05.06.2026

Şəhid Səlimov Asif Səlim oğlunun anım günüdür

Bu gün Qarabağ uğrunda gedən müqəddəs savaşlarda qəhrəmanlıq dastanı yazaraq Vətən yolunda canından keçmiş igid oğullarımızdan biri – Şəhid Səlimov Asif Səlim oğlunun anım günüdür. Səlimov Asif Səlim oğlu 05 iyun 1965-ci ildə Neftçala rayonunun Xanməmmədli kəndində dünyaya göz açmışdır. O, uşaqlıq illərindən Vətənə, torpağa və milli-mənəvi dəyərlərə bağlı bir insan kimi yetişmişdir. Azərbaycanın başı üzərini qara buludlar aldığı, torpaqlarımızın erməni işğalçıları tərəfindən təcavüzə məruz qaldığı ağır günlərdə Asif kimi qeyrətli oğullar tərəddüd etmədən Vətənin harayına səs verdilər. O da könüllü olaraq Azərbaycan Milli Ordusunun sıralarına qoşulmuş, cəbhənin ön xəttində xidmət etməyə başlamışdır. Qurani-Kərimdə buyurulur: “Allah yolunda öldürülənləri ölü hesab etməyin. Xeyr! Onlar diridirlər və Rəbbinin yanında ruzi verilirlər.” Bu ilahi müjdə Vətən uğrunda canını fəda edən bütün şəhidlərimiz kimi Asif Səlim oğlunun da mənəvi məqamını bəyan edir. Çünki şəhidlik sadəcə ölüm deyil, əbədiyyətə açılan müqəddəs qapıdır; haqqın, ədalətin və Vətən sevgisinin zirvəsidir. 1994-cü il yanvarın 17-də Ağdam istiqamətində gedən şiddətli döyüşlər zamanı Asif Səlim oğlu düşmənə qarşı mərdliklə vuruşaraq qəhrəmancasına şəhid olmuşdur. O, son nəfəsinə qədər müqəddəs andına sadiq qalmış, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda həyatını fəda etmişdir. Bu fədakarlıq təkcə bir əsgərin qəhrəmanlığı deyil, bütöv bir xalqın şərəf və ləyaqət salnaməsinin parlaq səhifəsidir. Filosofların dediyi kimi, insanın ömrü illərlə deyil, əməlləri ilə ölçülür.

Asif Səlim oğlunun ömrü bəlkə də zaman baxımından uzun olmadı, lakin onun adı Vətən tarixində əbədi həkk olundu. Çünki qəhrəmanlar torpağa deyil, millətin yaddaşına dəfn olunurlar. Onların məzarları yalnız bir qəbiristanlıqda deyil, milyonlarla insanın qəlbində ucaldılmış mənəvi abidələrdə yaşayır. Bu gün Neftçala şəhər qəbiristanlığında uyuyan Şəhid Asif Səlim oğlunun ruhu şaddır. Çünki uğrunda can verdiyi Azərbaycan bayrağı azad səmalarda qürurla dalğalanır. Qarabağın dağlarında, Şuşanın zirvələrində, Ağdamın düzlərində və Vətənimizin hər qarış torpağında şəhidlərimizin müqəddəs qanının izi vardır. O qan ki, millətin azadlığını, dövlətimizin müstəqilliyini və gələcək nəsillərin sabahını qoruyub saxlamışdır. Şəhidlər haqqında danışarkən əslində ölüm haqqında deyil, ölümsüzlük haqqında danışırıq. Çünki şəhidlik Allahın seçdiyi bəndələrə bəxş etdiyi ən uca məqamlardan biridir. Onlar cismani aləmdən köçsələr də, ruhən millətin mənəviyyatını yaşadan əbədi məşəllərə çevrilirlər. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev minlərlə müharibə veteranı adından, eləcə də AVMVİB-in Neftçala rayon şöbəsinin üzvləri adından Şəhid Səlimov Asif Səlim oğlunun əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir və şəhid ailələrinə dərin hüznlə səbir arzulayır. Başın sağ olsun, Vətən! Allah Şəhid Səlimov Asif Səlim oğluna və bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məqamları uca olsun! Amin!

Mübariz Eldar oğlu AVMVİB-nin Neftçala rayon şöbə sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: