29.08.2026

Həsrətin vüsal məqamı: Bir şəhidin dönüşü

“Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz.” (Bəqərə surəsi, 154) Fəna mülkündən bəqa aləminə, fani dünyadan əbədiyyət səltənətinə köç edənlər içərisində elə uca məqam sahibləri vardır ki, onların cismi torpağa, ruhu isə birbaşa ilahi dərgaha pərvaz edər. Vətən eşqi ilə Haqq eşqini bir tutan, canını canana fəda edən bu uca məqamın sahibləri şəhidlərdir. Belə mübarək ömür sahiblərindən biri də 1 iyul 1974-cü ildə Goranboy rayonunun Dəliməmmədli şəhərində dünyaya göz açmış qəhrəman Vətən övladı İsgəndərov Yusif Nurəddin oğludur.

1994-cü ilin 9 may tarixi… Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Goranboy rayonunun mərd oğulları mənfur düşmənin hiyləgər pusqusuna düşərək ağır sınaqla üz-üzə qaldılar. O qanlı döyüşlərdə Vətən torpağı şəhid qanı ilə suvarıldı, erməni vandallarının törətdiyi qətliam nəticəsində onlarla gəncimiz şəhadət şərbətini içdi. Atəşkəs elan olunduqdan sonra 200-ə yaxın mərd, igid şəhidimizin nəşi geri alındı. Lakin cəsədlərin tanınmaz halda olması, o dövrün ağır və keşməkeşli mənzərəsi səbəbindən böyük bir qarışıqlıq yaşandı. Bir ilahi hikmət və sirr olaraq, Yusif Nurəddin oğlunun nəşi əvəzinə, başqa bir naməlum şəhid qardaşımız onun məzarına tapşırıldı. Tam 32 il… Otuz iki illik səbr, intizar və mərdanə bir həsrət. İrfan əhli deyir ki, yerdə qalan hər sirrin bir açılış, hər ayrılığın bir vüsal zamanı vardır.

Nəhayət, Haqqın təqdiri və ədaləti təcəlli etdi; 32 illik qaranlıq pərdə aradan qalxdı, şəhidimiz İsgəndərov Yusif Nurəddin oğlunun mübarək nəşi tapılaraq öz doğma Goranboyuna, əbədi qərargahına gətirildi. Bu, sadəcə bir cəsədin torpağa tapşırılması deyil, köksündə Vətən məhəbbəti gəzdirən bir ruhun öz yurdu ilə mənəvi qovuşmasıdır. Bu əzəmətli vüsal və dəfn mərasimində, eləcə də bu gün 29.08.2026 ci il tarixində şəhidimizin üçüncü gün anımında AVMVİB-nin Goranboy rayon şöbəsinin sədri Elman Əvəz oğlu Məmmədov və təşkilatımızın bütün üyələri tam heyətlə iştirak etdilər. Eyni zamanda, Gəncədən gələn qonaqlar arasında Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının sədri Eyvaz Hüseynov və təşkilat nümayəndələri var idi. Onlar cəsur qazilərimizlə çiyin-çiyinə, şəhidimizin xatirəsini uca tutaraq kədərli ailənin yanında oldular.

AVMVİB-nin Goranboy rayon şöbəsinin sədri Elman Əvəz oğlu Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyevin və birliyimizin minlərlə fədakar qazisi adından şəhidimizin ailəsinə dərin hüznlə, lakin bir o qədər də böyük qürurla başsağlığını və salamlarını çatdırdı. İlahi! Sənin uca dərgahına üz tutaraq, şəhidimiz Yusif qardaşımızın ruhuna rəhmət, məqamına ucalıq diləyirik. Qoy onun mübarək qanı ilə suvarılan bu torpaqlarda həmişə sülh, bərəkət və haqqın nuru bərqərar olsun. Amin!

Elman Əvəz oğlu Məmmədov
AVMVİB-nin Goranboy rayon şöbəsinin sədri

Whats-App-Image-2026-08-29-at-23-03-33
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: