Vicdanı ölənlərin şəhidə, qaziyə hücumu!
Bu xain qüvvə nə istəyir?
Dərd əlindən hər zaman nalan olan bilməz məni,
Hicr oduna könlünü biryan edən bilməz məni.
********
Qəm yükü altındakı bəxti qara məxluq tək,
Hər yetən naqis cahan, girifdar olmayan bilməz məni.
********
Qan içib meydanda biz qoyduq qüdrət şanını,
Qədrini bu torpağın na-əhl olan bilməz məni.
********
Can qoyub azad edən dəmlər səni ey doğma yurd,
Dərdə şəriki olub, na-mərd olan bilməz məni.
********
Şəhidimin pak adına ləkə yaxan alçaqlar,
Xainlərin nökərləri heç zaman bilməz məni.
********
Qəlbin qaysaq bağlayıb, Seyyida, bu dərddən bil,
Haqqa boyun bükməyən nadan, ta əzəldən bilməz məni.
14 Sentyabr 2026 ✍️ Seyyid Mübariz Eldar oğlu
Haqqın fəryadı.
Yazmağa əlim əsir, qələmim od püskürür. Dünən eşitdiklərimizdən, sosial şəbəkələrdə bu vicdansızların törətdiklərindən sonra dəli olmamaq, yanmamaq mümkün deyil.
İllər öncə – o qanlı savaş günlərində Şəhid Xudayarın səngərdən oxuduğu o məşhur mahnını eşidəndə hönkürtü ilə ağlayan, ürəyi parça-parça olan bu millət, indi hansı günə qalıb?
İndi həmin Xudayarın əziz ailəsinə, şəhid ocağına qarşı şayiələr uyduran, onları gözdən salmağa çalışan hövsələsiz, mənəviyyatsız qüvvələr baş qaldırıb.
Ey nankorlar, ey vicdanını şeytana satanlar! Siz bu xalqdan nə istəyirsiniz?!
Əvvəl əlil, sonra veteran, indi şəhid ailəsi: Sizin məqsədiniz nədir?
Bir zamanlar bu torpağın azadlığı uğrunda bədənini, ayağını, qolunu qoyan əlillərimizi “portala düşməmisən” deyə qapılardan geri çevirdiniz. O bəhanələrlə onları incitdiniz. Sonra bütövlükdə veteranlara hücum çəkib, əllərindəki köhnə döyməni bəhanə edib islamdan dəm vurdunuz, işə almadınız. Ömründə halalzadəliyi öyrənməyənlər işinə gələndə din qardaşı kəsilib haqq yedilər.
Amma indi həddi aşdınız! Gözünüzü dikdiniz bu torpağın ən müqəddəs ocaqlarına – şəhid ailələrinə! Şəhidlərin arxasınca çirkab atmaq, ailələrini hədəf almaq hansı namusa, hansı vicdana sığır?
Bir vaxtlar Xudayarın səsinə ayaq üstə durub ağlayanlar indi necə olur ki, bu alçaq şayiələrə göz yumur, bu xainlərin ayaq açmasına imkan verirlər?
Bu qüvvə nə istəyir?
Açıq deyirik, bir qazi olaraq hayqırıram: Bu milli kökümüzə düşmən olan qüvvələr məqsədli şəkildə bu xalqın mənəvi sütunlarını yıxmaq istəyirlər! Onlar istəyirlər ki:
• Qazi boynunu büküb küçədə qalsın,
• Veteran haqqını tələb edəndə bürokratik divarlara çırpılsın,
• Şəhidin əziz xatirəsi, ocağı ləkələnsin, millət öz müqəddəslərinə olan inancını itirsin!
Sizin o saxta qanunlarınız, bürokratik əngəlləriniz və cibinə görə fırlanan islamınız başınıza dəysin! İslam ədalətsizliyi, nankorluğu, yetimin və şəhidin haqqına girməyi lənətləyir. Siz isə dini də, qanunu da öz çirkin məqsədlərinizə alət etmisiniz.
Xalq hər şeyi görür!
Unutmayın! O qazilər portallara sığmasa da, o şəhidlər bu xalqın ürəyinə əbədi heykəl kimi kazınıb. Sizin bu alçaq hücumlarınız bizim iradəmizi qıra bilməz.
Bir qazi kimi hayqırıram: Bu xain gedişata son qoyulmalıdır! Xalq öz qəhrəmanına, şəhidinə, qazisinə sahib çıxmalıdır, çünki şəhidə və qaziyə uzanan əl qırılmalıdır!
14 Sentyabr 2026 ✍️ Seyyid Mübariz Eldar oğlu