26 il evinə yol gələn şəhidimiz…

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Veteran.az-ın əldə etdiyi məlumatda deyilir:

«Prezident İlham Əliyevin tapşırığına əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) Azərbaycan Respublikasının Baş prokuroruna müraciəti üzrə Bakı Hərbi Məhkəməsinin Qərarına uyğun olaraq, 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistan Respublikasının silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilən şəhidlərə aid meyit qalıqları ekshumasiya olunub.

Həmin məzarlıqda yaxınlarının dəfn olunduğunu ehtimal edən 8 itkin ailəsinin iştirakı ilə Dövlət Komissiyası, Respublika Hərbi Prokurorluğu və Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-Birliyi tərəfindən 2019-cu ilin iyul ayında həyata keçirilmiş ekshumasiya prosesində 12 naməlum meyit qalığı müəyyən edilərək müvafiq nümunələr götürülüb. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ekshumasiya prosesinə texniki və ekspert dəstəyi göstərib.

Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-Birliyinin mütəxəssisləri tərəfindən aparılmış molekulyar-genetik ekspertizanın nəticələrinə əsasən, meyit qalıqlarından və dəfn edilən şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülən nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin iddiaçı Məmmədova Yasəmən Vəlyəddin qızı ilə valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib. Eyni zamanda meyit qalıqlarının ekshumasiyası və molekulyar-genetik ekspertizasının yekunu ilə bağlı nəticələrə dair itkin ailələrinə ətraflı məlumat verilib.

Yasəmən Məmmədovanın atası – Yevlax rayon sakini, Müdafiə Nazirliyinin 702 nömrəli hərbi hissəsində xidmət etmiş, 1971-ci il təvəllüdlü İbrahimov Vəlyəddin Səhrab oğlu 1994-cü il yanvarın 19-da Füzuli rayonu ərazisində gedən döyüşlərdə itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Şəhid Vəlyəddin İbrahimovun nəşi ailə üzvlərinin istəyi ilə Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Hərbi rituallara uyğun dəfn mərasimi Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Komissiyası, İmişli və Yevlax rayon icra hakimiyyətlərinin təşkilatçılığı, şəhid ailəsinin, ictimaiyyətin, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında müəyyən edilmiş digər 11 naməlum meyit qalığının eyniləşdirilməsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı tanınmadan dəfn edilmiş şəxslərə aid meyit qalıqlarının ekshumasiyası işi Dövlət Komissiyası ilə BQXK arasında 2008-ci ildə imzalanmış çərçivə sazişinə uyğun olaraq mərhələli davam etdirilir».

«Onun ölüm xəbərini internetdə oxudum”.

Bunu Qaynarinfo-ya açıqlamasında şəhid Vəliəddin Sehrab oğlu İbrahimovun həyat yoldaşı Məlahət İbrahimova deyib. Onun sözlərinə görə, bu müddət ərzində onlar Vəliəddin İbrahimovu itkin biliblər:

«Vəliəddin itkin düşmüşdü. Biz onu axtarırdıq. İnanırdım ki, Vəliəddin sağdır. Ümid edirdim, düşünürdüm ki, nə vaxtsa qapımızı döyəcək. Allahın qədəri belə oldu. Mən onu sağ gözləyərkən ölüm xəbərini aldım. Bir gün axşam evdə tək idim. İnternetdə nəsə axtarırdım. Birdən baxdım ki, naməlum şəhidlərin fotoları. Biri diqqətimi çəkdi, yaxınlaşdıranda baxdım ki, qonşumuz Tərlan. Vəliəddin də onunla getmişdi. Sonra birdən fotoların arasında Vəliəddini gördüm. O anda ev başıma yıxıldı. Axı mən onu bu müddətdə sağ bilirdim”.

Məlahət İbrahimov qeyd edib ki, ailə səhəri bir başa İmişli qəbiristanlığına yollanıb:

«Əlaqədar qurumlara müraciət etdim. Qardaşlarından və qızından analiz götürüldü. Təsdiqləndi ki, bu naməlum şəhid Vəliəddindi. Onun ölüm xəbərini alan günə kimi hər gecə yuxuma gəlirdi. Elə bir geçə yox idi ki, yuxuma gəlməsin. Amma ölüm xəbəri çıxandan sonra yuxularımdan çəkilib”.

Xatırladaq ki, V. İbrahimov 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olub. Onun nəşi tanınmadığı üçün İmişli rayonundakı «Şəmmədli” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə naməlum şəhidlərə aid meyit qalıqları ekshumasiya olunub və müvafiq nümunələr götürülüb. Daha sonra naməlum şəhidlərin dəfn edilən qalıqlarından və şəhidin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülən nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib.

Açılan məzardan Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü şəhid Vəliəddin Sehrab oğlu İbrahimovun Azərbaycan Bayrağına bürünmüş tabutu Yevlax rayonuna yola salınıb və bu gün 15:00-da Yevlax şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share