Bir günün içində bir ömrün xidməti!
Bəzən bir günün içində bir ömrün mənası gizlənir. Elə günlər olur ki, saatların səssiz axarı insanın qarşısında bütöv bir həyat fəlsəfəsini açır. Yayın qızmar istisində insanlar istirahət üçün müxtəlif ünvanlara üz tutur. Bu, hər kəsin haqqıdır. Lakin Vətən sevgisini həyat amalına çevirmiş insanlar üçün xidmət anlayışı təqvimlə ölçülmür. Onların istirahəti də, yorğunluğu da, rahatlığı da Vətən adlı müqəddəs məfhumun kölgəsində qalır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) mərkəzi qərargahında keçirdiyim bir gün məndə məhz belə düşüncələr oyatdı. Hər otaqda bir ömrün mübarizəsi, hər masada bir Vətən hekayəsi vardı. Birliyin sədri Füzuli Rzaquliyev yenə iş başında idi. O, sadəcə bir ictimai təşkilat rəhbəri deyil. O, ömrünün ən məhsuldar illərini dövlətə, xalqa və Vətənə həsr etmiş mübariz bir Azərbaycan oğludur. Onun simasında Azərbaycan zabitinin qətiyyəti, dövlət adamının məsuliyyəti və xalq övladının mərhəməti birləşir. Vətən Müharibəsində qazanılmış möhtəşəm Zəfərin hər bir veteran kimi onun da qəlbində xüsusi yeri var. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əldə olunmuş tarixi qələbəni Azərbaycanın gələcək nəsillərinə ötürüləcək müqəddəs əmanət hesab edir.
Telefon zəngləri bir-birini əvəz edir, rayon şöbələrindən məlumatlar gəlir, yeni tapşırıqlar verilir, problemlər dinlənilir. O isə yorulmadan hər bir məsələyə diqqətlə yanaşır. Çünki yaxşı bilir ki, veteranların qayğısına qalmaq yalnız ictimai fəaliyyət deyil, həm də mənəvi borcdur. Onun üçün Vətən sevgisi sadəcə bir şüar deyil, həyat tərzidir. Bayraq sevgisi onun qəlbində, dövlətçilik düşüncəsi isə fəaliyyətinin hər addımında yaşayır.
Füzuli müəllim bəzən məsuliyyətsizliyə qarşı sərt mövqe nümayiş etdirir. Çünki bilir ki, dövlətə xidmət intizamdan başlayır. Tarix də göstərir ki, böyük qələbələr yalnız qəhrəmanlıqla deyil, eyni zamanda nizam-intizamla qazanılır. Elə buna görə də o, rayon şöbələrinin fəaliyyətinə xüsusi diqqət yetirir, onların daha çevik, daha fəal və daha təşəbbüskar olmalarını istəyir. Birliyin təşkilati işlər üzrə birinci müavini Vahid Abdurrəhmanov isə haqqın və ədalətin hüquqi müdafiəçilərindən biridir. Onun təmkinli danışığı, zəngin hüquqi biliyi və insanlara qarşı səmimi münasibəti diqqəti cəlb edir. Hər müraciətə qanunun prizmasından yanaşır, hər bir veteranın probleminin həlli üçün düzgün hüquqi istiqamət göstərir. Onun fəaliyyətində savad, təcrübə və vicdan bir-birini tamamlayır. Bu gün yüzlərlə veteranın haqqının bərpasında Vahid müəllimin əməyi və zəhməti vardır.
Digər tərəfdə isə Daşaltı əməliyyatının iştirakçısı, səssiz və təvazökar xidmət nümunəsi olan Niyazi Quliyev çalışır. Qarşısındakı sənədlər, əmrlər, çıxarışlar və təşkilati işlər arasında sanki görünməyən bir cəbhənin döyüşçüsünə çevrilib. O, sübut edir ki, Vətənə xidmət təkcə silahla deyil, məsuliyyətlə görülən işlərlə də mümkündür. Ən böyük xidmətlərin bəzən ən sakit insanların əllərindən çıxması həqiqətini Niyazi müəllimin fəaliyyətində aydın görmək olur. Bu təşkilatın gücü yalnız mərkəzi qərargahla məhdudlaşmır. Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən rayon şöbə sədrləri də bu böyük ailənin ayrılmaz hissəsidir. Onlar veteranların yanında dayanır, şəhid ailələrinin qayğıları ilə maraqlanır, dövlətçilik ideyalarını təbliğ edir, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verirlər.
Birliyin rəhbərliyi rayon şöbələrinin daha çevik fəaliyyət göstərməsini, təşkilati işlərdə daha fəal olmasını, kollektiv münasibətlərin daha da gücləndirilməsini daim diqqətdə saxlayır. Sevindirici haldır ki, bəzi rayon təşkilatları öz fəallıqları, keçirilən tədbirlərin yüksək səviyyəsi, ictimai nüfuzları və dövlətçilik mövqeləri ilə digərlərinə nümunə olurlar. Onlar sübut edirlər ki, birlik, təşəbbüs və fədakarlıq olan yerdə uğur da qaçılmazdır.
Qərargahın divarları arasında bir insanın xatirəsi də yaşayırdı — Fədai.az və Veteran.az mətbuat orqanlarının unudulmaz siması, mərhum Xəqani Rzaquliyevin xatirəsi. Onun qələmi illərlə veteranların səsinə çevrilmiş, haqqın müdafiəsində mühüm rol oynamışdır. Deyirlər insan yalnız unudulanda ölür. Xəqani müəllim isə dostlarının, silahdaşlarının və minlərlə veteranın qəlbində yaşadığı üçün yaşayır və yaşayacaqdır.
Həmin gün qərargahdan ayrılarkən bir həqiqəti daha dərindən dərk etdim. Vətən uğrunda döyüşmək böyük şərəfdir. Lakin qələbədən sonra həmin Vətənin qəhrəmanlarına xidmət etmək də ən az onun qədər müqəddəsdir. Füzuli Rzaquliyev, Vahid Abdurrəhmanov, Niyazi Quliyev və onların ətrafında birləşən yüzlərlə vətənpərvər insan məhz bu müqəddəs missiyanın daşıyıcılarıdır. Onlar səngərdə qazanılmış Zəfərin ictimai həyatda yaşadılması uğrunda mübarizə aparırlar. Onların fəaliyyəti göstərir ki, Vətən sevgisi döyüş meydanında bitmir; əksinə, ömrün son nəfəsinə qədər davam edən müqəddəs bir xidmət yoluna çevrilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, Müzəffər Ali Baş Komandanımızı, dövlətimizi və xalqımızı qorusun. Azərbaycan bayrağı daim zirvələrdə dalğalansın!
Mübariz Eldar oğlu
AVMVİB-nin Neftçala rayon şöbə sədri