15.10.2024

Şuşanın verilməsi ilə bağlı MƏXFİ SƏNƏDLƏR — Səfər Əbiyev, Rəhim Qazıyev və DAHA KİMLƏR?

”Nizami Bəhmənov A.Mütəllibova dedi ki, Şuşanı Yaqub Məmmədovu yıxmaq üçün qəsdən verdilər».

Bizim.Media xəbər verir ki, bunu 1992-ci il martın 6-dan mayın 18-dək prezident səlahiyyətlərini icra etmiş Yaqub Məmmədov deyib. O, sözlərinin davamında bildirib ki, «Biz Türkiyə və Rusiyanın da bu prosesdə iştirakına çalışsaq da, onlar buna maraq göstərmədilər. 

Mayın 6-7-də Tehran danışıqlarında Rusiyanın xarici işlər naziri Kozırev də iştirak etməyə söz versə də, gəlmədi.

Levon Ter-Petrosyanla münaqişənin sülh yolu ilə həlli ilə bağlı sənəd imzalanandan sonra mayın 8-i səhər biz Tehran hava limanına gələndə xəbər verdilər ki, ermənilər Şuşaya hücum edib.
 

Dərhal İran prezidenti Rəfsəncaniyə xəbər göndərdim ki, belə bir məlumat veriblər, bu nə deməkdir? O da bildirdi ki, bu ola bilməz, danışıqlar indicə bitib, siz narahat olmayın, Ter- Petrosyanla məsələni aydınlaşdırıb sizə məlumat verəcəm və ondan təcili tədbir görməsini tələb edəcəm. 


Mayın 8-i gündüz saat 2-3 radələrində Bakıya gəlib təkrar Rəfsəncani ilə danışdım. O dedi, Petrosyanla danışmışam, and-aman edir ki, bu hücum planından xəbəri olmayıb. Tehran bəyanat verdi və Petrosyanı qınadı. Sonra Buşa, Yeltsinə və Dəmirələ də zəng edib etirazımı bildirdim, ermənilərə qarşı sərt tədbirlər görülməsini tələb etdim».

Maraqlısı budur ki, həmin dövrdəki Baş Qərargah rəisi Şahin Musayev də Şuşanın işğalını yalan adlandırıb. Gecə saat 2-də isə Afiyəddin Cəlilov Yaqub Mahmudova zəng vurub ki, Şuşa işğal olunub. Bu xəbərlə çağırılan Müdafiə Şurasının iclasına Rəhim Qazıyev qatılmayıb. Lakin ən çox qınanan Şuşa komandiri Elbrus Orucov idi.

O isə istintaqda günahkar kimi Şahin Musayevi görürdü və baş qərargah rəisini Bakıya yalan məruzələrdə ittiham edirdi.

Nizami Bəhmənovun sözlərinə görə, Xocalı faciəsi Ayaz Mütəllibovu yıxmaq üçün idisə, Şuşanın verilməsi Yaqub Mahmudovun istefasına hesablanmışdı. Və bu, AXC-nin hakimiyyət davasıdır. Amma işğal günü gecə saat 4-də tapılan Rəhim Qazıyevin də qalmaqallı ittihamı var idi:
 

«Səfər Əbiyev 12 tankı və 100-ə yaxın əsgəri Zəngilan-Qubadlı yolunda qoyub qaçmışdı» Maraqlı digər fakt isə odur ki, ermənilərin hücumuna saatyarım qalmış Şuşadakı 777 nömrəli batalyonun 25 hərbçisi məzuniyyətə göndərilib. Bundan başqa Şuşa Ərazi Özünümüdafiə Taborunun komandiri Fəxrəddin Səfərov açıqlayıb ki, «Bizi Şuşadan şayiə və panika gücünə aldadıb çıxardılar».


Digər Şuşa döyüşlərinin iştirakçıları erməni yox, Amerika formasına oxşar geyimdə olan ruslarla döyüşdüklərini vurğulayıblar. Həmçinin Şuşaya yandırıcı bomba atılacaq xəbərdarlığı ilə şəhəri tərk etmək əmri də verilib. Sonuncu məlumatı təkzib edən zabitlər də var. Lakin nəticə odur ki, Xocalı və Şuşa işğallarında Azərbaycan Xalq Cəbhəsinin adı hallanır. 

AXC lideri olan Əbülfəz Elçibəyin vəfatından sonra partiyaya Əli Kərimli rəhbərlik edir. Əli Kərimli 1989-cu ildən fəal AXC üzvüdür. 

Cəbhədəki satqınlar arasında sadalanan adlardan biri Elbrus Orucovdur. General-mayor olan Orucov Müdafiə Nazirliyində Baş Əməliyyat İdarəsinin rəisi olub. 2017-ci ildə ölkə başçısı tərəfindən istefaya göndərilib. Xatırladaq ki, Şuşa işğalı zamanı Elbrusun içib yatdığı da iddia olunur.

Rəhim Qazıyev də cəzasını həbsxanada çəkib çıxıb artıq. 

Şahin Musayevlə bağlı sonuncu xəbər 2018-ci ilə aiddir. Belə ki, Azərbaycan tərəfi adı çəkilən generalın Rusiyadan ekstradisiyasını tələb edib, ancaq ruslar onu azadlığa buraxıb. Bakının o zamankı ittihamı Şahin Musayevin 90-cı illərin sonlarında milli lider Heydər Əliyevə qarşı sui-qəsd cəhdi olub. Deyilənə görə, ermənilərə Daşaltı əməliyyatının planını da Şahin Musayev verib.

Səfər Əbiyev 1995-2013-cü illər ərzində Azərbaycanın müdafiə naziri olub. 1992-ci ildə I Qarabağ müharibəsində Şahin Musayevin müavini idi. Deyilənə görə, Nəcməddin Sadıkovla dostluq edirlər.
 

2020-ci ildə onun yoxa çıxması araşdırmalarından sonra məlub olub ki, Əbiyev Rusiyada yox, Türkiyədədir və müalicə alır. Səfər Əbiyevə ünvanlanan ittihamlardan biri də onun dövlətdən ayrılan pulu «təzə adı ilə köhnə silah»lara xərcləməsidir. Nəticədə külli miqdarda pul mənimsənilib. 


Ümumiyyətlə, istənilən sahədə xainlərin olması xoşagəlməzdir. Hətta qəbul edilməzdir. Atalar demişkən, «Meşə çaqqalsız olmaz».

«Sapı özümüzdən olan baltalar»ı tanımaq lazımdır, amma bu baltanı düzəldənləri də bilməliyik. 

Axı Tehran görüşünə Rusiya XİN rəhbəri qatılmadı, Rəfsəncani ilə Petrosyan Bakını sülhlə aldatdı. Həmin vaxt isə Şuşada ermənilərlə çiyin-çiyinə ruslar da döyüşürdü…

Anar Rəhimov, Bizim.Media

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: