23.11.2024

Azərbaycan Qarabağda və sərhəddə atəş açılmadığını deyir

Azərbaycan Müdafiə Nazirliyi Ağdərə və Arazdəyən (Yerasx) istiqamətlərində atəş barədə Ermənistanda yayılan məlumatları təkzib edib.

«Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir».

Bundan əvvəl Ermənistanın Müdafiə Nazirliyi sərhədin Naxçıvan hissəsində Azərbaycan tərəfindən açılan atəş nəticəsində bir hərbçinin yaralandığını bildirib.

«Oktyabrın 9-da, təxminən saat 12:50 radələrində, müqavilə ilə xidmət edən hərbi qulluqçu, sıravi Misak Vardanoviç Xaçatryan Ermənistan-Azərbaycan sərhədinin Ararat rayonunun Yerasx hissəsindəki erməni mövqeləri istiqamətində Azərbaycan bölmələrinin açdığı atəş nəticəsində yaralanmışdır».

Şənbə günü Ermənistan mediasında yayılan daha bir xəbərdə Azərbaycanın Qarabağ bölgəsindəki Ağdərə istiqamətində açılan atəşlə yerli sakinin öldürüldüyü bildirilir.

Rusiya sülhməramlı qüvvələri xəbərə münasibət bildirməyiblər.

Yay aylarında Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalar nəticəsində ölən və yaralananlar olub. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Ötən il sentyabrın 27-də Ermənistan-Azərbaycan arasında baş verən və 44 gün davam edən İkinci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla başa çatıb. Həmin bəyanata əsasən, Rusiya sülhməramlıları atəşkəsə nəzarət etmək üçün Qarabağa yerləşdirilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: