191 illik bir dərdin kölgəsində…

Elşad Əsgərov

Hələ dünyanın düz vaxtında biz bəxtəvər uşaqlar olanda atamın VEF radiosu vardı, axşamlar işdən gələndə onun qulağını ora-bura burub Təbriz radiosunu tutardı, şirin ləhcəylə Arazın o tayının xəbərlərini, musiqilərini, Şəhriyarın şerlərini dinləyərdik. O vaxt bu tayın ədəbiyyatı, incəsənəti o tay həsrəti ilə qovrulub yanırdı. Yerlimiz Məmməd Aslanın Araz qırağında yazdığı «Burdan Təbrizəcən nə yol qaldı ki?» uzun şerini kövrələ-kövrələ əzbərləmişdim.

O vaxt adamların indiki qədər dərdləri yox idi. Kənddə bir adam dünyasını dəyişəndə 1 il yas içində boğulurduq.

Sonra dünyamız dağıldı — müharibə, qaçqınlıq, qaranlıq illər və s. Ölənlər o qədər oldu ki, ölüm adi bir hala çevrildi.

Amma o tayla aramız açıldı, Təbriz o qədər də əlçatmaz olmadı. Biz getdik, onlar gəldi. Yolunu bir ömür gözlədiyimiz Təbriz özü bizə gəlmişdi. Təbrizdən bir dostum oldu Babək adında. Ailəvi dost olduq. Atasını, qardaşını vaxtsız itirdiyinə görə kədərdən gözü açılmayıb gec evlənmişdi. Çox istəyirdi ki bu taydan evlənsin. Uzun müddət idi ki, bu taya gəlməyinə qadağa qoymuşdu İran hökuməti. Tez-tez zəng edirdi ki, heç olmasa sən gəl. Mən də ki, başımı bu dünyanın işlərinə elə qatmışdım ki, nə yerdə idim, nə göydə.

Son vaxtlar Babəkin qaraciyərindən müalicə aldığını bilirdim. Son Qurban bayramında yazdığım təbrikə cavab almamışdım, elə bilirdim telefon problemi var. Amma dünən həyat yoldaşının yazdığı xəbərdən dəli oldum — Babək üç aydır dünyasını dəyişib.

Dünya başıma fırlandı, uşaq illərimin Təbriz radiosu yadıma düşdü, atam da onun dalğalarını qarışdırırıdı, Şəhriyarın öz səsiylə söylədiyi şerlər içimi sızladırdı:

Dedim balam, o Məmdəsən nolupdu?
Mə’lum oldu, tifil bala ölüpdü,
Nə var, nə var, burnundan qan gəlüpdü,
Bir yel əsir, baxısan Məmdəsən yox,
Bu kətdə bir burun qanı kəsən yox.

Heydərbaba, sənin göylün şad olsun,
Dünya varkən ağzın dolu dad olsun,
Səndən keçən tanış olsun, yad olsun,
Deynə menim şair oğlum Şəhriyar,
Bir ömürdür, qəm üstünə qəm qalar.

İndi Babəkin gömüldüyü torpağın üstə yağış yağır, gün çıxır, güllər açıb solur, buludlar ötüb keçir, rüzgar əsir.

Bir gün mütləq gəlib səni yoxlayacam, əziz dostum. Hələ məktəb yaşına çatmamış körpənə danışacam sənli xatirələrimi.

İki oğul itirmiş anana isə deyəcəyim bir təsəlli belə yoxdu…

Təqdim etdi:

Allahverdi Dərd

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •