənə nə» deyib kənara çəkilən, müəllimin durumuna soyuqqanlıqla baxan laqeyd kütlənin mövqeyidir!
Ey bu haqsızlığa, bu mənəvi disbalansa göz yumub laqeyd qalanlar! Unutmayın ki, müəllimin mənəviyyatca sınması, onun günlük dolanışıq və maddi ehtiyaclar içində boğulması bütöv bir xalqın cəhalət bataqlığına yuvarlanması deməkdir. Müəllimi ehtiyac içində saxlayan cəmiyyət, öz gələcəyini cəhalətin pəncəsinə təslim edir!
Şeyx Nizami Gəncəvinin qərinələri yarayan hikmətini xatırlayın:
«Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.»
Həzrət Əlinin (ə) «Mənə bir hərf öyrədənin qulu-qurbanı olaram» kəlamını yalnız dillərində əzbər edib, əməldə müəllimin əməyini xor görənlər, buna göz yumanlar bilməlidirlər: Laqeydlik — cəmiyyətin mənəvi ölümüdür. Müəllimin qədrini bilməyən, onun əməyini layiqincə qiymətləndirməyən bir xalqın nə elmi tərəqqisi ola bilər, nə də milli izzəti!


Heydər Əliyevin müəllimlik peşəsi və müəllim məqamı haqqında dediyi ən məşhur və dəyərli kəlamlar:
«Mən dünyada müəllim adından uca ad tanımıram.»
«Bizim hər birimiz müəllim əməyinin bəhrəsiyik və həyatda əldə etdiyimiz uğurlara görə ilk növbədə müəllimə borcluyuq.»
«Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəsi vardır.»
«Cəmiyyət haraya gedirsə-getsin, nə qədər tərəqqi edirsə-etsin, müəllimə olan ehtiyac heç vaxt azalmır.»
«Gələcəyimiz müəllimlərin əlindədir. Biz gələcəyimizi etibar etdiyimiz insanlara həmişə diqqət və qayğı göstərməliyik.»
Atatürkün müəllim məqamı və təhsil haqqında digər görkəmli kəlamları:
«Millətləri xilas edənlər yalnız və yalnız müəllimlərdir.» (Orijinalı: «Milletleri kurtaranlar yalnız ve ancak öğretmenlerdir.»)
«Dünyanın hər yerində müəllimlər insan cəmiyyətinin en fədakar və ən hörmətəlayiq üzvləridir.» (Orijinalı: «Dünyanın her tarafında öğretmenler insan topluluğunun en özverili ve saygıdeğer unsurlarıdır.»)
«Cəmiyyətin düşməni cəhalət, cəhalətin düşməni isə müəllimdir.» (Orijinalı: «Toplumun düşmanı cehalet, cehaletin düşmanı öğretmendir.»)
Müəllimlərin əməkhaqqı bütün sahələrdən üstün olmalıdır. Bu, sadəcə bir sosial tələb deyil, millətin varoluş və mənəviyyat məsələsidir.
İlahi və Rəbbim! — Bizim könüllərimizi laqeydlik mərəzindən, gözlərimizi həqiqətə qarşı kor olmaqdan qoru. Elmi xar, mərifət sahibini maddi ehtiyaclar qarşısında aciz etmə. Cəmiyyətimizə elmin, hikmətin və müəllim məqamının ali izzətini dərk etməyi nəsib eylə!

Seyyid Mübariz Eldar oğlu
AVMVİB-nin Neftçala rayon şöbəsinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: