14.09.2026

Şəhid Rafail Fətullayevin anım günüdür

Bu gün Azərbaycan Ordusunun igid hərbi qulluqçusu, Vətən müdafiəsində şücaətlə döyüşərək şəhidlik zirvəsinə ucalan Neftçala rayonunun Bankə qəsəbəsinin sakini Fətullayev Rafail Rüfət oğlunun anım günüdür.
Şəhid Rafail Rüfət oğlu 22 mart 2003-cü ildə Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuşdur. O, Azərbaycan Ordusunun həqiqi hərbi xidmət hərbi qulluqçusu (əsgər) olaraq Vətən sərhədlərinin qorunmasında mərdliklə xidmət etmişdir. Rafail 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törөtdiyi genişmiqyaslı hərbi təxribatın qarşısı alınarkən Kəlbəcər rayonunun Alagöllər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Rafail Fətullayev 14 sentyabr 2022-ci il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında ehtiramla torpağa tapşırılmışdır.
Bu gün şəhidimizin anım mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, dini xadimlər, eləcə də AVMVİB rəsmiləri və qurumun Bankə bölməsinin özəy sədri Arif Mehi oğlu iştirak edərək şəhid ailəsinin yanında olublar. Mərasimdə şəhidimizin əziz xatirəsi yad olunub, məzarı başında dualar oxunub. Sonda AVMVİB Bankə özəyinin sədri Arif Mehi oğlu şəhid atası ilə birlikdə məzarını ziyarət edərək xatirə şəkilləri çəkdirib.
Arif Mehi oğlu AVMVİB sədri Füzuli Rzaquliyev başda olmaqla minlərlə veteranın adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib və təşkilat olaraq hər zaman şəhid ailələrinin yanında olacaqlarını qətiyyətlə bildirib.
Allah bütün şəhidlərimizə, o cümlədən Rafail Fətullayevə rəhmət eləsin, ruhu şad olsun!

Seyyid Mübariz Eldar oğlu
AVMVİB-nin Neftçala rayon şöbəsinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: