28 GÜNDƏN SONRA NƏŞİ TORPAĞA TAPŞIRILAN ŞƏHİD ELMAZ ELMAR OĞLU HACIYEV
“Noyabrın 3-dən 4-nə keçən gecə yuxumda oğlumun Şəhid olduğunu gördüm…Elə həmin gün, yuxumda gördüyüm yerdə də Şəhid olub…” -28 GÜNDƏN SONRA NƏŞİ TORPAĞA TAPŞIRILAN ŞƏHİD ELMAZ ELMAR OĞLU HACIYEVİN ANASI ZİYAFƏT XANIM
Oğlum müharibənin başa çatmasına cəmi 6 gün qalmış, noyabrın 4-də, bir ayının tamamında Laçında Şəhid oldu. Ayın 3-dən 4-nə keçən gecə isə yuxumda oğlumun, Elmazımın Şəhid olduğunu görmüşdüm…
Bunu Bakının Xəzər rayonunun Binə qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidi Elmaz Elmar oğlu Hacıyevin anası Ziyafət xanım deyir…
***
Elmaz Elmar oğlu Hacıyev…
Əslən Şamaxılı, İkinci Çaylı kəndindən olan Elmaz 1994-cü ilin may ayının 9-da, Qələbə Günündə dünyaya gəlib.
9 may bəlkə də onun gələcək taleyinə, Şəhidliyinə bir işarə, bir işarətmiş…
Elmaz Bakı şəhərinin Binə qəsəbəsində yaşayıb ailəsi ilə birlikdə…
3 qardaş olublar, Elmaz da qardaşların ortancılıymış…
Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…
Hərbi xidmətini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb, bir neçə il öncə isə ailə həyatı qurub…
İki övladı-atasının adını verdiyi Elmarı və Yağmur adlı qız övladı dünyaya gəlib…
Elmarın 3, Yağmurun 2 yaşı var…
İkinci Vətən Müharibəsi başlayandan bir neçə gün sonra Elmaz da digər Vətən sevdalıları kimi Azərbaycan torpaqlarının müdafiəsinə, döyüşlərə yollanıb…
Bir ay çəkən döyüş yolu isə uzun olub…
Laçınacan uzun və şərəfli döyüş yolu keçib…
Döyüşüb, vuruşub, igidliklər göstərib və bir ayının tamamında, noyabrın 4-də Laçın uğurunda döyüşlərdə əvvəlcə ayağından, sonra isə yaralı döyüş yoldaşına kömək edərkən başından yaralanıb və qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…
Nəşini uzun müddət götürmək mümkün olmayıb…
Yalınız 27 gündən sonra, dekabrın 1-də nəşini əldə etmək mümkün olub və bir gün sonra, dekabrın 2-də Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb…
Ölümündən sonra medallarla təltif olunub…
***
Şəhidimizin anası Ziyafət xanım və qardaşlarının həyat yoldaşları ilə Elmazın məzarı başında tanış oldum, söhbətləşdim…
Dərdli, yaralı Şəhid anasına və Şəhidin yaxınlarına başsağlığı verdim, onlara Allahdan səbr dilədim, “Nur uzlü Şəhidimizin məkanı cənnətlik olsun, ruhu qarşısında baş əyirəm!”-dedim…
Şəhidimiz axırıncı dəfə ailəsi ilə Şəhidliyindən bir gün öncə, noyabrın 3-də danışıb…
Sonra ondan xəbər almaq mümkün olmayıb…
Şəhid anası övladının Şəhidliyindən yalnız bir həftə sonra, müharibənin başa çatdığı, Qələbə əldə edildiyi gün, noyabrın 10-da xəbət tuta bilib…
Övladının nəşini də 27 gündən sonra Şəhid olduğu yerdən, Laçından özü tapıb gətirib…
“Yuxumda gördüm ki, Elmaz əlində çanta dağdan üzü aşağı enir…Və bir ağacın yanına yaxınlaşır, əyləşir…Dedi ki, ana, mən, bax burada Şəhid olacağam…Elə yuxumda gördüyüm kimi də olub…Oğlum həmin yerdə, yuxumda gördüyüm yerdə Şəhid olub (Göz yaşlarına hakim ola bilmir)…Kaş bu yuxunu görməz olaydım…Oğlum, Elmazım yanımda, bizim aramızda olaydı…Onsuz çox çətindir mənə…”-deyə, Şəhid anası sonra söyləyir…
Allah Şəhidimizin, 26 yaşında Şəhidlik məqamına ucalmış Elmazımızın məkanını bir daha cənnətlik, məqamını ucalardan-Uca, dərgahını mübarək etsin!
Nur içində yatsın!
Allah ailəsinə-anasına, qardaşlarına, əzizlərinə səbr versin!
Amin!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Mənbə: Etikxəbər