«Göy girsin, qırmızı çıxsın» — Qədim türklərdə andın maraqlı tarixi
And içmək nədir? Yəqin ki, həyatımız boyu hər birimiz dəfələrlə and içirik. Bəs insan niyə and içir? Biz müqəddəs varlıqların, yaxud ən istəkli bir şəxsin adını çəkməklə dediyimizin həqiqiliyinə inandırmaq üçün and içirik.
Bineyi-qədimdən türk millətinin müxtəlif andları olub: “qılıncıma doğranım”, “göy girsin, qırmızı çıxsın”, “Göy haqqı”, “Od haqqı”, “Su haqqı”, “Torpaq haqqı” və s.
Türkiyə türkləri “yemin etmek”, Azərbaycan türkləri isə “and içmək”, “and içdim” deyirlər. Göründüyü kimi sözün təribində içmək sözü var. Bir çoxları düşünə bilər ki, bu adi söz birləşməsidir. Amma bu and içmək sözünün çox qədim bir tarixi var.
Qədimdə türklər aralarında bir məsələ ilə bağlı ayin həyata keçirəndə ovuclarını qılıncla kəsərək, çıxan qanı süd ilə qarışdırırdılar. Bu, inək, at və dəvə südü ola bilərdi. Qan ilə qarışdırılan süd tərəflər arasında içilirdi.
Bu ayinlərdə qardaşlıq süd ilə möhkəmləndirilirdi. Qan və südlə dolu kasa and adlanırdı. And içən insanları “anda” adlandırırdılar.
“Anda”lar verdikləri andı poza bilməzdilər. Andını pozan şəxs şərəfini itirmiş sayılırdı. Qədim türklərin inancı belə idi.
Xaqan türk dövlətini idarə etməyə başlayanda əvvəlcə xalqı və Tanrısı qarşısında “ant” içərək söz verir, and içirdi.
Çuvaş və altaylıların türk mifologiyasında “ant” sözünü “tobada” kimi işlədirlər. Bəzi yerlərdə bu söz “tupata” kimi yazılır və tələffüz edilir. Bu söz müsəlmanların “Vallah” və “Billah” sözləri mənasında işlədilir. Bəzi mənbələrin iddiasına görə, “toba doğru deyirəm” frazasının kökü də bu “tobada” sözündən gəlir.
Bir çox tədqiqatçı isə bu fikrin əleyhinə çıxır və bildirir ki, “toba doğru deyirəm” frazasındakı “toba” sözü İslam tövbəsindən gəlir.
Qıpçaqlar və yadlar, bələdçi və səyyahlar arasında iki cür andiçmə ayini var. Kedaranın hər bir oğlu yol yoldaşı ilə özünü bu andiçmə yolu ilə bağlayır. O, iynəni barmağına batırır və onunla yol gedəcək şəxsə uzadır. Yol yoldaşı iynənin açdığı deşikdən çıxan qanı sorur. Bu dəqiqədən sonra yol yoldaşı onun qanı və canı olur.
Başqa cür andiçmə ayini də var. İnsan sifəti formasında mis və dəmir qabı doldururlar. Səyyah və bələdçi bu qabdan içir. Bundan sonra bələdçi səyyahına heç vaxt xəyanət edə bilməz.
1100 il əvvəl macarların tarixində böyük bir hadisə baş verir. 7 macar tayfası arasında qan qardaşlığı təsis edilir. Macar türkoloqu və professoru Torma Yojef yazır: “Bu ritualın izlərini ilk dəfə Türkiyədə gördüm. Nevşehir vilayətinin Özkonak kəndində bu hadisə ilə rastlaşdım. Burada eyni cinsdən uşaqlar bir-birlərini bacı və qardaş kimi qəbul edirlər. Onlar biləklərini kəsirlər və qanlarını bir-birinə qarışdırırlar və bir-birlərinə hədiyyə verirlər. Bundan sonra isə bir-birlərinə tam etimad edib sirrlərini bölüşürlər. Mən bu məlumatı uşaqlıq xatirələrini paylaşan bir qadından almışam. O, bildirir ki, uşaq vaxtı rəfiqəsi ilə belə bir ritual həyata keçirib. Qadın əlavə etdi ki, oğlan uşaqları da öz aralarında belə andiçmə mərasimi həyata keçirirdilər. Bundan sonra Türkiyənin müxtəlif ərazilərində uşaqlar arasında belə bir adətin hökm sürdüyünün şahidi oldum. Bu məlumatlar mənim 1979-cu ildə şərqi Başqırdıstanda yazdığım və qeydə aldığım hadisələrə çox bənzərdir. Bu ərazidə qadınlar və ya qızlar rəfiqələrinə qarşılıqlı surətdə sirrlərini açaraq bir-birlərini yaxın dost kimi qəbul edirlər. Başqırdlarda rəfiqə, dost “əxirət”, “əxirətter” adlanır. Bu dostlar arasında bu söhbət hədiyyə mübadiləsi ilə müşayiət edilir. Amma qan qardaşlığı motivləri yoxdur. Bu andı içənlər qanlarını qarışdırmır və qan içmirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, bu adət ancaq qadınlar və qızlar arasında keçirilir.
Qan qardaşlığı ayinləri skiflər arasında da geniş yayılıbmış. Bir-birlərini qardaş elan edən şəxslər böyük bir qaba qan axıdır, silahlarını ora atırdılar. Bu silahlara qılınc, xəncər və ox aid idi. Sonra isə bu qabdan növbə ilə qan içərək and içirdilər.
Qədim türklərin andiçmə mərasiminə aid eramızdan əvvəl 1-ci əsrə aid tarixi məlumatlar var. Məlumata əsasən, Hun xaqanı Huhanye ilə Çin elçiləri Çan və Mın arasında imzalanan dostluq və qardaşlıq münasibəti Çin mirzələri tərəfindən qeydə alınmışdır. Rahib Hyacinth yazır: “Han və Hunlar bir sülalə təşkil edirlər. Nəsilləri boyu bir-birini aldatmaz, bir-birinə hücum etməz, oğurluq olanda bir-birinə məlumat verərlər. Oğrular cəzalandırılar, zərərlərin qarşılığı ödənər, hansı tərəfə düşmən hücum etsə, digər tərəf ordusu ilə kömək edər. Bu andı kim pozsa, Tanrı onu cəzalandırsın, nəsilləri boyu bu andın cəzası altında inləsin”.
Çin elçiləri Çan və Mın, hun xaqanı Huhanye və sərkərdələr No-Şuy çayının şərqindəki Hun dağına çıxdılar və bir ağ atı qurban kəsdilər. Xaqan səfərlərdə istifadə etdiyi ən dəyərli qılıncının ucunu şəraba batırdı və “ant”lı şərabı Tileçi xanın kəllə sümüyündən hazırlanmış piyalə ilə içdi. Çan və Mın Çinə qayıtdıqdan sonra saraydakı dövlət adamları belə bir ağır “ant” yükünün altına girdikləri üçün elçiləri danladılar və bu anddan qurtulmaq üçün Tanrıya qurban təqdim etməyi təklif etdilər.
VIII əsrə aid hadisələrdən bəhs edən bir Çin mənbəsi də uyğurlarla çinli sərkərdə arasında həyata keçirilən andiçmə mərasimini təsvir edir:
“Çinli sərkərdə dedi: “Tan sülaləsindən Göy oğluna on min il. Uyğur xaqanına da on min il. Hər iki hökmdar qarşılıqlı sülh içində olsunlar. Onlardan hansı bu əhdi pozsa, savaşda canı çıxsın, soyu qurusun”.
“Ant” şərabı gətiriləndə Uyğur sərkərdələri: “Sənin andınla ant edirik”- dedilər.
VI əsrdə yaşayan avarların xaqanına aid edilən bir andiçmə mərasimi Bizans tarixçisi Menander tərəfindən qələmə alınıb. Bu ant Bizans və avarlar arasındakı sözləşməni razılaşdırmaq üçün nəzərdə tutulmuşdu.
Avar xaqanı Bayan belə and içib: “Sava üzərində körpü qurmaqla romalıları çətin vəziyyətə salmaq niyyətində isəm, mən Bayan məhv olum. Bütün avarlar məhv olsun. Göy üstümüzə yıxılsın. Göy Tanrının alovlu oxları bizi öldürsün. Dağlar və meşələr başımıza yıxılsın. Sava suyu daşaraq bizi udsun”.
Ərəb tarixçiləri də türklərin adət-ənənələrindən bəhs edəndə and mövzusuna toxunublar. X əsrin birinci yarısında yaşayan və əsər yazan İbn-ül-Fakih yazırdı: “Türklər misdən hazırlanmış bir bütün önündə and içərmişlər. Bütün önündə içində su olan bir qab var. Suyun içinə qızıl və bir ovuc buğda atırlar. Qabın altında bir ədəd qadın paltarı var. And içən: “Andımı pozsam, qadın paltarı geyinəcəm, məni buğda kimi biçsinlər, üzüm qızıl kimi saralsın”-deyərmiş”.
Mahmud Qaşqarlı da türklərin qədim andları barədə yazıb. O, “göy girsin, qırmızı çıxsın” andını belə izah edirdi:
“Bu sözün başqa bir mənası var. Qırğız, tabaku, qıpçaq və digər türk tayfaları and içəndə qılınclarını çıxarıb “göy girsin, qırmızı çıxsın” deyərlər. Yəni, sözümdə durmasam qılıncım qanıma bulansın, dəmir məndən qisasını alsın. Çünki türklər dəmirə təzim edirlər”.
“Dədə Qorqud” dastanında da oğuz igidlərinin andları qarğışlardan ibarətdir. 12-ci boyda isə bildiyimiz mənada nəyəsə əl vurub and içmək barədə məlumat var.
Bamsı Beyrək Qazan Xana asi olmayacağını bildirir: “Mən Qazanın nemətini çox yemişəm, bilməsəm, gözümə dursun! Qara qoç qazılıq atına çox minmişəm, bilməsəm mənə tabut olsun! Gözəl qaftanlarını çox geyinmişəm, bilməsəm kəfənim olsun! Qırmızı dərgah otağına çox girmişəm, bilməsəm mənə zindan olsun!”.
Beyrək belə and içib: “Oğuz elinə sağ-salamat çatsam, gəlib səndən halallıq almasam, qılıncıma doğranım, oxuma sancılım, yer kimi aralanım, torpaq kimi sovrulum”. /Ölkə.az/