18.04.2024

Hərbi geyimi qanunsuz daşıyanlar cərimələnə bilər

Bir neçə müddətdir ki, ölkə gündəmində Vətən müharibəsindən sonra hələ də bəzi şəxslərin hərbi geyimdən istifadə etməsi ilə bağlı məsələ müzakirələrə səbəb olub.

Qafqaz.media xəbər verir ki, sözügedən məsələ ilə bağlı REAL TV-nin efirində yayımlanan süjetdə qeyd edilir ki, müharibənin başa çatmasından 1 ildən artıq vaxt keçməsinə baxmayaraq, yenə də regionlarda və Bakıda hərbi geyimli şəxslərə rast gəlinir. Belə ki, hərbi xidmətdən tərxis olunan hərbi qulluqçularla yanaşı, ümumiyyətlə xidmətdə olmayanların hərbi formada gəzməsi sanki dəb halını alıb. Qanun isə bütün hallarda hərbçi olmayan şəxslərin hərbi forma geyinməsini qadağan edir. Azərbaycanda hərbi geyim formasının daşınması Prezidentin 2021-ci il 25 iyun tarixli fərmanı ilə tənzimlənir. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən  hərbi geyim formasını qanunsuz daşımağa görə cərimə də nəzərdə tutulub və bu halda geyim müsadirə olunur. 

Hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, qanunvericilik hərbi xidmətdən tərxis olunan hərbi xidmət qulluqçularına həmin geyimlərin daşınmasına görə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutur: 

“Hesab edirəm ki, bu faktların qarşısını almaq üçün həmin cərimələrin polis orqanları və hərbi polis orqanları tərəfindən tətbiq edilməsinin zamanı çatıb. Daha əvvəllər də şahidi olmuşuq ki, bir qrup insan bu hərbi geyimlərdən həm də xoşagəlməyən hallar üçün istifadə edirlər. Geyim formalarının mağazada satılmasına müəyyən məhdudiyyətlər qoyulmalıdır”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: